Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:53

'Bravo'ya basqında suçlanan şəxs təqsirsiz olduğunu deyir: 'Kəlbətinlə üzümüzdəki, başımızdakı tükləri dartırdılar'


Təqsirləndirilən qismində altı nəfər hakim önünə çıxarılsa da, ittiham olunanların sayı yeddi nəfərdir.
Təqsirləndirilən qismində altı nəfər hakim önünə çıxarılsa da, ittiham olunanların sayı yeddi nəfərdir.

Əhmədli qəsəbəsindəki "Bravo" hipermarketinə silahlı hücuma görə həbs edilənlərdən biri – Azər Məmmədov olaya heç bir aidiyyəti olmadığını və bu cinayətlə bağlı məhkəmə önünə çıxarılan şəxslərin heç birini tanımadığını deyir. Onun sözlərinə görə, silahlı basqını törətməkdə suçlanan və hadisədən bir neçə saat sonra tutularkən öldürülən Ruhlan İsmayılovla tanışlığı üzündən doqquz aydan çoxdur həbsdədir.

"Bravo"nun girişindəki bankomatlardan birinə pul yükləyərkən inkassatora silahlı hücum nəticəsində bir nəfərin ölümü, birininsə yaralanmasında suçlanan yeddi nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

"Yolboyu danışmadı"

A.Məmmədovun 22 yaşı var. O, motosiklet təmiri və satışıyla məşğulmuş, Ruhlanla da satış elanlarını yayan saytların birində tanış olduğunu söyləyir. Ötən il təmir sexi açarkən R.İsmayılovu da işə götürüb. O, iki ay sonra işdən çıxsa da, ara-sıra servisə gəlib-gedirmiş.

Olaya gəlincə, A.Məmmədov deyir ki, həmin gün maşın bazarından ehtiyat hissələri alıb, ardınca da işə yollanıb: "Günorta saat 1 olardı, Ruhlan zəng elədi ki, "qazdan boğulmuşam, gəl, məni apar". İki ay əvvəl də qazdan boğulmuşdu. Bu dəfə gedib götürəndə gördüm ki, rəngi ağarıb, ayağını çəkir. Dedi ki, "Torqovı"da (paytaxtın Nizami küçəsində) düşürüm onu. Mən də apardım. Yolboyu danışmadı. Düşürüb, saat 4-5-ə işləmiş işə qayıtdım".

A.Məmmədovun dediyinə görə, işə gələndən bir qədər sonra ona polislər zəng edib Ruhlanla əlaqədar görüşmək istədiklərini, 3-cü mikrorayon dairəsi tərəfdə görüşmələrini deyiblər: "Orada məni maşına mindirdilər, dedilər ki, Ruhlanı düşürdüyüm yeri göstərim. "Torqovı"ya, sonra da Ruhlangilin evinə getdik. Ondan sonra məni "bandotdel"ə gətirdilər...".

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (el arasında "bandotdel" kimi tanınan yerə) öncə A.Məmmədova Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Sonradan "Bravo"ya hücumla əlaqədar başqa ittihamlar artırılsa da, o, üstündə narkotik olmadığını, sadəcə saxlanmasını rəsmiləşdirməkdən ötrü onu öncə bununla şərlədiklərini deyib.

"İşgəncələr maşından başlamışdı"

"Guya məni saat 5-in yarısında küçədə saxlayıblar, üstümdən narkotik çıxıb. İş yerimdən videogörüntülər var ki, ittihamda yazılan vaxtda mən işdə olmuşam. İşgəncələr maşından başlamışdı. Döydülər, maşında üstümə silah çəkdilər. "Bandotdel"də qeyri-insani davranırdılar. O qədər toka verdilər ki, indi də qolumda yeri qalıb. Kəlbətinlə üzümüzdəki, başımızdakı tükləri dartırdılar...", - A.Məmmədov, beləcə, işgəncələrdən də şikayətlənib.

O, "Bravo"ya basqının planlaşdırılma və törədilməsində iştirakını təsdiqləyən heç bir sübutun olmadığını da deyir. Təqsirləndirilən şəxs vurğulayıb ki, telefonu araşdırılıb, müxtəlif videogörüntülərə baxılıb, amma cinayətdə iştirakını təsdiqləyən heç bir fakt tapılmayıb.

Bu cinayətlə bağlı həbs olunan digər təqsirləndirilənlər də işgəncələrə məruz qaldıqlarını söyləyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Azad Məcidov qərar verib ki, işgəncə şikayətləri ilə əlaqədar həm Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, həm də Bakı İstintaq Təcridxanasına sorğular göndərilsin. İstintaq təcridxanasına sorğuda suç ehtimalı olan şəxslər ora köçürülərkən onların üzərində xəsarət izləri olub-olmamasıyla bağlı cavab istənilib.

İşgəncə faktının olub-olmamasının araşdırılmasından ötrü Baş Prokurorluğa da məktub göndərilməsinə qərar verilib.

Bu cinayət işiylə bağlı təqsirləndirilən qismində altı nəfər hakim önünə çıxarılsa da, ittiham olunanların sayı yeddi nəfərdir. Ruhlan İsmayılovun özü həyatda olmasa da, adı təqsirləndirilənlər arasındadır.

Hadisənin videosundan da görünür ki, basqına iki nəfər qatılıb. Təqsirləndirilən Dəyanət Qüdrətov Ruhlanla birlikdə cinayətin törədilməsində iştirakını məhkəmədə də təsdiqləyib. Amma o, istintaqdakı ifadəsini qəbul etmir və həmin ifadəyə işgəncə altında imza atdığını deyir.

Üç nəfər - Azər Məmmədov, İbrahim İbrahimov Səbuhi Qurbanov silahlı basqının törədilməsinə yardımda suçlanırlar.

Daha iki nəfərsə qanunsuz silah əldə etməyə yardım göstərməkdə suçlanıb. Bunlardan biri R.İsmayılovun atasıdır.

Xatırlatma

Olay martın 4-də günorta saat 12 radələrində baş verib. Nəticədə hipermarketin girişindəki bankomata pul yükləyən inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şeydayev isə yaralanıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda iddia edilir ki, cinayəti törətməkdə suçlanan Ruhlan İsmayılov həmin gün axşam saat 9 radələrində olduğu evdə saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Fəvvarələr meydanının yaxınlığındakı həmin evdə yaşayan İsmayıl Hacızadə də o gün həbs olunub. Ona qarşı narkotik ittihamı irəli sürülüb. O da Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca mühakimə edilir. İ.Hacızadə narkotik ittihamı əsassız sayır, heç vaxt ondan istifadə etmədiyini deyir.

Homoseksual olduğunu söyləyən İ.Hacızadənin sözlərinə görə, Ruhlanla öncədən münasibətləri varmış və olay günü günortadan sonra Ruhlan onun evinə gəlibmiş: "Mən haradan bilim ki, bu, belə bir hadisə törədib. Axşam qapı döyüldü, mən də açdım. Qapını açan kimi də bilmədim ki, nə baş verir. Güllələr başımın üstündə uçurdu. Heç Ruhlanın da necə öldürüldüyünü görmədim. Məni də sürüyə-sürüyə apardılar...".

XS
SM
MD
LG