Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:02

'Bravo'ya silahlı hücumda ittiham olunan şəxs öldürüldü, o evdəki adam da narkotik ittihamı ilə cəzalandırıldı


Azerbaijan -- The trial of the armed raiders to the "Bravo" hypermarket-2023
Azerbaijan -- The trial of the armed raiders to the "Bravo" hypermarket-2023

‘Bravo’ya silahlı hücumda ittiham olunan şəxs öldürüldü, o evdəki adam da narkotik ittihamıyla cəzalandırıldı

“Bravo” hipermarketində inkassatora silahlı hücumda suçlanan şəxsin tutulmasından ötrü Fəvvarələr Meydanında əməliyyat keçirilən evin sakini İsmayıl Hacızadə bir ildir həbsdədir. İttiham edilən Ruhlan İsmayılov hadisə günü axşam keçirilən əməliyyatda öldürülüb, ev sakini İ.Hacızadə isə narkotik ittihamıyla həbs edilib.

Martın 11-də İ.Hacızadəyə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 3 il həbs cəzası kəsilib. 25 yaşlı İ.Hacızadə Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldəetmə, saxlama) maddəsilə təqsirli bilinib.

“Araşdırıb gördülər ki...”

İddia edilir ki, 9-cu polis bölməsinin əməkdaşları martın 4-də saat 21.30 radələrində onu küçədə saxlayaraq, üstünü axtararkən, cibindən 2.2 qram heroin tapılıb.

İ.Hacızadə deyir ki, cinayət işinin materiallarında yazılanlar yalandır, onu küçədə saxlamayıblar, Ruhlan üçün evə gələn polislər götürüb aparıblar. Onun sözlərinə görə, heç vaxt narkotikdən istifadə etməyib və həmin gün də üstündə elə şey olmayıb.

Homoseksual olduğunu söyləyən İsmayıl “Bravo”dakı qətli törətməkdə ittiham edilən R.İsmayılovla münasibətlərini danmır. Hadisə günü – martın 4-də günortadan sonra bu üzdən onun evinə gəlmişdi:

“Mən hardan bilim ki, o, belə bir hadisə törədib? Məni tutandan sonra bir neçə gün “bandotdel”də saxladılar. Araşdırıb gördülər ki, mənim bu hadisə ilə heç bir əlaqəm yoxdur, xəbərim də olmayıb. Buraxmadılar, narkotiklə həbsə göndərdilər...”

Hökmdən öncə son sözündə İ.Hacızadə məhkəmədən bəraət istəsə də, Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası onun haqqında ittiham hökmü çıxarıb. Beləcə, İ.Hacızadə 3 il azadlıqdan məhrum edilib.

Xatırlatma

“Bravo”ya silahlı basqın ötən il martın 4-də günorta saat 12 tamamda baş verib. Nəticədə hipermarketin girişindəki bankomata pul yükləyən inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şeydayevsə yaralanıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda iddia edilir ki, cinayəti törətməkdə ittiham olunan Ruhlan İsmayılov həmin gün axşam saat 9.00 radələrində olduğu evdə saxlanılarkən, polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

İ.Hacızadə öz məhkəməsində Ruhlanın öldürüldüyü əməliyyat barədə bunları deyib:

“Qapını açan kimi, heç bilmədim nə baş verir. Bir də gördüm ki, başımın üstündə güllələr uçuşur. Polislər məni itələyib yıxdı bu tərəfə. Onda Ruhlanın necə öldürüldüyünü görmədim. Sonra məni sürüyüb apardılar...”

“Bravo”ya silahlı hücumla bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 6 nəfərin mühakiməsi davam edir. Olayın videosundan görünür ki, basqına iki nəfər qatılıb.

Təqsirləndirilən Dəyanət Qüdrətov Ruhlanla birlikdə cinayətin törədilməsində iştirakını məhkəmədə də təsdiqləyib.

Daha üç nəfər - Azər Məmmədov, İbrahim İbrahimovSəbuhi Qurbanov silahlı basqına yardım göstərilməsində ittiham edilirlər.

Bu cinayətə heç bir aidiyyəti olmadığını söyləyən A. Məmmədov dözülməz işgəncələrə məruz qaldığından, istintaqda etiraf ifadəsinə imza atdığını bildirir.

Daha iki nəfərə də qanunsuz silah əldə etməyə yardımla bağlı ittiham verilib. Bunlardan biri Ruhlan İsmayılovun atası, digəri isə dayısıdır.

XS
SM
MD
LG