Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35

İngiltərədə ‘COVID vəsiqələri’ icbari oldu


Baş nazir Boris Conson öz partiyasından B planına qarşı çıxanlara müraciətlə deyib ki, hökumətin bundan başqa seçimi yoxdur
Baş nazir Boris Conson öz partiyasından B planına qarşı çıxanlara müraciətlə deyib ki, hökumətin bundan başqa seçimi yoxdur

Son məlumata görə, indi Britaniya paytaxtındakı koronavirus yoluxmalarının 50 faizi Omikron ştammının payına düşür

Britaniya parlamenti dekabrın 14-də çox qızğın debatların ardınca İngiltərə ərazisində COVID vəsiqələrini məcburi edən qanunu qəbul edib.

Hökumətin “B planı” adlandırdığı məhdudlaşdırıcı karantin tədbirlərinə dair bu qanunvercilik aktına qarşı 100-dək mühafizəkar millət vəkili “üsyan” edib.

BBC yazır ki, bu, Boris Conson baş nazir olandan bəri onun öz partiyasından onun əleyhinə ən böyük çıxış olub.

Lakin 99 mühafizəkarın hökumətin əleyhinə səs verməsinə baxmayaraq, qanun 243 səs fərqi ilə qəbul edilib.

Beləliklə, Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) tam vaksin olunanlara və ya koronavirus testinin nəticəsi mənfi olanlara verdiyi COVID vəsiqələri gecə klubları, bar və restoranlar da daxil bir çox böyük ictimai məkanlara giriş üçün icbari olacaq.

Millət vəkilləri habelə qapalı yerlərdə maska taxılmasını icbari edən tədbiri qəbul ediblər.

Baş nazirin israrlı müraciəti

Bu qanun səsə qoyulmazdan əvvəl gecə klublarını idarə edən Night Time Industries qrupu narahatlığını bildirmişdi.

Assosiasiya bildirirdi ki, bu qaydaların qəbulu onun 2022-ci ildəki biznesini ciddi təsirləndirəcək. Qurum tədbirlər qəbul olunarsa, hökumətdən maliyyə dəstəyi istəyəcəyini bildirmişdi.

Gündəlik ev testləri müqabilində özünütəcridin aradan qaldırmasına dair müddəa parlamentdən mübahisəsiz və yekdilliklə keçib.

Səsvermədən az əvvəl baş nazir Boris Conson parlamentə qızğın müraciət etmişdi.

O öz partiyasından B planına qarşı çıxanlara müraciətlə demişdi ki, hökumətin bundan başqa seçimi yoxdur:

"Biz sadəcə olaraq ona arxayın ola bilmərik ki, Omikron yumşaq ola bilər”.

Conson bildirmişdi ki, Omikronun daha yüngül simptomlarla müşayiət olunması hələ elmi baxımdan tam isbat edilməyib və bu ştammın Delta variantından dəfələrlə yoluxucu olması xəstəxanaların “fəlakətli” şəkildə dolması ilə nəticələnə bilər.

Omikronun zəif olduğu deyilsə də…

Bu arada The Evening Standard qəzeti Omikron ştammının Londonda dominant varianta çevrildiyini yazır.

Son məlumata görə, indi Britaniya paytaxtındakı koronavirus yoluxmalarının 50 faizi Omikron ştammının payına düşür.

London xəstəxanalarındakı koronavirus pasientlərinin də sayı sıçrayışla artaraq 1360-a çatıb. Bu, mart ayından bəri ən yüksək göstəricidir.

Amma bu da xəbər verilir ki, xəstəxanaya düşənlərin əksəriyyəyi vaksin olunmayanlardır və onlar da əksərən Delta variantına yoluxublar.

Ekspertlər bildirirlər ki, Omikronun simptomları yumşaq olsa da, onun yüksək keçiciliyi yoluxmaları günə 200 min nəfərə çatdıra bilər.

London boyunca vaksinləmə məntəqələrində uzun növbələr yaranıb. Belə görünür ki, Omikron barədə xəbərlər çox sayda vaksin tərəddüdü keçirənləri son seçimə vadar edib.

Buna baxmayaraq, Britaniyada hələ də 2 milyonadək sakin ümumiyyətlə vaksin olunmayıb.

XS
SM
MD
LG