Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

Britaniyaya milyonlarla funt sterlinq aparan Cəlal Əliyevin qızı çıxdı - OCCRP-nin yeni araşdırması


DJ Mikaela Jav
DJ Mikaela Jav

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) yenidən Azərbaycanla bağlı mövzuya müraciət edib.

Təşkilatın iyunun 29-da yayılan yeni araşdırmasının qəhrəmanı İspaniyanın kurort adası İbizada “sümüyə işləyən elektron ritmləri” və “qızğın gecə həyatı” ilə özünə “Mikaela Cav” DJ təxəllüsü qazandırıb.

OCCRP qeyd edir ki, “Mikaela və Dostları” (“Mikaela & Friends”) adlı şənbə məclisləri 2015-ci ilin yayında Facebook səhifələrində də geniş yayılmışdı.

Mikaela Cav Facebook-da Yunanıstan, Tayland və Las Veqasda çəkdirdiyi və zəngin həyatını əks etdirən fotoları paylaşırdı.

Hesabatda deyilir ki, İspaniyada verdiyi müsahibələrdə DJ Mikaela özünün İbiza vurğunluğundan, musiqi ilhamından və vətəni kimi təqdim etdiyi Rusiyadakı həyatından şövqlə bəhs edirdi.

OCCRP yazır ki, Transparency International təşkilatının Britaniya qolu ilə birlikdə Mikaela Cav-ın kimliyini müəyyənləşdirə bilib: Söhbət Azərbaycan prezidenti İlham Əliyevin əmisi qızı (Cəlal Əliyevin qızı - red) İzzət Cavadovadan gedir.

Buradaca kiçik izahat verilir ki, ərinin soyadı ilə Cavadova olan qadın özünün səhnə təxəllüsünü 22 yaşlı qızı Mikaelanın adından götürüb.

Mikaela DJ-in afişalarından biri
Mikaela DJ-in afişalarından biri

Bir qəzetin məhkəmə qələbəsi

Hesabatda deyilir ki, son bir neçə il ərzində o və əri Süleyman Cavadov Britaniya Milli Cinayət Agentliyinin (National Crime Agency - NCA) milyonlarla funt sterlinq vəsaitin mənşəyinə dair apardığı təhqiqatın subyektləri olublar.

Agentlik bu vəsaitin korrupsiya və mənimsəmə yolu ilə əldə olunmasından şübhələnir.

Belə bir təhqiqatın aparılması ötən il Britaniyanın The Evening Standard qəzetinin məqalələrindən məlum olmuşdu.

Əslində bu qəzetin məqalələri adları “Azərbaycanlı cütlük” kimi verilən ər-arvadın sual doğuran mənbələrdən aldıqları 13.9 milyon funt sterlinqin (19.6 milyon dollar) faş olması ilə nəticələnmişdi.

OCCRP yazır ki, o da, “İbiza vurğunu DJ-in” və onun ərinin kimliyini bilirdi. Amma The Evening Standard qəzeti cütlüyün adları üzərindəki məxfiliyin qaldırılması üçün məhkəmə prosesini udanadək bunu yaymaq mümkün deyildi.

Yenə də “Pulyuyan maşın”

NCA bildirib ki, Cavadovlar milyonlarla funt sterlinqi Britaniyadakı bank hesablarına gətirmək üçün əsasən ofşorlarda yerləşən 20 “qaranlıq” şirkətdən ibarət şəbəkədən istifadə ediblər.

Britaniya agentliyi izah edir ki, bu yolla köçürülən pul “bank tranşlarından fərqli olaraq auditin obyekti ola biləcək iz buraxmaya bilər”.

NCA müstəntiqləri sözü gedən şirkətlərdən 6-sının “Azərbaycanın pulyuyan maşınına” daxil olduğunu müəyyənləşdiriblər.

İlk dəfə OCCRP-nın 2017-ci ildə hazırladığı hesabatda bu adla açıqlanmış sistem ölkənin hakim elitasına vəsaitləri mənimsəmək, vergidən yayınmaq, çirkli pulları yumaq və Azərbaycandan çıxararaq Qərbə ötürmək imkanı verirdi. Burada isə həmin vəsaitlər dəbdəbəli mülklərə və lüks həyat tərzinə çevrilirdi.

OCCRP-ın hesabatında deyilir ki, onun təhqiqatçı jurnalistləri bu altı şirkətdən başqa müstəntiqlərin gözündən qaçan 7-ci şirkəti də aşkar ediblər və o şirkət də sözügedən “pulyuyan maşının” başqa şübhəli tranşlarında iştirak edib.

Əiyevlərdən ilki və nazir müavininin “adaşı”

Hesabatda vurğulanır ki, bundan əvvəlki təhqiqatlar yüksək elitaya daxil azərbaycanlıların “Pulyuyan maşından” istifadə etdikərini göstərmişdisə də, Cavadova prezident Əliyev ailəsindən bu mexanizmlə bağlı adı çəkilən ilk şəxsdir.

Hesabatda deyilir ki, İzzət və Süleyman Cavadovlar Azərbaycanda çox da geniş tanınan fiqur olmasalar da, qadının atası parlamentin üzvü, ərin atası isə ötən ilədək enerji nazirinin müavini olub.

Süleyman Cavadov (solda), İlham Əliyev və Şeyxülislam Allahşükür Paşazadə Cəlal Əliyevin yas mərasimində
Süleyman Cavadov (solda), İlham Əliyev və Şeyxülislam Allahşükür Paşazadə Cəlal Əliyevin yas mərasimində

Araşdırmada qeyd olunur ki, atasının tutduğu vəzifə Süleyman Cavadova “siyası əhəmiyyətli şəxs” (politically exposed person ya qısaca PEP) statusu verirdi.

Britaniyanın çirkli pulların yuyulması əleyhinə qaydalarına görə belə şəxslər əlavə yoxlamaya məruz qalmalıdırlar.

Milli Cinayət Agentliyinin məlumatında deyilir ki, Cavadov Britaniyanın Coutts bankında hesab açarkən Azərbaycandakı nazir müavini ilə heç bir qohumluğunun olmadığını bəyan edib.

O deyib ki, nazir müavini ilə sadəcə olaraq eyni soyadı daşıyır.

Uyğun gəlməyən məbləğlər və tarixlər

Bu da vurğulanır ki, Cavadovların pulun mənşəyi barədə banka verdikləri məlumatlar da, polisdə olan məlumatlardan fərqli olub. Müstəntiqlər aşkar ediblər ki, İzzət Cavadova banka bu hesaba Azərbaycandakı bir daşınmaz əmlak şirkətindən kirayə gəlirlərinin daxil olacağını deyib.

Lakin sənədlərdən məlum olur ki, bu hesaba daxil olan vəsaitlər Cavadovların kirayədən aldıqları və elə banka da bəyan etdikləri gəlirdən iki dəfə çox olub.

Cütlük 20 şirkətdən daxil olan pulların izahatı kimi ev kirayəsi haqqında 250 müqavilə və bu evlərin idarə olunması - menecmenti üçün kontraktlar təqdim edib. Məhkəmə sənədlərindən məlum olur ki, bu iki mənbə üzrə 2015 və 2018-ci illər arasında 2.4 milyon dollar köçürülüb.

Lakin NCA məhkəməyə bildirib ki, sözü gedən müqavilələrlə bank transferlərinin tarixləri uyğun gəlmir və menecment haqqında bir müqavilə isə ümumiyyətlə pulun transferindıən sonra “bağlanıb”.

Seyşel şirkəti, Estoniya bankı və Azərbaycanda biznes?

Bundan başqa prokurorlar Cavadovların sözü gedən müqavilələrdəki imzalarının etibarlığını, habelə ofşor şirkətlərdən istifadənin məqsədini sual altına alıblar.

Prokurorlar məhkəməyə yazırdılar:

“Şotland və ya irland MMC-si və ya Seyşel şirkətinin Azərbaycanda daşınmaz əmlakları necə idarə etməsi və bu zaman Estoniya və ya Latviyadakı bank hesablarından niyə istifadə olunması barədə heç bir izahat verilməyib”.

NCA müstəntiqləri isə diqqəti sözü gedən 20 şirkətdən heç birinin Azərbaycanda olmamasına və buna görə də Cavadovların mülkləri üçün kirayə haqqı ödəyə biləcəklərinin şübhəli görünməsinə çəkirdilər. Üstəlik də bu ödənişlərdən heç biri birbaşa Azərbaycandan gəlməmişdi.

NCA bunu da iddia edib ki, Cavadovlar onların aldıqları pulların kirayəçilərdən yox, çirkli pulların yuyulması üçün yaradılmış qanunsuz vasitəçi təşkilatdan gəldiyini bilirdilər.

Müstəntiqlər belə bir nəticəyə gəldiklərini bildirirlər ki, Cavadovlar daha böyük ehtimalla onların “Azərbaycandakı qüdrətli qohumlarından” gələn ödənişlərin “sadəcə mənfəətçisi” olublar.

Alternativ köçürmə sistemi

NCA müstəntiqləri bildiriblər ki, Cavadovların istifadə etdikləri şirkətlərdən birinin nə daşınmaz mülkiyyət menecmentinə, nə də Cavadovlara aiddiyyəti olmayıb.

Məsələn bu şirkət başqa bir şirkətə Azərbaycana lifli-optik kabellərin göndərilməsinə görə ödəniş edib. Bu ödənişdə əlaqəçi şəxs kimi əslində Azərbaycanın Gənclər və İdman Nazirliyinin bir əməkdaşı göstərilib.

Müstəntiqlər yazırlar ki, bunlar pul köçürmələri üçün alternativ sistem sayılan “Pulyuyan maşının” işi üçün tamamilə xarakterik bir haldır.

Müstəntiqlərin fikrincə, bu konkret halda irəlicədən ödənişin Azərbaycandakı dövlət qurumunun təchizatı üçün göndərilmiş mallara görə edildiyi təsəvvürü yaranmalıydı.

Jurnalist təhqiqatının hesabatında deyilir ki, Cavadovlar qalan 18 şirkət barədə də izahat verə bilməyiblər və belə bir məlumata malik olduqlarını inkar ediblər. Hesabatda bunun ziddiyyət yaratdığı vurğulanır. Çünki NCA-nin əlində olan sənədlərə görə Süleyman Cavadov 2012 və 2013-cü illərdə banka verdiyi məlumatda bu şirkətlərdən üçünün onun biznes etdiyi broker firmaları olduğunu bildirmişdi.

Hesablarda qalan 6.5 milyon funtun taleyi nə olacaq?

Hesabatda qeyd olunur ki, Britaniya müstəntiqləri Cavadovların Azərbaycandakı gəlir mənbələrinin legitimliyi məsələsini araşdırmayıblar, çünki bu onların istintaqından kənarda olan bir məsələ idi. Bununla belə, müstəntiqlər iddia edirlər ki, Cavadovların Azərbaycanda “kirayə gəlirlərinin və əhəmiyyətli sərvətə çıxışlarının” olması ağlabatan görünsə də, onların Britaniya bank hesablarına daxil olan pulların daşınmaz əmlakdan gələn gəlir olması inandırıcı görünmür.

Müstəntiqlərin sözlərinə görə, məhkəmə üçün açıq qalan sual “ər-arvadın Britaniyada qəbul etdikləri vəsaitlərin hər hansı başqa (daha əlaqəli) mənbədən qanunsuz fəaliyyət vasitəsilə gəlib-gəlməməsidir”.

Məhkəmənin həll etməli olduğu daha bir məsələ Cavadovların hesablarında qalan 6.5 milyon funt sterlinqin (9.2 milyon dollar) gələcək taleyidir.

Bu barədə məhkəmə dinləmələri iyulda başlanacaq.

OCCRP və Transparency İnternational-ın bu araşdırmasına hələlik Azərbaycan rəsmilərindən bir reaksiya verilməyib. Amma Bakıda hakimiyyət təmsilçiləri bir qayda olaraq səslənən korrupsiya və çirkli pulların yuyulması ilə bağlı beynəlxalq qurumlardan səslənən ittihamları rədd edir, bütün bunları Bkıya qarşı siyasi təzyiq vasitəsi kimi qiymətləndirirlər.

XS
SM
MD
LG