Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:46

Bələdiyyə seçkilərinə kim hazırdır, kim yox...


"Nağılın sonu" - Gündüz Ağayevin karikaturası.
"Nağılın sonu" - Gündüz Ağayevin karikaturası.

Bakıda keçirilən (11-22 noyabr) BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra Azərbaycanda bələdiyyə seçkilərinin vaxtının açıqlanacağı gözlənir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünlərdə bildirib ki, bələdiyyə seçkiləri yanvarın 25-dən sonra keçiriləcək. Hərçənd, Azərbaycanda bələdiyyə seçkiləri bu ilin dekabrında olmalı idi. Son bələdiyyə seçkiləri 2019-cu ilin dekabrında keçirilib və qanunvericiliyə görə, o, beş ildən gec olmayaraq təşkil edilməlidir. Azərbaycan hökuməti qanun pozuntusu kimi dəyərləndirilən bu məsələ ilə bağlı rəsmi izahat verməsə də, bir sıra deputatlar onun COP29-la bağlı təxirə salındığını söyləyiblər.

Bütün hallarda bələdiyyə seçkilərinə iki aydan bir qədər çox vaxt qalıb. Seçki kampaniyası da elə iki aydan ibarətdir. Bəs partiyalardan hansıları seçkilərə qatılmaq niyyətindədir və onlar bu prosesə nə dərəcədə hazırdırlar?

Elman Məmmədov
Elman Məmmədov

YAP-çı deputat: "Əminəm ki, bu seçkilərdə də bu cür olacaq"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Məmmədov "Turan"a bildirib ki, YAP yaradılandan (1992) bugünə qədər Azərbaycanda bütün seçkilərdə iştirak edib və qələbə qazanıb: "Əminəm ki, bu seçkilərdə də bu cür olacaq".

AXCP: "Hələlik, qərar yoxdur"

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin AzadlıqRadiosuna açıqlamasına görə, partiyanın seçkilərdə iştirakı ilə bağlı, hələlik, qərar yoxdur: "Partiya strukturlarında, hələlik, bu barədə müzakirə aparılmayıb. Müzakirələrin nəticələri ictimaiyyətə açıqlanacaq".

Seymur Həzi
Seymur Həzi

O vurğulayır ki, hazırda seçki orqanlarının toplantısı üçün yer ayrılması ilə bağlı hökumətə müraciət edirlər: "Hökumət isə buna imkan vermir və qanunsuz olaraq fəaliyyətimizi məhdudlaşdırır. "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə əsasən, hökumət qeydiyyatdan keçmiş siyasi partiyalara fəaliyyət üçün imkan yaratmalıdır. Bununla belə, AXCP-nin nə mərkəzi qərargahı var, nə də partiya məclis toplantıları keçirmək üçün hökumətdən heç bir bina ala bilir".

Azərbaycanda 20-dən çox partiya dövlət qeydiyyatından keçib. AXCP ölkədə demokratik rəqabət mühitinin olmadığını səbəb göstərərək son dönəmlər keçirilən bütün seçkiləri boykot edib. Hökumət rəsmiləri isə onların arqumentlərini bəhanə sayıblar.

Arif Hacılı
Arif Hacılı

"Müsavat qısa müddətdə qərar qəbul edəcək"

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı isə deyir ki, seçkilərin MSK-nın mülahizələri əsasında təxirə salınması Azərbaycan Konstitusiyası və qanunlarına ziddir: "Bu, eyni zamanda, Azərbaycan vətəndaşlarının hüquqlarını kobud şəkildə pozmaqdır".

Partiyanın seçkilərdə iştirakına gəldikdə, A.Hacılı qeyd edib ki, Müsavat Partiyası bütün seçkilərdə iştirak etməyə meyli olan siyasi təşkilatdır: "Seçkilərdə iştirakla bağlı məsələlər müzakirə olunarkən bütün çətinliklərə baxmayaraq, seçkilərdə iştirakdan kənarda qalmağı cəmiyyətin maraqları baxımından daha ziyanlı mövqe hesab edirik".

Onun sözlərinə görə, hər şey seçkiqabağı vəziyyətdən, strukturlarda gedən müzakirələrdən və bu müzakirələrin nəticələrindən asılı olacaq: "Müsavat Məclisi bu barədə müzakirə aparıb qısa müddətdə qərar qəbul edəcək".

Natiq Cəfərli
Natiq Cəfərli

"Hazırlıq işləri çoxdandır gedir"

REAL Partiyası seçkilərə qatılacağını indidən bəyan edir. Partiya sədri Natiq Cəfərli bununla belə vurğulayıb ki, Azərbaycanda seçkilərdə qanun pozuntuları, rəqabətsizlik hələ də ciddi problemdir: "Amma istər-istəməz başqa yol da yoxdur. REAL seçkilərdə aktivliyi ilə Azərbaycanda addım-addım dəyişikliklərin mümkünlüyünü qəbul etmiş bir partiyadır... İştirakın formatı - hansı bələdiyyələrdə daha aktiv olacağımız ilə bağlı qərarlarımızı seçkilər elan olunandan sonra ictimaiyyətə açıqlayacağıq. Hazırlıq işləri çoxdandır gedir".

Xatırlatma

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1 min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı 1 min 606-ya düşürülüb. Bu il də həmin proses davam edib, qanunvericiliyə edilən dəyişikliklərlə onların sayı yarıdan çox azaldılıb. Ölkə vətəndaşları, xüsusilə də kənd sakinləri zaman-zaman bələdiyyələrin birləşdirilməsindən narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, nəticədə bələdiyyələr əlçatımlı olmurlar. Rəsmilər isə belə tənqidlərə cavab olaraq vurğulayıblar ki, bələdiyyələrin birləşdirilməsi onların gücünün artırılmasına xidmət edir.

İstər müxalifət, istərsə də bir sıra ekspertlər ölkədə bələdiyyələrin yerli hakimiyyət orqanı kimi statuslarını yetərli saymırlar.

XS
SM
MD
LG