Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:20

Dünya liderlərindən COP29-a diqqət az oldumu?


Dünya liderləri COP29 iqlim sammitində
Dünya liderləri COP29 iqlim sammitində

Noyabrın 12-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) liderlərin toplantısı başlayıb.

Amma COP29-a bəzi dövlət başçıları gəlməyib. Onların arasında Almaniyanın kansleri Olaf Şolts, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı III Çarlz, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Fransa prezidenti Emmanuel Makron, ABŞ prezidenti Co Bayden və bu ölkənin dövlət katibi Antoni Blinken də var. Halbuki, ABŞ dövlət katibi bir il əvvəl Dubayda keçirilən COP28-ə qatılmışdı. Bu tədbirdə isə ABŞ-ı prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestan təmsil edir.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Kanadanın baş naziri Castin Trüdo, Hindistanın baş naziri Narendra Modi, Çin lideri Si Cinpin, İran prezidenti Məsud Pezeşkian və daha bir neçə dövlət başçısı da gəlməyənlər arasındadır. Onlar konfransda iştirak etməmələrini, əsasən, ölkələrindəki mövcud vəziyyət ilə izah ediblər. Amma tədbir ərəfəsində Azərbaycanda insan haqlarına, siyasi məhbus məsələsinə diqqət çəkən bəzi beynəlxalq qurumlar da COP29-u boykot etməklə bağlı çağırışlar səsləndirmişdilər.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev noyabrın 12-də belə çağırışlarlarla bağlı suala cavab verərkən deyib ki, COP29-u boykot etmək üçün ətrafa baxmaq lazımdır: "Bu tədbirdə 70 mindən artıq xarici və yerli nümayəndələr iştirak edir. Ona görə də sizin dediyiniz ifadə bu tədbirə heç bir halda uyğun gəlmir".

Prezident İlham Əliyev də toplantıdakı çıxışında bu məsələyə toxunub və bəzi rəqəmlər də sadalayıb: "Mənim sonuncu mesajım o dairələrədir ki, onlar, demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, "Azərbaycana xoş gəlmisiniz!"".

Elşad Musayev
Elşad Musayev

"Qərbin demokratiya havası 90-cı illərdə çalınıb oxunurdu"

Milli Məclisin deputatı Elşad Musayev də mövzu ilə bağlı "Turan"a bildirib ki, tədbirdə nə qədər çox ölkə iştirak etsə idi, o qədər yaxşıdır və bir çox ölkələrin siyasi liderləri konfransa qatılıb: "Bunun özü Azərbaycanın digər ölkələrlə əlaqələrinin yaxşılaşmasına xidmət edir. Yəni, biz dövlət olaraq maraqlı idik ki, gəlsinlər".

E.Musayev qeyd edib ki, tədbirə gəlməyən dövlət başçıları müxtəlif əsasları gətiriblər: "Bu da onların daxili işidir. Elələri var ki, həqiqətən də ciddi səbəblərə görə qatılmadılar. Amma demokratiya məsələsi, Qərbin bu demokratiya havası 90-cı illərdə çalınıb oxunurdu. Sonra zaman keçəndə Azərbaycan cəmiyyəti gördü ki, bu Qərbin demokratiyası özləri üçündür".

Onun fikrincə, Qərb digər ölkələrə münasibətdə yalnız öz maraqlarına uyğun hərəkət edir: "Həmin ölkələrin bəzi ərəb ölkələri ilə çox yüksək əlaqələri mövcuddur. Orada demokratiya var? Bu demokratiya məsələsi bəhanədir. Sadəcə gəlmələri onların maraqlarına uyğun deyil".

Rüfət Səfərov
Rüfət Səfərov

"Rəsmi Bakı nəticə çıxarmayıb"

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçi Rüfət Səfərovun isə AzadlıqRadiosuna deməsinə görə, əvvəldən görünürdü ki, Qərb ölkələri bu tədbirdə yüksək səviyyədə təmsil olunmayacaqlar: "Bunun müəyyən qədər anonsları var idi. İndi də məlum olub ki, siyasi güc mərkəzlərinin rəhbərləri konfransda bu və ya digər səbəblərdən iştirak etmirlər".

Hüquq müdafiəçisi hesab edir ki, burada Azərbaycanın daxilində hökm sürən repressiv tədbirlər, təməl hüquq və azadlıqların əngəllənməsi də mühüm rol oynayıb. Onun sözlərinə görə, son illərin təcrübəsinə diqqət yetdikdə görünür ki, Azərbaycana insan haqları ilə bağlı Qərbdən davamlı təzyiqlər var: "Lakin təəssüf ki, rəsmi Bakı bütün bunlardan nəticə çıxarmayıb, əksinə, cavab olaraq ölkə daxilindəki siyasi azadlıqlara daha da sərt münasibət sərgiləyir".

XS
SM
MD
LG