Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Çovdarova qaytarılan bazarın keçmiş sahibi: 'Məcbur ediblər...'


Akif Çovdarov
Akif Çovdarov

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarovun əmlaklarının qaytarılması ilə bağlı qərardan artıq Ali Məhkəməyə şikayət verilib. Şikayətçi isə generala qaytarılan əmlaklardan birinin – "8-ci kilometr bazarı"nın keçmiş sahibi Çingiz Əsədovdur. Bu ticarət mərkəzinin səhmlərinin 50 faizi Çovdarovun qızı Aidə Qasımovaya məxsusdur.

Sabiq MTN generalının həbsindən sonra Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunan əmlaklar arasında bu da vardı. Çünki cinayət işinin materiallarında iddia olunur ki, 2005-ci ildə bazarı sahibi, "Maral-Veqa" MMC-nin təsisçisi Cəfər Səfərov və qardaşlarının əlindən zorla alıblar. Sonradan bazarın səhmlərinin 50 faizi Çovdarovun qızının, 50 faizi isə o dövrdə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib.

"Pulun 120 minini bankdan kredit götürmüşdüm"

Keçmiş MTN-çilərin cinayət işində bu bazar məsələsi ilə əlaqədar Səfərov qardaşları zərərçəkmiş qismində tanınıb. Qardaşların dediyinə görə, 2005-ci il dekabrın 16-da bazarla üzbəüzdə yerləşən "Maral-Veqa" MMC-nin ofisinə MTN əməkdaşları silahlı basqın edib. Qardaşlardan Qəhrəman Səfərovu, bazarın mühasibi Akif Əzimovu və direktoru Əyyub Novruzovu aparıblar. Az sonra Cəfər Səfərov da ora gətirilib: "Akif Çovdarov mənə dedi ki, bazarı Fərhad Əliyevgil (keçmiş iqtisadi inkişaf naziri-red.) mənim vasitəmlə əvvəlki sahibindən zorla alıblar. Dedim ki, xeyr, mən özüm bu bazara görə əvvəlki sahibi Çingiz Əsədova 2002-ci ildə 240 min dollar pul vermişəm. Hətta bu pulun 120 minini bankdan kredit götürmüşdüm, bazar da girov qoyulmuşdu. Alqı-satqı müqaviləsinin bağlandığı notariusu da dedim...".

"Başqa yol yox idi"

Səfərovların sözlərinə görə, onlar MTN-ə aparılanda Fərhad Əliyev təxminən iki ay olardı, həbs edilmişdi. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. O, 2007-ci ildə mənimsəmə, rüşvətalma və digər ittihamlarla 10 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildə isə əfv sərəncamı ilə azadlığa çıxıb.

Qardaşların iddiasına görə, onları sərbəst buraxmaq üçün bazarı təhvil vermələri tələb olunub. Cəfər Səfərov razılaşıb: "Başqa yol yox idi. Özləri də bilirdilər ki, götürdüyüm krediti ödəməmişəm, bazar bankda girovdur. Çovdarov özü 70 min dollardan bir qədər artıq krediti ödədi, bankdan arayış alındı...".

Çovdarovgil razı deyillər

Daha sonra bazarın 50 faizi sabiq nazir müavini Hilal Əsədovun qayınatası Ənvər Məmmədovun, qalan 50 faizi isə Elşən İsmayılov adlı şəxsin adına keçir. Ardınca Məmmədov da öz payını qızı Nüşabə Əsədovaya bağışlayır, İsmayılovun aldığı hissə isə Çovdarovun qızı Aidə Qasımovanın adına keçir.

Çovdarov Hilal Əsədov isə bazarın zorla ələ keçirilməsi ittihamı ilə razılaşmır. Onlar bu məsələ ilə əlaqədar ifadələrində də Səfərov qardaşlarını "Fərhad Əliyevin yaxın adamları" adlandırıb, o bazarın Çingiz Əsədov adlı şəxsdən zorla alındığını iddia ediblər.

"Akif Çovdarov yanıma gəlib dedi ki, Çingiz Əsədov adlı şəxs sahibi olduğu bazarın 2002-ci ildə əlindən alınması barədə MTN-ə şikayət edib. Səfərov qardaşları da bu əməllərini etiraf ediblər. Bu məsələni nazirə məruzə elədim. Sonra məlum oldu ki, qardaşlardan biri bazarı geri qaytarmağa razılıq verib, Çingiz Əsədov da şikayətini geri götürməyə razılaşıb. Sonradan bazar satıldı, qayınatam da bir hissəsini aldı...", – sabiq nazir müavininin ifadəsindəndir.

20 manata alqı-satqı

Çovdarov isə ifadəsində bildirib ki, Çingiz Əsədov bazarı Səfərov qardaşlarından 300 min dollara geri almağa və şikayətindən imtina etməyə razılaşıb. Lakin sonradan deyib ki, bu qədər pulu yoxdur və bazarı geri ala bilmir: "Ona görə də bu məsələ MTN rəhbərliyinə məruzə olundu. Rəhbərlik tərəflərin hər ikisinin (Cəfər Səfərov və Çingiz Əsədovun) halallığı alınmaqla, mən və Hilal Əsədovun pulu ödəyib bazarı satın almağımızı təklif etdi...".

Lakin Çingiz Əsədov iddia edir ki, həmin vaxt onu bazarı MTN generallarına verməyə məcbur ediblər: "O bazarın Akif Çovdarovun qızının adına alqı-satqısı cəmi 20 manata rəsmiləşib. Həmin bazarla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Çingiz Əsədovun adına verdiyi sərəncam bu gün də qüvvədədir. Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədov bu məqamların heç birini nəzərə almadan əmlakın Akif Çovdarovun ailəsinə qaytarılmasına qərar verdi...".

Əsədov kassasiya şikayətini Ali Məhkəməyə yanvarın 31-də təqdim edib.

Dövlət ittihamçısının etirazı

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində Çovdarovun yaxınlarının adlarına olan əmlaklarla bağlı müsadirə qərarının ləğvi məsələsinə baxılanda dövlət ittihamçısı buna etiraz edib. Prokuror deyib ki, sözügedən əmlakların müsadirə olunması haqda qərar əsaslıdır və dəyişməməlidir. Lakin məhkəmə təxminən 30 milyon manata yaxın dəyəri olan əmlakların müsadirədən azad olunmasına qərar verib. Prokurorluğun da bu qərardan Ali Məhkəməyə kassasiya protesti verib-verməyəcəyi, hələlik, məlum deyil.

Cinayət işlərində Ali Məhkəməyə şikayət və ya protest üçün il yarımlıq müddət müəyyənləşdirilib.

Çovdarovun ailəsinə qaytarılan əmlaklar

Çovdarovun ailəsinə qaytarılanlar arasında "8-ci kilometr bazarı"ndan başqa, aşağıdakı əmlaklar da var:

- Nəsimi rayonu, Bülbül prospektində mənzil – 483 min manat;

- Novxanı qəsəbəsində iki bağ evi – 800 min və 700 min manat;

- Binəqədi rayonu, 7-ci mikrorayonda 6-mərtəbəli bina – 3 milyon 178 min manat;

- Nəsimi rayonu, Cavadxan küçəsində 7-mərtəbəli bina – 4.5 milyon manat və s.

Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən ailə üzvlərinə məxsus əmlakların üzərinə həbs qoyulmasına Çovdarov belə münasibət bildirmişdi: "Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətinin sərəncamı əsasında verilib...".

2015-ci ildə həbs olunan və 12 il azadlıqdan məhrum edilən Çovdarov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG