Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:16

COVID-ə qlobal yoluxmalar 500 milyonu keçdi


Cənubi Koreya
Cənubi Koreya

Cənubi Koreya gündəlik yoluxmaların sayına görə hazırda liderdir. Bu ölkədə gündəlik yoluxmaların sayının 182 minə çatdığı bildirilir

Aprelin 14-ə olan məlumata görə COVID-19-a qlobal yoluxmaların sayı 500 milyonu keçib.

Reuters agentliyi yazır ki, Omikron ştammının son dərəcə yüksək yoluxuculuğa malik BA.2 variantına Avropanın və Asiyanın bir çox ölkələrində yoluxmalar kəskin artmaqdadır.

Ekspertlər BA.2 variantının sürətlə yayılmasını son vaxtlarda Çində, eləcə də Avropada baş verən yoluxmalarla bağlayırlar.

Alimlər deyirlər ki, bu variantın laboratoriya şəraitində dəqiqləşdirilməsi bir qədər çətindir.

Bu xüsusiyyətinə görə variantı – “hətta oğrun variant” adlandırırlar.

Cənubi Koreya gündəlik yoluxmaların sayına görə hazırda liderdir. Bu ölkədə gündəlik yoluxmaların sayının 182 minə çatdığı bildirilir.

Reuters-in hesablamasına görə bütün dünya üzrə yoluxmaların dörddə biri indi Cənubi Koreyanın payına düşür.

Yeni yoluxmaların 240 ölkədən 20-də artmaqda olduğu xəbər verilir.

Çinin Şanxay şəhəri hazırda COVID-19 pandemiyasının ən pis dalğası ilə mübarizədədir.

Avropa

Avropanın bəzi ölkələrində yoluxmaların yavaş artması və hətta azalması qeydə alınıb, lakin bütövlükdə qitə üzrə hər iki gündən bir 1 milyondan artıq yeni yoluxma qeydə alınır.

Almaniyada həftəlik yoluxmaların orta rəqəmi martın axırları ilə müqayisədə 59 faiz azalıb.

Britaniya və İtaliyada da yeni yoluxmalar azalır, lakin Fransada artım müşahidə olunur.

Birləşmiş Ştatlarda yeni yoluxmalar yanvar ayında rekord həddə çatsa da, hazırda kəskin düşüb.

Buna baxmayaraq Avropa və Asiyanın bəzi ölkələrində yoluxmaların artması ABŞ-da da narahatlıq yaradır.

ABŞ

ABŞ milli ictimai səhiyyə agentliyi xəbər verir ki, hazırda hər dörd yoluxmadam üçü BA.2 variantının payına düşür.

Ümumiyyətlə isə BA.2 variantına yoluxmalar hazırda qlobal yoluxmaların 86 faizini təşkil edir.

Omikronun BA.2 variantı BA.1 və BA.1.1 variantlarından daha yoluxucu olsa da, onun daha ağır fəsadlar törətdiyi qeydə alınmayıb.

Alimlər bildirirlər ki, koronavirusla mübarizədə vaksinasiya əsas silah olaraq qalır.

Hazırda planet əhalisinin 64.8 faizinə azı bir doza vaksin vurulub, lakin yoxsul ölkələr üzrə bu rəqəm 14.8 faizdir.

Avropa və Asiyada yoluxmaların son vaxtda artmasına baxmayaraq ABŞ hələ də yoluxma antirekorduna malikdir. Burada indiyədək 80 milyon insan koronavirusa yoluxub. Hindistanda bu rəqəm 43 milyon, Braziliyada isə 30 milyondur.

2020-ci ildən bəri COVID-ə yoluxmaların 37 faizi Avropada, 21 faizi Asiyada və 17 faizi Şimali Amerikada qeydə alınıb.

Pandemiya başlanandan bəri koronavirusa yoluxmadan 6.5 milyon nəfər vəfat edib.

Ən çox ölüm halları ABŞ-da, Rusiyada, Braziliya və Hindistanda qeydə alınıb.

XS
SM
MD
LG