Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Aİ Azərbaycanın hərbi əməliyyatını pisləyir: 'Tədbirlər görməyə hazırıq'


Jozep Borrel
Jozep Borrel

Avropa İttifaqı (Aİ) Azərbaycanın Qarabağda erməni əhaliyə qarşı hərbi əməliyyatını, bu eskalasiyasının itkilərə səbəb olmasını pisləyir. Belə bir bəyanatla qurumun ali təmsilçisi Jozep Borrel (Josep Borrell) çıxış edib.

Bəyanatda qeyd olunur ki, atəşkəs razılaşması haqda açıqlamanı nəzərə alırlar və hərbi əməliyyatların dərhal və tamamilə kəsilməsini, atəşkəsə əməl olunmasını gözləyirlər.

"Aİ Azərbaycanı ehtiyacı olan əhaliyə dərhal və maneəsiz humanitar çıxış verməyə, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il fevral və iyul qərarlarına uyğun olaraq Laçın dəhlizini yenidən tam şəkildə açmağa çağırır. Humanitar aktorlar azad işləyə bilməlidirlər. Aİ və üzv dövlətlər təcili humanitar yardım göstərməyə hazırdır", –bəyanatda vurğulanır.

Aİ Bakını və Qarabağ ermənilərini təcili şəkildə hərtərəfli və şəffaf dialoqa çağırır: "Azərbaycan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinin, o cümlədən qorxusuz və diskriminasiyasız öz evlərində yaşamaq hüququnun təminatı üçün məsuliyyət daşıyır. Mülki əhalinin hərbi, yaxud digər yollarla məcburi çıxarılması Aİ tərəfindən sərt reaksiya ilə üzləşəcək. Vəziyyət daha da pisləşərsə, Aİ müvafiq tədbirlər görməyə hazırdır".

"Almatı Bəyannaməsinə uyğun olaraq..."

Blok həm Azərbaycanın, həm də Ermənistanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bildirir, Azərbaycanı 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünü birmənalı təsdiqləməyə çağırır.

İndiyədək Ermənistan rəsmiləri də oxşar çağırışlar səsləndiriblər. Azərbaycan Prezidenti İlham Əliyev isə sentyabrın 20-də hərbi əməliyyatlar dayandırılandan sonra çıxışında Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Aİ bildirir ki, Ermənistanın demokratik yolla seçilmiş hökumətinə dəstəyi davam etdirməyə hazırdır və bu ölkədəki missiyası Azərbaycanla sərhəd boyunca təhlükəsizlik vəziyyətini izləməyə, bu haqda hesabat verməyə davam edəcək.

Qurum Ermənistanla Azərbaycan arasında bütün həllini gözləyən məsələlər, o cümlədən sülh sazişinin bağlanması üzrə danışıqları bərpa etməyə çağırır, belə danışıqlara, tərəflər arasında dialoqu asanlaşdırmağa tam sadiqliyini bildirir.

XİN-dən Jozep Borrel bəyanatına münasibət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hesab edir ki, Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin bəyanatı regiondakı reallıqları qəsdən təhrif edir: "Sözügedən İttifaqın... 2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycana qarşı bu qərəzli yanaşmanı təhdidlərlə bəyanatlar səviyyəsinə qaldırmaqla, ölkəmizin bölgədə sülh və stabilliyin bərqərar olması ilə bağlı addımlarına heç vaxt dəstək göstərməməsi regionumuzun sabitliyinə hədədir".

XİN sentyabrın 21-də Yevlaxda Qarabağın erməni əhalisinin nümayəndələri ilə "konstruktiv müzakirələr" aparıldığını xatırladaraq vurğulayır ki, Azərbaycan Ermənistanla sülh gündəliyinə sadiqdir.

  • Sentyabrın 19-da Qarabağda vəziyyət yenidən gərginləşmişdi. Rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.
  • Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Habelə paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Məlumatda bu proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəyi vurğulanır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG