Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:58

"Hamamdaydım, gözümü açanda özümü xəstəxanada gördüm"


Illüstrasiya
Illüstrasiya

►Neçə-neçə adamın həyatına bais olan dəm qazı təmizlənməyən tüstü bacalarından yaranır

“Hamamdaydım, ancaq gözümü açanda özümü xəstəxanada gördüm. Hələ yaxşı ki, gözümü aça bildim, yenidən həyata qayıtdım. Yoxsa dəm qazı məni də aparacaqdı...”

65 yaşlı Kifayət Səfərova dəm qazı təhlükəsi ilə bir neçə ay əvvəl qarşılaşıb. Deyir, həmin an, ümumiyyətlə, heç nə – iy, yaxudbaşağrısı hiss etməyib. Oğlunun tez tərpənib onu hamamdan çıxarması həyatını xilas edib.

Ancaq hamının Kifayət Səfərova kimi bəxti gətirmir. Dəm qazından zəhərlənənələrin və ölənlərin dəqiq statistikası aparılmasa da, hər il zəhərlənənlərin sayı bir neçə yüzə çatır. Qış aylarında, az qala, hər gün bənzər xəbərlər yayılır.

Hər il yüzlərlə adam dəm qazından zəhərlənir

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov da deyir ki, dəm qazı ilə mərkəzə ağır və orta ağır vəziyyətdə müraciət edirlər:

“Dəm qazından zəhərlənməylə müraciət edənlərin sayı il ərzində 200-dən çoxdur. Bizə ağır zəhərlənməylə də gələnlər çox olur, tədbirlər görüb vəziyyətdən çıxarırıq. Ölən adamlar bizim mərkəzə gətirilmir. Texniki qaydalara əməl olunsa, bu xoşagəlməz hadisələr də baş verməz. Dəm qazından zəhərlənmə qapalı mühitdə olur. Əsasən də hamam otağında. Dəm qazı metan qazı yananda əmələ gəlir. Toksiki təsiri də havadakı konsentrasiyasından asılı olaraq yaranır”.

Həkim deyir, iysiz, rəngsiz dəm qazı nasaz qaz cihazlarından, yaxşı işləməyən havalandırma sistemindən, dolmuş tüstü bacalarından yaranır. Dəm qazından zəhərlənmiş adam havaya çıxarılmalı, təcili həkim çağrılmalıdır.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Tüstü bacaları təmizlənmir

Uzun illər “Azəriqaz” İstehsalat Birliiyndə çalışmış, hazırda müstəqil ekspert kimi fəaliyyət göstərən Nüsrət Qasımov deyir, dəm qazı yanma prosesinin düzgün getməməsindən yaranır. Dəm qazını əsas yaradanlardan biri isə təmizlənməyən, tıxanmış tüstü bacalarıdır. Ekspertin sözlərinə görə, hazırda Bakıda tüstü bacalarını təmizləyən bir qurum yoxdur:

“Su qızdırıcıları, evi qızdıran digər cihazların tüstü bacaları var. Tüstü bacaları evin damından yarım metr hündürə çıxarılmalıdır ki, zəhərli qazlar atmosferə atılsın. Tüstü bacasının cihaza uyğun ölçüsü var. Diametri 10 sm-dən 15 sm-ə çatır. 40 ilə yaxındır evlərdə tüstü bacaları təmizlənmir. Çünki bunu həyata keçirən bir qurum yoxdur. Bir cavabdeh qurum, orda çalışıan mütəxəssislər olmalıdır ki, camaat da tüstü bacalarını onlara təmizlədə bilsinlər”.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, dəm qazından qorunmağın bir yolu kimi tüstü bacaları, heç olmasa, iki aydan bir təmizlənməlidir. Bəs Bakı sakinləri tüstü bacalarını necə təmizləyir? Fikrini soruşduğumuz sakinlərin çoxu bacaların təmzilənmədiyini bildirdilər:

– Mən heç bilmirəm buna görə hara müraciət edim. Özüm də ki, təmizləməkdən ehtiyat edirəm.

– Bir dəfə JEK-ə gedib dedim, dedilər ki, “bizə aidiyyəti yoxdur”.

– Qonşum dəm qazından zəhərlənmişdi. Gəlib yoxlamışdılar, görmüşdülər ki, tüstü bacası dolub. Ondan sonra özüm bir dəfə təmzilədim.

– Adamlar qazdan niyə zəhərlənir? Yəqin qaz keyfiyyətsizdir də.

– Tüstü bacasını kim təmizləməlidir, dəqiq bilmirəm. Ancaq yəqin “Azəriqaz” eləməlidir.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“Biz yoxlayırıq, tüstü bacalarını təmizləmirik”

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbalayev deyir ki, tüstü bacalarının təmizlənməsi qurumun səlahiyyətinə daxil deyil. Ancaq mənzillərə baxış keçirir, tüstü bacalarının təmizlənməsi ilə bağlı xəbərdarlıq edirlər:

“Mənzillərdə tüstü bacalarının təmizlənməsi ilə “Azəriqaz” İstehsalat Birliyi məşğul olmur. 2015-ci ilin 12 ayı ərzində 255 min 919 mənzilə texniki baxış və profilaktik xidmət işləri həyata keçirmişik. Mənzildaxili qaz xətlərində hər hansı bir qüsur aşkarlanırsa, müqavilənin şərtlərinə uyğun olaraq, mənzilə qaz təchizatı dayandırılır. Ən əsası, vanna otağında təbii qazla işləyən su qızdırıcılarının həcmi təhlükəsizlik qaydalarına cavab verməlidir. Qapının çölə açılması, qapının aşağı hissəsində nəfəsliyin olması da əsas şərtdir. Ən əsası isə tüstü bacası və havalandırma sistemi işlək vəziyyətdə olmalıdır. Qazın tərkibinə gəldikdə isə qaz yoxlanılır, sertfikat verilir. Onu da deyim ki, Azərbaycan qazı ən təmiz qazlardandır. Tərkibində heç bir problem yoxdur”.

Tüstü bacalarının təmizlənməsini əvvəllər Bakıda Mənzil İstismar Sahələri (“JEK”lər) həyata keçirib. Amma daha bu işlə məşğul deyillər. Bakı şəhər icra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti ilə əlaqə saxlasaq da, bu mövzuda danışan tapılmadı.

Bir neçə ay əvvəl dəm qazından həyatını itirmək təhlükəsi ilə üzləşmiş 65 yaşlı Kifayət Səfərova da həmin hadisədən sonra tüstü bacasını təmizlətmək istəyir. Ancaq hansı orqana müraciət edəcəyini bilmir.

Buna da bax: Qız qalası, yoxsa "novostroyka"?- [Fotolar]

XS
SM
MD
LG