Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:07

Dünya Səhiyyə Təşkilatı ‘immunitetə çox da ümid etməyin’ deyir


DST: Michael Ryan (solda), baş katib Tedros Adhanom Ghebreyesus və Maria Van Kerkhove
DST: Michael Ryan (solda), baş katib Tedros Adhanom Ghebreyesus və Maria Van Kerkhove

Dünya Səhiyyə Təşkilatı (DST) aprelin 17-də xəbərdarlıq edib ki, seroloji testlərin insanın koronavirusa qarşı immunitetli olduğunu və ya bu virusa bir daha yoluxmayacağını göstərdiyinə dair hələlik heç bir dəlil yoxdur.

DST-nin yeni və zoonoz xəstəliklər departamentinin başçısı, doktor Maria D. Van Kerkhove Cenevrədə keçirdiyi mətbuat konfransında izah edib ki, anticism testləri serumun və anticismlərin səviyyəsini göstərir, lakin bu hələ anticismi olanların immun olduğunun isbatı deyildir.

Seroloji və anticism testləri hər hansı insanın keçmişdə COVID-19 xəstəliyini simptomlu və ya simptomsuz keçirdiyini və sağaldığını da göstərir.

Sağalanlar sağalıbmı?

CNBC yazır ki, bütün dünya boyunca koronavirusa yoluxmuş 2.1 milyon insandan 560 mini “sağalmış” kimi qeydiyyatdan keçib.

Lakin infeksion xəstəlik ekspertləri bu rəqəmin reallıqda daha böyük olduğunu deyirlər. Belə vəziyyət bir çoxlarının xəstəliyi özündən xəbərsiz keçirməsi və yoxlanmaya ehtiyac duymaması və ya sadəcə test olunmaması ilə bağlıdır.

Birləşmiş Ştatlarda anticism testlərinə yenicə başlanıb.

Prezident Donald Trump ştatlara tövsiyə edib ki, gələcəkdə fiziki məsafə kimi tədbirlər yumşaldılsa da, adamların test edilməsini təşkil etsinlər.

Koronavirusa ABŞ-da 671 min nəfər yoluxub.

Xanım Kerkhove deyib ki, DST rəsmiləri bir çox ölkələrdə keçirilən testlərin immunitetin səviyyəsini müəyyən etmək qabiliyyətində olduğunu bildirirlər:

“Bu testlərin keçirilməsindən fayda budur ki, anticismlərin səviyyəsi müəyyən olunur. Anticismlər insan xəstəliyi keçirdikdən bir və ya iki həftə sonra özünü büruzə verir. Amma biz hələlik seroloji testin insanın xəstəlikdən immun olduğunu və gələcəkdə bu xəstəliyə təkrar yoluxmayacağını göstərdiyini görmürük”.

Testlərin dəqiqlik problemi var

DST-nin fövqəladə vəziyyətlər proqramının başçısı doktor Mike Ryan bildirib ki, alimlər hələlik bu infeksiyadan sonra immunitetin hansı müddət üçün yarandığını də bilmirlər:

“Bədənində anticism olanların bu xəstəliyə qarşı qorumalı olduğunu tam əminliklə demək olmur. Üstəlik testlərdən bəzilərinin dəqiqlik problemi də var. Bu testlər səhvən xəstəliyin olmadığını göstərə bilir”.

Bu həftənin əvvəllərində DST bildirmişdi ki, koronavirusdan sağalmış adamların heç də hamısında gələcəkdə bu xəstəliyə müqavimət göstərəcək anticismlər tapılmayıb.

Bu isə belə bir narahatlıq yaradır ki, COVID-19-dan sağalmaq immunitet yaratmaya da bilər.

Çinin Şanxay şəhərində keçirilmiş ilkin araşdırmalar göstərib ki, bəzi pasientlərdə “anticism reaksiyası müşahidə olunmayıb”, amma digərlərində isə bu reaksiya, əksinə güclü olub.

Maria D. Van Kerkhove deyib ki, güclü anticism reaksiyası olanların ikinci dəfə infeksiyadan immun olub-olmaması “başqa bir məsələdir”.

XS
SM
MD
LG