Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:02

Ekspert: Hökumət dindarları hələki yoxlayır...


Dini icma liderlərinin saxlanmaları nədən xəbər verir?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Dini icma liderlərinin saxlanmaları nədən xəbər verir?

Ekspert hesab edir ki, son həbslər, dindirmələr daha çox dəqiqləşdirici xarakter daşıyır və bu şəxslərin İranın siyasəti ilə idarə olunduğu, Azərbaycana təhlükə yaradıb-yaratmadığını müəyyənləşdirir

Bu gün oktyabrın 27-də Bakı Apellyasiya məhkəməsi Azərbaycan Ruhanilər Birliyinin üzvü Sərdar Babayevin şikayətini təmin etməyib, onu həbsdə saxlayıb.

Sərdar Babayevi oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Barəsində dövlətə xəyanət ittihamı ilə cinayət işi başlanıb.

Ailə üzvləri AzadlıqRadiosuna deyiblər ki, Sərdar Babayev özünü Azərbaycanla İran arasında gərginliyin qurbanı hesab edir və ona verilən dövlətə xəyanət ittihamını qəbul eləmir.

O özünü təqsirli bilmədiyini deyərək, istintaqa ifadə verməkdən də imtina edib.

Son günlər Dövlət Təhlükəsizlik Xidməti əsasən, dindar qruplardan olanlarla bağlı əməliyyatlar keçirir. Bir neçə gün öncə yayılan xəbərə görə, Azərbaycan Ruhanilər Məclisinin üzvləri - Cəlal Şəfiyev, Qadir Məmmədov, Təmkin Cəfərovun evində axtarış aparılıb, onların telefon və kompüterləri müsadirə olunub, özləri isə saxlanıb. Amma dindirmələrdən sonra onlar sərbəst buraxılıblar.

Hər üç şəxs, eləcə də Sərdar Babayevin əməkdaşlıq etdikləri sayt indi bağlanıb. Eyni adlı YouTube səhifəsində isə İranın ali dini liderinin şəkillərindən, onun sitatlarından geniş istifadə olunur.

Dindarların saxlanması, saytların bağlanması nələrdən xəbər verir?
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

Deputat: “Azərbaycanda casus şəbəkəsi formalaşıb”

Oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu da sosial şəbəkədə canlı yayım vasitəsilə evinə DTX əməkdaşlarının gəldiyini bildirib.

Elə həmin gecə o, yenidən canlı yayımda Dövlət Təhlükəsizlik Xidmətində şahid kimi dindirildikdən sonra buraxıldığını, bir müddət sosial şəbəkələr və zənglərdən kənarda qalacağını açıqlamışdı. Həmin vaxtdan sonra ilahiyyatçı ilə əlaqə yaratmaq mümkün olmayıb.

Ard-arda yayılan bu xəbərləri şərh edən Milli Məclisin deputatı Fazil Mustafa hesab edir ki, Azərbaycan daxilində İrana bağlı şəbəkələr var. O düşünür ki, belə şəbəkələri zəiflətmək üçün bu cür əməliyyatlar zəruridir:

“Azərbaycanda böyük bir şəbəkə fəaliyyət göstərir. Bu şəbəkə Azərbaycanda məscidlər, yas mərasimləri vasitəsi ilə öz təsir gücünü artırıb. Xeyli insan İrana təhsil almağa göndəriliblər. Bu da Azərbaycana qarşı böyük bir casus şəbəkəsi formalaşdırıb. Ona görə də bizim hüquq-mühafizə orqanları vaxtında bunun qarşısını almaq üçün daha ciddi işlər görməli idi”.

Dövlət hələ zondaj edir

Turan İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev isə hesab edir ki, son həbslər, dindirmələr daha çox dəqiqləşdirici xarakter daşıyır və bu şəxslərin İranın siyasəti ilə idarə olunduğu, Azərbaycana təhlükə yaradıb-yaratmadığını müəyyənləşdirir.

O deyir ki, heç rəsmi məlumatlarda da əməliyyatların İran şəbəkəsinə qarşı aparıldığı açıqlanmır. Amma o, son olayların İran-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə bağlılığını istisna etmir:

“Əsaslar da ondan ibarətdir ki, Azərbaycanda din dövlətdən ayrıdır. İranda isə din dövlətə bağlıdır. Əslində dövləti din idarə edir. İranın din siyasəti dövlət siyasətidir. Ona görə də istəsən də, istəməsən də dini münasibətlər, siyasi münasibətlərə çevrilir. Bu reallıqdır”.

Son zamanlar İranla Azərbaycan hökuməti arasında münasibətlər gərginləşib. İran Azərbaycanı İsarillə əməkdaşlıqda, Azərbaycan isə İranı müharibə vaxtı Ermənistana dəstək olmaqda ittiham edir.

Bu gərginlik fonunda hətta İranın Ali dini lideri Əli Xameneyinin Bakıdakı nümayəndəsinin ofisi də bağlanıb.

Amma son bir həftədə Bakı ilə Tehran rəsmiləri arasında bir-birinə qarşı daha mülayim bəyanatlar səslənir. Buna baxmayaraq, Azərbaycanda dini icma liderləri arasında saxlananlarla bağlı xəbərlərin arası kəsilmir. Hələlik Bakıdan onlara qarşı irəli sürülən ittihamların detalları barədə rəsmi açıqlama verilməyib.

XS
SM
MD
LG