Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

Vəkilin DTX-ya qarşı şikayəti barədə yeni qərar: 'Məhkəmə baxmalıdır'


Fariz Namazlı
Fariz Namazlı

Vəkil Fariz Namazlı Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) şikayətçi olsa da, Səbail rayon Məhkəməsi onun şikayətinə baxmaqdan imtina etmişdi. Apellyasiya məhkəməsi həmin qərarı qanunsuz və əsassız sayaraq ləğv edib.

F.Namazlının şikayəti yenidən baxılması üçün Səbail rayon Məhkəməsinə qaytarılıb. Oktyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

Vəkilin şikayətinə avqustun 31-də saat 21:00 radələrində onun dostlarıyla kafedə olduğu zaman saxlanılıb DTX-ya aparılması və 3 saatdan artıq orada şahid qismində dindirilməsi səbəb olub.

"Şahid qismində dindirilsəm də, şübhəli şəxs kimi aparılmışam"

F.Namazlının fikrincə, öncədən heç bir çağırış olmadan, iş vaxtından sonra saxlanılması, telefonunun əlindən alınması və s. tutulmağa bərabərdir: "Əgər mənim şahid kimi dindirilməyimə zərurət vardısa, iş vaxtında, öncədən məni məlumatlandırmaqla DTX-ya dəvət edə bilərdilər. Məni tutub aparıblar, telefonumu götürüblər. O müddətdə telefonum DTX əməkdaşlarında olub. Mən şahid qismində dindirilsəm də, şübhəli şəxs kimi aparılmışam. Mənə qarşı baş verənlər, əslində, tutulmağa bərabərdir".

Vəkil DTX əməkdaşlarına məxsus avtomobildə, onların əhatəsində aparılıb. O deyir ki, oraya çatanadək niyə aparıldığını bilməyib və tutulduğunu düşünüb.

F.Namazlının şikayəti üzrə sentyabrın 24-də Səbail rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Hakim Azər Tağıyev şikayəti icraata götürüb araşdırmaqdan imtina edib. Vəkil bu qərardaddan apellyasiya şikayəti verib.

F.Namazlı məhkəməyə şikayətində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi həyata hörmət hüququ), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusunun tanınmasını istəyib.

Xatırlatma

Avqustun 31-də axşam saatlarında vəkil F.Namazlının Bakıdakı kafelərdən birində DTX əməkdaşları tərəfindən saxlanması barədə məlumat yayılıb. Təxminən 4 saat sonra dostları onun sərbəst buraxıldığını söyləyiblər.

Sentyabrın 1-də vəkilin özü sosial media hesabından açıqlama yayaraq DTX-da sorğulanan bir cinayət işi üzrə şahid qismində dindirildirildiyini təsdiqləyib və əlavə edib ki, dindirildiyi cinayət işi barədə hər hansı bilgi verə bilməyəcək.

F.Namazlının saxlanılaraq aparılması və dindirilməsi ilə bağlı deyilənlərə DTX-dan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG