Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:02

DTX Vilyam Hacıyevin nədə günahlandırıldığını açıqladı [Video]


İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bugün, mayın 7-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı (artıq keçmiş) Vilyam Hacıyevlə bağlı açıqlama yayıb.

Qurum bildirir ki, V.Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməsi və ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına şübhə yaranıb:


"Mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri,...və maddi sübutlar aşkar edilərək götürülüb".

Açıqlamaya görə, istintaq araşdırmaları zamanı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət vəsaiti hesabına inşa olunmuş çoxmənzilli yaşayış binasında mənzillərin rüşvət əvəzində verilməsinə şübhələr müəyyən edilib: "Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib. Həmçinin, Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib".

İddiaya görə, bundan başqa, V.Hacıyevin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair də məlumatlar var: "...Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".

Bu iddialara, hələlik, V.Hacıyevin, baş mühasibin və müdafiə tərəfinin münasibətini öyrənmək mümkün olmayıb.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimidir.

Vilyam Hacıyev həbs edilib

Bugün, mayın 6-da Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyev barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Bu barədə məhkəmədən məlumat verilib.

Bildirildiyinə görə, prosesdə təqdimat təmin edilib və V.Hacıyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

V.Hacıyevə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham irəli sürüldüyü bildirilir.

Amma ittihama V.Hacıyev və onun vəkilinin münasibətini, hələlik, öyrənmək mümkün olmayıb.

.

DTX əməliyyatından sonra İmişlidə keçirdiyimiz sorğu
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Prezident Vilyam Hacıyevi işdən çıxardı

Vilyam Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə mayın 6-da prezident İlham Əliyev sərəncam imzalayıb.

63-yaşlı V.Hacıyev 2012-ci ildə bu vəzifəyə təyin edilmişdi. Ondan əvvəl isə o, Samux və Göygöl rayon icra hakimiyyətləri başçısı olmuşdu.

DTX-nın İmişlidə əməliyyat keçirdiyi bildirilir

Mayın 5-i, saat 10:30-dan başlayaraq İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna rayon sakinləri məlumat veriblər. Onların vurğulamasına görə, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti ( DTX) həyata keçirir.

Şahidlərin deməsinə görə, inzibati binanı çoxsaylı polis əməkdaşları qəfil üzük qaşı kimi mühasirəyə alıblar, əraziyə hər tərəfdən giriş məhdudlaşdırılıb.

Amma bu məlumatı, hələlik, istət rayon icra hakimiyyəti, istərsə də DTX-dan dəqiqləşdirmək mümkün olmayıb.

İnsanlar icra hakimiyyətinin ətrafına toplaşıb

Yerli ictimaiyyət nümayəndələrinin AzadlıqRadiosuna bildirməsinə görə, İmişli rayonunda belə bir əməliyyatın keçiriləcəyi gözlənilən idi. Son günlər sosial şəbəkələrdə adları "DOST İş Mərkəzi" tərəfindən işə götürülənlər siyahısında gedən rayon sakinlərinə qəflətən əməkhaqqı kartlarının paylanması barədə məlumatlar yayılıb. İddialara görə, bəzi şəxslərə bu kartlarla bankomatlardan çıxarılmış pulların bir qismi qaytarılıb. Onların bəzilərinin hüquq-mühafizə orqanlarına şikayət etdiyi söylənir. Amma yerli icra hakimiyyətinin məsul əməkdaşları bu məlumatları təkzib ediblər.

Adının açıqlanmasını istəməyən sakinlərdən birinin sözünə görə isə, koronavirus pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə çatdırılması nəzərdə tutulan yardımlarla bağlı da araşdırma aparılır. Onun vurğulamasına görə, yardımların çatdırılmasında pozuntulara yol verildiyi iddia edilir. Amma, bu məlumata, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Son günlər Baş Prokurorluq ölkənin bir sıra rayonlarında icra nümayəndələrinin karantin rejimini pozması və ayrılan yardımları yaxınlarına paylamasına şübhələrin yaranması ilə bağlı cinayət işinin açılmasına dair məlumatlar yayıb. (Koronavirus pandemiyası ilə bağlı aprelin 24-dən Azərbaycanda karantin rejimidir) Həmin məlumatların birində də İmişli rayonunun Bəhrəmtəpə qəsəbə icra nümayəndəsi vəzifə səlahiyyətlərini aşaraq qanunsuz arayışlar verməkdə şübhəli sayılırdı.

Bu açıqlamaya da icra nümayəndəsi və onun yaxınlarından münasibət almaq cəhdləri, hələlik, nəticə verməyib.

Hazırda yüzlərlə İmişli sakininin rayon icra hakimiyyətinin ətrafına toplaşdığı bildirilir.

Xatırlatma

Bundan bir həftə əvvəl, aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirmişdi. Bir gün sonra, aprelin 30-da da icra hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçilib. O, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamıyla üzləşib.

Onun və vəkilinin, hələlik, bu ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

DTX ondan əvvəl də Neftçala və Ağstafa rayonlarında oxşar əməliyyatlar keçirmişdi.

XS
SM
MD
LG