Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:08

Duqinin qızının ölümü kimə lazım idi


Aleksandr Duqin (ortada) qızıyla vida mərasimində
Aleksandr Duqin (ortada) qızıyla vida mərasimində

Stanovayanın fikrincə, Duqinanın qətli müharibənin gedişindən qeyzli ifrat-sağçıların narazılığını dərinləşdirəcək, Rusiya rəhbərliyinin radikallaşmasına dəstək artacaq

Moskvada tanınmış ifrat sağçı ideoloq Aleksandr Duqinin qızının ölümündə 42 yaşlı ukraynalı qadının suçlanması təhlilçilər arasında şübhə yaradıb. Onlar FSB-nin bu iddialarında kremldaxili çəkişmə izləri görürlər və deyirlər ki, Rusiyanın müharibəni uduzması görüntüsü yaranarsa, belə hücumların sayı artar.

Şübhələrə bu qətlin sürətlə “açılması” rəvac verib. Federal Təhlükəsizlik Xidməti (FSB) 29 yaşlı Darya Duqinanın ölümündən cəmi iki gün sonra bildirib ki, avtomobilə bombanı Ukrayna gizli xidmətinin agenti qoyub. Duqina özü də Rusiyanın ifrat-sağçı icmasının parlayan ulduzu idi.

FSB adətən, siyasi qətllər belə sürətlə açmır. 2020-ci ilin avqustunda müxalifətçi Aleksey Navalnının zəhərlənməsi üzrə heç cinayət işi başladılması. Duqina işi isə 36 saatdan da az bir müddətdə “açıldı”.

Moskva sui-qəsddə ittiham olunan 42 yaşlı ukraynalı Nataliya Vovkun ifrat-sağçı Azov batalyonun üzvü olduğunu deyir. Rusiya bu qrupu neonasist, “ekstremist” adlandırır.

Suallar

FSB-nin versiyası suallar yaradır: ukraynalı agent Rusiyaya necə girib-çıxıb, axı, sərhədçilər hər bir ukraynalını yaxından yoxlayır, telefonlarında axtarış aparır.

Ukrayna niyə Duqinləri hədəf almalıydı? Çoxları ata-balanın nüfuzunun şişirdildiyini, onların təsirinin getdikcə azaldığını düşünür. Həm də Rusiyada müharibə tərəfdarı olan tanınmış şəxslər az deyil.

Bütün bu suallar fonunda bəzi müşahidəçilər hücumu Rusiya elitası daxilində çəkişmə əlaməti kimi yozmağa başlayıblar. Ukraynanın artıq yeddinci aya keçən işğalında gözlənilməz böyük itkilər verilir, gözəçarpan qələbə sayı azdır.

“Çox güman, Putinin ətrafında müharibəni bitirməyi vacib sayan ‘sülhpərvərlər’lə Duqin kimi ‘müharibə tərəfdarları’ arasında çəkişmə güclənib”, – Kiyevdə siyasi təhlilçi Viktor Nebojenko AzadlıqRadiosuna deyib.

Danışıq tərəfdarı olanlar...

Putin Ukraynanı işğal etmək qərarını bir qrup yaxın adamının iştirakıyla vermişdi və bu, Rusiya elitasında çoxunu sarsıtmışdı. Putin Ukraynanı bir neçə günə tutaraq Kiyevdə moskvapərəst hökumət qurmağı planlayıbmış.

İşğal yubanır, Rusiya bəzi itkilər verir və Duqini əsas ideoloqlarından sayan millətçi qruplar aşkar gileylənirlər ki, Moskva Ukraynanı zəbt etməyə o qədər də səy göstərmir. Bu qruplar daha aqressiv taktikaya çağırırlar.

Nebojenkonun fikrincə, Qərblə danışıqlar yoluyla həll tərəfdarı olanlar “öz mövqelərini möhkəmləndirmək üçün… Duqini aradan götürmək” istəyə bilərdilər.

Rusiya və Ukraynada sağ-qanad hərəkatları üzrə ekspert Anton Şexovtsov deyir ki, Duqinanın ölümü Kremldəki çəkişmələrin nəticəsidirsə, onda müharibəni qızışdırmaq istəyənlərə köməyi olacaq.

Bütöv bir nəsil...

Rusiyalı siyasi təhlilçi Tatyana Stanovaya da bu fikirlə razıdır. Onun sözlərinə görə, Duqinanın ölümü “mühafizəkar düşərgənin radikallaşmasına” səbəb olacaq.

Keçmiş professor, ifrat sağçı Duqinin Rusiyanın Ukraynanı işğal etməsində rolu olduğu deyilir. O, Ukrayna da daxil olmaqla avtoritar Avrasiya dövləti yaratmağa çağırır.

“Duqinin ideologiyası bütöv bir mühafizəkar və radikal fəal və siyasətçi nəslinə təsir göstərib. İmkan verilsə, onlar əsas prinsiplərinin dövlət siyasətinə uyğunlaşdırılmasına çalışarlar”, – təhlilçilər Anton BarbaşinHanna Toburn 2014-cü ilin martında yazırdılar.

Siyasi təhlilçilər Duqinin neoavrasiyası hərəkatını faşist sayır, Duqin özü də zorakılığa çağırışlar edib. 2014-cü ildə Ukraynanın şərqində Moskvanın dəstəyilə separatçılıq baş qaldıranda Duqin Rusiya dövlət televiziyasına deyirdi ki, “ukraynalıları öldürmək, öldürmək, öldürmək lazımdır”.

Təsir azalıb?

Putin özü də bəzən Duqinin ekspansionist dili və baxışlarını səsləndirib. Ancaq ideoloqun prezidentə nə dərəcədə təsir göstərməsi aydın deyil.

Bəzi təhlilçilər bu təsirin 2014-cü ildə zəiflədiyini deyir. Onda o, Putinin Ukraynadakı separatçılara tərəddüdlə dəstək verdiyini deyir, bundan məyusluğunu dilə gətirirdi. Həmin ilin iyulunda Duqin xəbərdarlıq edirdi ki, dəstək artırılmasa, separatçılar Ukrayna hökumət qüvvələr ilə müharibəni uduzarlar. O, “vətənpərvərlərin” Kremlin tərəddüdünü “xəyanət əlaməti saydığını” söyləyirdi.

Bəzi təhlilçilər Duqinanın avqustun 20-də öldürülməsini hökumətin sağ-qanad elementlərə mesajı adlandırırlar. Siyasi təhlilçi, Kremlin tənqidçisi Andrey Piontkovski deyir ki, bu qətl Duqinə Putini tənqid etməsinə görə Rusiya təhlükəsizlik xidmətlərinin “xəbərdarlıq”dır.

Radikallaşmaya dəstək

Stanovayanın fikrincə, Duqinanın qətli müharibənin gedişindən qeyzli ifrat-sağçıların narazılığını dərinləşdirəcək, Rusiya rəhbərliyinin radikallaşmasına dəstək artacaq.

O, Rusiyada ideoloji münaqişələrin tezliyinin və qəddarlığının yalnız yüksələcəyi ilə bağlı xəbərdarlıq edib.

Elə Duqin özü də qızının ölümündən sonra ilk bəyanatında bu narahatlığa əsas vermiş olub.

“Ürəklərimiz sadəcə intiqam hissiylə yanmır. Bizə Ukrayna üzərində qələbə lazımdır. Qızım həyatını qələbə mehrabına qurban verdi. Ona görə də lütfən, qalib gəlin!” – o, avqustun 23-də yazıb.

XS
SM
MD
LG