Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

Marukyan: Azərbaycan Laçın dəhlizini nəzarətə götürmək istəyir


Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan

Rəsmi Bakının bildirdiyinə görə Ermənistan Laçın dəhlizindən “qanunsuz hərbi məqədlər” üçün istifadə edir

Azərbaycan Laçın dəhlizi üzərində nəzarəti tam ələ almaq üçün əsas yaratmağa çalışır.

Bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində deyib.

Azərbaycan XİN noyabrın 24-də bəyan edib ki, avqust ayından bəri Azərbaycan və Ermənistan sərhədinin Kəlbəcər və Laçından keçən sektorunda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar aşkar edilib.

Rəsmi Bakının bildirdiyinə görə bu, Ermənistanın Laçın dəhlizindən “qanunsuz hərbi məqədlər” üçün istifadə etdiyini göstərir.

Edmon Marukyan bildirib ki, Bakının bu bəyanatları aydın məqsəd güdür:

“Bu nə üçün edilir? Bunu yalnız bir şeyə görə edirlər – onlar Laçın dəhlizi üzərində nəzarətə nail olmağa cəhd göstərirlər. Bu “sousu” da bunun üçün hazırlayıblar. Biz indi buna cavab vermişik və bütün beynəlxalq partnyorlarımıza bildirmişik ki, bu minalar göstərilən yerlərdən, yəni Ermənistan Respublikasının işğal edilmiş ərazilərindən çıxarılıb”.

“Niyə indi tapılıb?”

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti başçısının müavini Ceyhun Şadlinski demişdi ki, “Rusiya sülhməramlılarının dislokasiya olunduğu əraziyə silah daşınmasına və yeni hərbi təxribatlara hazırlıq görüldüyünə” dair faktlar var.

Azatutyun xatırladır ki, Azərbaycan tərəfi “minalanmış əraziyə” Rusiya sülhməramlı kontingentinin komandanını və xarici ölkələrin hərbi attaşelərini dəvət etmişdi.

Edmon Marukyan daha sonra deyib:

“Əgər onlar bu ərazi üzərində nəzarəti avqust ayında ələ alıblarsa, minaları niyə indi, noyabrda tapıblar. Realllıq belədir: Azərbaycan piyadalara qarşı minaları Ermənistan Respublikasının 140 kilometrlik işğal olunmuş suveren ərazisindən - Cermux, Zod, Xəznəvar yaxınlığından çıxarıb, onların dilində Sarıbaba deyilən yüksəkliyiə gətirib. Bununla da demək istəyiblər ki, “baxın Laçın dəhlizindən sursatın daşınması üçün istifadə olunur”".

“Bir millimetr də...”

Bugünlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, Ermənistanla Qarabağı birləşdirən yeganə yol – Laçın dəhlizi heç də tamamilə Rusiya sülhməramlılarının nəzarətində deyil:

“2020-ci il 9 noyabr bəyanatının 6-cı bəndində deyilir: “Eni 5 kilometr olan və Dağlıq Qarabağı Şuşa şəhərinə toxunmadan Ermənistanla birləşdirən Laçın dəhlizi Rusiya Federasiyası sülhməramlı kontingentinin nəzarətində qalır”. Laçın dəhlizi indiyədək tamamilə Rusiya sülhməramlılarının nəzarətində deyil. Azərbaycan ordusu Laçın dəhlizində bir neçə mövqeni özündə saxlayır”.

Azatutyun yazır ki, Bakı Yerevanı habelə “militaristləşmədə” ittiham edir.

Buna əsas kimi Ermənistanın hərbi xərcləri artırması göstərilir.

Marukyan bu iddiaları “absurd” adılandırıb və deyib ki, müdafiə xərclərinin artırılması hər hansı ölkəyə qarşı deyil.

Marukyanın sözlərinə görə Ermənistan sülh müqaviləsi prosesindən “bir millimetr də” sapmayıb.

Bakının mövqeyi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov noyabrın 24-də demişdi ki, "Ermənistan Qarabağa silah göndərmək üçün Laçın dəhlizindən istifadə edir, bu, əvvəllər əldə edilmiş razılaşmalara ziddir".

Nazir bildirmişdi ki, "dəhlizdən təyinatı üzrə istifadə olunmur və buna son qoyulmalıdır. Azərbaycan bundan ötrü lazımi addımları atacaq":

"Ermənistan üçtərəfli bəyanatın fundamental prinsiplərini pozur və bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması barədə öhdəliyi yerinə yetirmir".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG