Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:12

‘Virtual məhbuslar’. Əfqanıstanda qadın olmaq


Əfqan qadınların hicab qaydasına etirazı
Əfqan qadınların hicab qaydasına etirazı

“Əfqanıstanda qadınların və qızların sonu görünməyən böhranı dərinləşməkdədir”

Taliban idarəçiliyi əfqan qadın və qızlara “məhvedici təsir” göstərib, onlar öz evlərində “virtual məhbuslar”a çevriliblər. Human Rights Watch (HRW) insan haqları təşkilatı və San Xose Dövlət Universitetinin (SJSU) İnsan Haqları İnstitutu yanvarın 18-də açıqladıqları hesabatda belə deyirlər. Bu iki qurum Taliban ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ alandan qadınların vəziyyətini araşdırıb.

Sonu görünməyən böhran

Avqustun 12-də, paytaxt Kabili tutmazdan bir neçə gün öncə Qəzni şəhərini ələ keçirən Taliban “qadınların və qızların sağlamlıq və təhsilinə böyük maneələr yaradan, onların hərəkət, ifadə və birləşmə azadlığını məhdudlaşdıran, çoxlarını gəlirdən məhrum edən” siyasət tətbiq ediblər, hesabatda deyilir.

Humanitar böhran isə bu pozuntuları daha da dərinləşdirib. Ölkənin milyonlarla dollarlıq gəlirdən məhrum olması, yardımların kəsilməsi, nağd pul qıtlığı əfqanları ərzaq, su, sığınacaq və tibbi xidmətə çıxışdan məhrum edib.

“Əfqanıstanda qadınların və qızların sonu görünməyən böhranı dərinləşməkdədir”, – HRW-nın qadın hüquqları üzrə direktoru Hezer Barr deyib.

Onun sözlərinə görə, Talibanın siyasəti “xeyli sayda qadını və qızı öz evlərində virtual məhbuslara çevirib, ölkəni qiymətli bir resursundan, qadın əhalinin bacarıq və istedadından məhrum edib”.

BMT ekspertlərinin harayı

Bir gün öncə isə BMT-nin 36 eksperti Taliban hakimiyyətə keçəndən qüvvəyə minmiş, özəlliklə qadınlara və qızlara aid məhdudlaşdırıcı addımlardan narahatlıq bildirib.

“Qadınların ictimai, iqtisadi və siyasi sahələrdən çıxarılmasını hədəfləyən davamlı və sistematik cəhdlərdən narahatıq”, – deyən ekspertlər etnik, dini və linqvistik azlıqları təmsil edən qadınlarla bağlı narahatlığın daha güclü olduğunu vurğulayıblar.

HRW və SJSU araşdırma zamanı hazırda, yaxud bu yaxınlarda Qəzni vilayətində olmuş 10 qadından müsahibə alıblar. Onlar “ərzaq, nəqliyyat və dərsliklərin sürətlə bahalandığını, ümumi gəlirin qəfil əldən çıxdığını” deyiblər.

Qadağalar

Bu qadınların çoxu ailələrinin yeganə, yaxud əsas pul gətirəni idi, amma Taliban qadağaları ucbatından işlərini itiriblər.

Yalnız ibtidai təhsil, yaxud səhiyyə sistemində çalışanlar işdə qalıblar, amma maliyyə böhranına görə maaşlarını ala bilmirlər.

Taliban “orta və ali təhsili qadın və qızlar üçün yasaqlayıb”, hesabatda vurğulanır.

Silahlı qruplaşma “qadınların nə geyinməli, necə səyahət etməli olduğunu diktə edir, bu qaydaları qorxutma və yoxlama yoluyla tətbiq edir”.

Talibanın başçılıq etdiyi hökumət avtobus və taksi sürücülərinə örtüyə bürünməmiş qadınlara xidmət göstərməmək göstərişi verib. Eyni göstərişə görə, sürücülərin ərdə olmayan qadınları 70 km-dən uzağa maşınla aparmasına icazə yoxdur.

XS
SM
MD
LG