Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

Eldar Həsənov ittihamları qəbul etmir


Eldar Həsənov
Eldar Həsənov

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənovun haqqında həbs qərarı verildi.

Avqustun 14-də Səbail Rayon Məhkəməsində hakim bu barədə qərar çıxarıb.

Məhkəmə Eldar Həsənovun həbsdə saxlanması barədə istintaq orqanının vəsatətini təmin edib.

Onun barəsində ilkin istintaq dövrü üçün noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib.

Eldar Həsənovun haqqında istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılır. O, DTX-nın istintaq təcridxanasında saxlanacaq.

Eldar Həsənov iyulun əvvəlində həbs olunan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqındakı cinayət işi üzrə məsuliyyətə cəlb olunub.

Ona qarşı 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham irəli sürülüb.

Eldar Həsənovun ittiham olunduğu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Vəkil: "Mətbuata əlavə məlumat verilməsini istəmir"

“Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib”, - DTX-nın Eldar Həsənovun saxlanması barədə açıqlamasında bildirilir.

Amma Eldar Həsənov ittihamları qəbul etmir. O, məhkəmədə də özünü təqsirli bilmədiyini deyib.

Eldar Həsənovun vəkili Adil İsmayılov AzadlıqRadiosu-na bildirib ki, həbs qərarından apellyasiya şikayəti verəcək: “Eldar Həsənov mətbuata əlavə məlumat verilməsini istəmir”.

Eldar Həsənov 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub.

Diplomatik fəaliyyətdən öncə isə Azərbaycanda Respublika Prokurorluğuna rəhbərlik edib.

1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər baş prokuror vəzifəsində çalışıb.

XS
SM
MD
LG