Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:15

Eldar Həsənov: 'Mənə nə cəza istəyirsiniz, verin, amma o iki ünvana ləkə gətirməyin'


Eldar Həsənov
Eldar Həsənov

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənovun işi ilə bağlı dörd ay davam edən məhkəmə araşdırmaları yekunlaşıb. Dekabrın 29-da prokuror ona cəza istəyəcək.

Hərçənd, Həsənovun vəkilləri məhkəmə istintaqının bitməsinə etiraz ediblər, hələ araşdırılmalı, hüquqi qiymət verilməli bir çox məsələlərin qaldığını deyiblər. Lakin onların etirazları nəzərə alınmayıb.

Ev dustaqlığına buraxılmayıb

Dekabrın 27-də məhkəmə iclasında sabiq səfirin durumu yenə də bir neçə dəfə pisləşib, buna görə hakimlər prosesdə fasilə verməli olub. O, hər dəfə məhkəməyə gətiriləndə müşayiət edən Təcili Tibbi Yardımın həkimlərinin müdaxiləsindən sonra durumu yaxşılaşıb və məhkəməsi davam etdirilib. Bu üzdən vəkilləri onun ev dustaqlığına buraxılması, yaxud da özəl xəstəxanalardan birində müalicəsinə imkan verilməsi haqda növbəti dəfə vəsatətlər qaldırsalar da, nəticəsi olmayıb.

Həsənovun işində istintaq zamanı dindirilmiş şahidlərin bir qismi əcnəbilərdir – onun səfir olduğu ölkələrdə səfirlik üçün alınan binaların sahibləri, vasitəçi şirkətlərin rəhbərləri və s. Onların heç biri məhkəməyə gətirilib dindirilməyib, yalnız istintaqdakı ifadələri elan edilib və bir də həmin ifadələri təsdiqləmələri barədə məhkəməyə göndərilən ərizələr.

Ərizələr niyə həm də Baş Prokurorluğa göndərilir

Vəkillər ona diqqət çəkir ki, bu ərizələrin bir surəti də Baş Prokurorluğa göndərilir. Bu sözügedən əcnəbi şahidlərin məktublarından da görünür. Müdafiəçilərin sözlərinə görə, bu faktın özü prosesin prokurorluğun təsiri altında olmasının sübutudur.

"Məktubdan görünür ki, şahidin ərizəsinin bir surəti də Baş Prokurorluğun İstintaq İdarəsindən Erkin Əlixanova ünvanlanıb. Prokurorluğun məhkəmənin gedişinə müdaxilə etməyə nə ixtiyarı var? Belə çıxır ki, elə məhkəmə prosesini də prokurorluq idarə eləyir. Biz onsuz da bu məhkəmədən ədalət, obyektivlik gözləmirik. Amma belə açıq-aşkar izlər buraxmaq, qabarıq şəkildə eləmək anlaşılan deyil. Bu, məhkəmənin özünə də hörmətsizlikdir", – vəkil Cavad Cavadov belə deyib.

Müdafiəçi xaricdən göndərilən şahid ərizələrinin məzmununun eyni olmasına diqqət çəkərək onların eyni mənbədən idarə olunduğunu vurğulayıb.

"Başqa ölkənin vətəndaşına nə təsirimiz ola bilər?"

Bu məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokuror isə etirazla razılaşmayıb. O bildirib ki, şahidləri istintaq dövründə prokurorluğun işçiləri dindirib. Ona görə ərizənin surətini prokurorluğa göndərməklə ifadələrini təsdiqlədiklərini çatdırırlar: "Biz burada otura-otura başqa ölkənin vətəndaşına nə təsirimiz ola bilər?".

Həsənovun yeyintidə ittiham olunduğu epizodlar arasında səfirlik üçün binaların alınmasıyla yanaşı, onun səfir işlədiyi ölkələrdə parklar salınması da var. O, 2001-2012-ci illərdə Rumıniyada səfir olarkən paytaxt Buxarestdə Tey parkı, Serbiyada eyni vəzifədə işləyərkən isə Belqradda Taşmaydan parkında mərhum prezident Heydər Əliyevin abidəsi qoyulub. Sabiq səfir deyir ki, bu parkların salınması humanitar layihələr idi, səfirliyin, ümumiyyətlə, ona qarışacağı yox idi. Mərhum memar Eldar Hüseynovu da həmin ölkələrə diplomatik pasport verərək Azərbaycan hökuməti göndərmişdi.

1995-ci ilin dövlət çevrilişində iki türk

"Mənə verilən ittiham 15 yox, lap 35 epizod olsun, amma bu iki ünvanla bağlı məsələyə həssas yanaşın. Hər bir azərbaycanlı üçün müqəddəs yerlərdir. Təkcə mən yox, heç bir azərbaycanlı o iki ünvanla bağlı haram tikəyə dönüb baxmazdı, o namərdliyi boynuna götürməzdi. Müstəntiqin düşüncəsi bura qədər olub, heç olmasa, siz hakimlər xristian məkanında ulu öndərin adıyla bağlı olan yerə ləkə gətirməyin", – təqsirləndirilən keçmiş səfirin sözləridir.

Həsənov baş prokuror işlədiyi dövrdə baş vermiş bir hadisəni danışıb. Onun sözlərinə görə, 1995-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla iki nəfər türk saxlanmışdı. Onlardan biri Türkiyə, digəri isə Avstriya vətəndaşı idi. Həmin vaxt prezident olan Heydər Əliyev baş prokuror kimi ona və Ali Məhkəmənin sədri Xanlar Hacıyevə deyib ki, onların türk olması qabardılmasın: "Dedi ki, biz hamımız gəldi-gedərik, amma bu iş uzun illər arxivdə qalacaq. Sabah türk adına xələl gəlməsin. Türkiyə vətəndaşı bütün Türkiyə deyil, bütün türk xalqı deyil. Biz 11 gün işlədik, onu təmizlədik, bu gün arxivlərdə qalan materiallarda iz buraxmadıq. Bu misalı ona görə çəkdim ki, nə ittiham, nə cəza istəyirsiniz verin, amma o iki ünvana ləkə gətirilməsin".

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin, sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat verib.

XS
SM
MD
LG