Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:50

'Neft və qaz ölkəsində qaza, işığa limit məntiqsizdir'


'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib

Prezident İlham Əliyev oktyabrın 25-də "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda "Azərenerji" ASC və "Azərbaycan" İstilik Elektrik Stansiyasının modernizasiyasının əhəmiyyətindən bəhs edilir. Sənəddə vurğulanır ki, bu, ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, təbii qaza qənaət və yeni iş yerlərinin açılması baxımından əhəmiyyətlidir.

İndi bəzi sosial şəbəkə istifadəçiləri narahatlıq ifadə edirlər ki, bu sərəncamda adətən kommunal xidmətlərin qiymətləri artırılanda göstərilən faktorlara istinad olunur. Onlar narahatdırlar ki, Azərbaycanda elektrik enerjisinin qiymətlərinə yenidən baxıla bilər.

Ötən il tariflərə dəyişiklik edilib

Azərbaycanda elektrik enerjisinin qiymətində dəyişiklik sonuncu dəfə ötən ilin bu ayı- oktyabrda baş verib. Tarif (Qiymət) Şurasının qərarına görə, əhali üçün tarif diferensiasiyası dəyişib. Qərardan əvvəl elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək (7 qəpik) və 300 kVts-dan çox (11 qəpik).

Tarif Şurasının həmin və hazırda qüvvədə olan qərarına görə, üç kateqoriya yaradılıb: 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts - 300 kVts arası 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts. Onda müstəqil ekspertlər bunu qiymət artımı kimi dəyərləndirmişdi. Tarif Şurası isə təbii qaz qiymətlərinin sürətli artımının dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan verdiyini bildirmişdi.

"Elektrikin qiyməti ilə bağlı məsələləri biz həll etmirik"

"Azərenerji» ASC-dən "Turan"a deyilib ki, qurum elektrik enerjisi istehsal edir: "Biz istehsalçıyıq və elektrik enerjisinin qiyməti ilə bağlı məsələləri biz həll etmirik. Ona görə də bununla bağlı bir söz deyə bilmərik".

M.İbrahimqızı
M.İbrahimqızı

Bu sahədə qiymət artımının yaxın vaxtlarda olub-olmayacağına, hələlik, Tarif Şurasından da cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Məlahət İbrahimqızı agentliyə bildirib ki, sözügedən sərəncam qiymətlərin artırılmasına işarə etmir: "Ölkəmizdə enerji sahəsində çox ciddi islahatlar gedir. Azərbaycan tək neft-qaz ölkəsi deyil, həm də elektrik enerjini ixrac edən ölkədir. Bu baxımından da islahatlar davam edir".

Deputat qeyd edib ki, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə əsasən, 2030-cu ilə qədər dünya ölkələrinin əksəriyyəti yaşıl enerji və ətraf mühit sahəsində ciddi işlər görməlidir: "Bu mənada Azərbaycanda da son illərdə bərpaolunan enerji ilə bağlı ciddi işlər görülür, bu sahəyə investisiyalar qoyulur. İşğaldan azad olunan torpaqlarda bu sahədə xeyli işlər görülüb və bu proses davam edir".

"Bir gün ayılırıq ki, qiymətlər qalxdı"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, istənilən an qiymət artımı gözləmək olar: "Çünki Azərbaycan hökuməti hansısa bir ciddi qiymət artımından, xüsusilə də kommunal xidmətlərdə qiymət artımından öncə bunu heç vaxt nə bəyan edir, nə də bununla bağlı ictimai müzakirələr təşkil edir. Bir gün ayılırıq ki, qiymətlər qalxdı".

Amma o da sərəncamın məqsədini qiymət artımı ilə izah etmir: "İndi Azərbaycan Avropa Birliyi, Türkiyə və digər ölkələr qarşısında öhdəlik götürüb ki, qazın ixracatını artıracaq. İxracatı artırmaq üçün hasilat da ona adekvat artmalıdır. Amma hasilatın eyni ölçüdə artması ehtimalı çox aşağıdır. Çünki yeni yataqların işlənilməsi təzə başlayıb və onların ehtiyatları nə qədər olacağı dəqiq bilinmir".

N.Cəfərli
N.Cəfərli

"Sərəncamın əsas məqsədlərindən biri…"

İqtisadçının fikrincə, ona görə də sərəncamın əsas məqsədlərindən biri elektrik enerjisi istehsalını qaz modul tipli stansiyalardan başqa alternativ mənbələrə keçirməkdir: "Hökumətin istəyi odur ki, təbii qaza qənaət olunsun, həmin qənaət olunmuş həcmlər Avropaya və Türkiyəyə ixrac olunsun".

N.Cəfərli deyir ki, rəsmilər tez-tez Azərbaycandakı kommunal xidmətlərin qiymətlərini Avropa ilə müqayisə edirlər: "Amma nədənsə həmin ölkələrin maaşlarını və təqaüdlərini Azərbaycandakı maaşlarla müqayisə etməkdən yayınırlar. Bizdə Avropa ilə müqayisədə həmin qiymətlərin ucuz olması əhalinin gəlirlərin çox aşağı olduğuna görədir. Gəlirlərin çox aşağı olduğunu nəzərə alsaq, ölkədəki qiymətlər yüksəkdir. Hələ neft və qaz ölkəsində qaza, işığa limitlərin olması, ümumiyyətlə, məntiqsizdir".

XS
SM
MD
LG