Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:13

Məcburi köçkünlər Qaraçuxurda aksiya keçirir


Bu gün, fevralın 7-də Bakının Qaraçuxur qəsəbəsində məskunlaşmış məcburi köçkünlər etiraz aksiyası keçiriblər.

Aksiyada məcburi köçkünlər müxtəlif məsələlərlə bağlı narazılıqlarını dilə gətiriblər.

«24 ildir köçkün düşmüşük. Bizə 24 ildir qaz vermirlər. Fövqəladə Hallar Nazirliyi deyir ki, bina qəzalıdır, olmaz. 24 ildir «tok»dan asılı vəziyyətdə qalmışıq. Hər şeyi işıqla edirik. Neyləyək, istifadə etməyək, qırılıb-ölək?.. Biz oğullarımızı, ərlərimizi bu torpağa qurban verib gəlmişik», - Zəngilan rayonundan olan Lətafət adlı məcburi köçkün deyib.

Digər etiraz edənlər isə bildiriblər ki, onların hamısına 300 manata qədər aylıq elektrik qəbzi gəlib.

«SİÇOVULLAR GECƏLƏR UŞAQLARIN AYAQLARINI, QULAQLARINI YEYİR...»

«Hamımıza 300 manat çek gəlib. Hökumətin bizə yeganə köməyi o idi ki, su, işıq pulumuzu ödəyirdi. Başqa çıxış yolu da yox idi - iş yeri yox, pulumuz yox... Gəlib hökumət baxsın, biz nə gündə yaşayırıq. Siçovullar gecələr uşaqların ayaqlarını, qulaqlarını yeyir...», - başqa bir aksiya iştirakçısı bildirib.

Buna da bax-Köçkünlərdən 'sayğaca yox' aksiyası

Onlar həmçinin, binanın həyətindən 6 min voltluq elektrik xəttinin keçdiyini bildiriblər: «Burdan 6 min voltluq elektrik xətti keçir. Hər dəfə gəlib qazırlar, üstünü də örtməyib gedirlər. Uşaqlarımız çölə çıxa bilmir».

Məcburi köçkünlərdən bəziləri isə deyiblər ki, əslində, kommunal borclarını ödəməyə hazırdırlar: «Biz demirik ki, borcumuzu ödəmirik. Binaya «qəzalıdır» deyirlər, onda köçürsünlər. Uçmasını, ölməyimizi istəyirlər? Yox, qəzalı deyilsə, qaz versinlər, biz də adam kimi yaşayaq, ödənişimizi edək».

Məcburi köçkünlər onlara 36 manat məbləğində aylıq limitin tətbiq edilməsinin də əleyhinə olduqlarını bildiriblər.

Buna da bax-Köçkün: 'Rəqəmləri görəndə damarımda qanım dondu'

Aksiyaya səslənən fikirlərə, hələlik, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb.

Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət veriləcək.

XS
SM
MD
LG