Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:03

'Elektron hökumət' istifadəçilərinin sayı niyə azdır?


Güzəştli mənzillərin satış problemi
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Güzəştli mənzillərin satış problemi (2018)

Dövlət xidmətlərinin elektronlaşdırılması son illər bütün dünyada geniş vüsət alıb. Azərbaycanda da elektron hökumətin inkişafını hökumət vaxtaşırı dilə gətirir. Bununla bağlı çoxlu layihə icra edilir, pul xərclənir. Bəs bu xərclər nə qədər fayda verir?

Hesablama Palatasının araşdırmasına görə, ölkədə elektron hökumət xidmətlərindən istifadə heç də yüksək səviyyədə deyil. Palatanın araşdırmasında bildirilir ki, Elektron Hökumətin İnkişaf Mərkəzinin (EHİM) diqqət yetirdiyi layihələrdə əhalinin elektron xidmətlərdən istifadə çəkisinin 70 faizi aşması gözlənilir. Di gəl, elektron hökumət xidmətlərinə çıxış üçün gərəkli "ASAN Login" ilə bağlı statistikalara göz gəzdirəndə tam tərs mənzərə bəlli olub: Demə, "mənim hökumətim" –My.Gov xidmətlərindən əhalinin istifadə göstəricisi nəzərdə tutulan meyardan ən azı üç dəfə aşağıdır. Ötən il "ASAN Login" portalında unikal istifadəçi sayı təxminən 1.5 milyon nəfər olub. Bu, 16-65 yaş arası əhali qrupunun cəmi 21.1 faizi deməkdir.

Açıqlanan bilgilər göstərir ki, pandemiya dönəmində elektron hökumət portalından yararlananların sayı kəskin artıb. Əgər 2019-cu ildə "ASAN Login" portalında 506 min nəfər qeydiyyatdan keçmişdisə, ötən il bu rəqəm 1 milyon 190 min nəfərə yüksəlib. Portala toplam giriş sayı 2019-cu ildə 1.6 milyon olduğu halda, 2020 və 2021-ci illərdə 14 milyonu ötüb.

Hesablama Palatasının fikrincə, Azərbaycanda elektron hökumət xidmətlərindən istifadənin az olmasının əsas bu səbəbləri var:

1. Göstərilən xidmətlərdə əhalinin elektron iştirakçılıqla (e-iştirakçılıq) bağlı təşəbbüsünün yüksək olmaması;

2. e-iştirakçılığa dair maarifləndirmə və həvəsləndirmənin zəif olması;

3. Əhalini elektron hökumət xidmətlərinə həvəsləndirən sosial çarxların təqdim edilməməsi;

4. Bölgələrdə əhalinin elektron xidmətlərdən istifadə zamanı bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməməsi.

e-iştirakçılıq da aşağıdır

Azərbaycanda müstəqil ekspertlər hökuməti tez-tez ölkədə iştirakçılığın səviyyəsinin aşağı olmasına görə tənqid edir. İştirakçılıq (qatılma, qatılımçılıq) deyərkən, qərar qəbuluna vətəndaş cəmiyyətinin, maraq qruplarının qatılması nəzərdə tutulur. BMT-nin araşdırmasından bəlli olur ki, Azərbaycanda nəinki iştirakçılıq, eyni zamanda e-iştirakçılıq da istənilən səviyyədə deyil. e-iştirakçılıq deyərkən, qərar qəbuluna və icra prosesinə vətəndaşların rolunu artırmaq, onların düşüncə və təkliflərinin öyrənilməsi, xidmətin formalaşdırılıb göstərilərkən bunların diqqətdən yayınmaması anlaşılır. Özəlliklə son illərdə bu məsələdə Azərbaycanın mövqeyinin zəifləməsi açıqca gözə çarpır. BMT-nin ötən il dərc edilmiş "E-Goverment Survey 2022" adlı hesabatında "e-iştirakçılıq" komponenti üzrə Azərbaycan 193 ölkə arasında 2014-cu ildəki mövqeyindən 21 pillə geriləyərək 2022-ci ildə mövqeyini 98-ci yerə dəyişib.

Fərdi bilgilərin qorunması ilə bağlı risklər var

Bankların dövlətə məxsus "ASAN Finans" sistemi vasitəsilə vətəndaşların maaş və borc məlumatları kimi şəxsi bilgilərini sorğulaması tez-tez dartışma doğurur. Bununla bağlı açıqlanan göstəricilərdən bəlli olur ki, son illər "ASAN Finans" sistemi ilə banklara ötürülən bilgi həcmi daha da artıb. Hesablama Palatasının məlumatına görə, əgər 2020-ci ildə 1.6 milyon fərdi məlumatdan istifadə olunmuşdusa, 2021-ci ildə bu rəqəm təxminən üç dəfə artaraq 4.7 milyona yüksəlib. Bu artım "ASAN Finans"ın fərdi məlumatlarından istifadəyə görə əldə etdiyi gəliri də çoxaldıb. Qurumun bu tip gəlirləri 406 min manatdan 3.7 milyon manata yüksəlib.

"ASAN Finans" layihəsi çərçivəsində EHİM ilə 86 biznes tərəfdaşı arasında müqavilə bağlanıb. Bu müqavilələr fiziki və hüquqi şəxslərə dair fərdi məlumatların öncədən bilinən tarif əsasında əldə edilməsini nəzərdə tutur. Fərdi bilgilərin tutumundan asılı olaraq, hər sorğu üçün 10 qəpiklə 2 manat arasında pul alınır.

Hesablama Palatası vətəndaşların bəzi hallarda öz məlumatlarının "ASAN Finans" sistemi vasitəsilə sorğulanmasından narazılığına da toxunub. Qurum bildirir ki, bank xidmətlərindən istifadə zamanı müştəridən şəxsi bilgilərini soruşmağa icazə istənilir. Hesablama Palatasının fikrincə, bu məsələlərdə ən böyük məsuliyyət də elə vətəndaşın öz üzərinə düşür. Axı özəlliklə banklarla bağlanan müqavilələr fərdi məlumatların istifadəsinə dair şərtlər diqqətlə oxunduqdan, tam aydınlaşdırıldıqdan və bilgiləndikdən sonra imzalanmalıdır.

Olur ki, vətəndaşın banklarla birbaşa xidməti müqaviləsi olmayan hallarda da bankların mobil tətbiqləri telefona yüklənir. "ƏDV geri al" xidmətində qeydiyyat zamanı fərdi məlumatlardan istifadəyə dair razılığı heç önəm vermədən vətəndaşın özü imzalamırmı?! Belə hallar vətəndaş-bank münasibətləri fonunda gələcəkdə baş verə biləcək problem və mübahisələndirmə hallarında fərdi məlumat istifadəçisinin lehinə hüquqi əsas yaradır.

XS
SM
MD
LG