Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:28

Elektron icazələr portalının istifadəyə verilməsi ləngiyir


Foto illüstrasiya
Foto illüstrasiya

«Elektron lisenziya» portalının yaradılması yönündə işlər sürətləndirilsin. Bu tapşırığı hələ 2015-ci ilin oktyabrında prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinə vermişdi. Həmin portal sahibkarlıq fəaliyyətindən ötrü tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etməlidir. Ötən dövrdə bir çox sənədlər qəbul olunsa da, portal hələ də istifadəyə verilməyib. Şəffaflığın təmin olunması məqsədilə bu portalda lisenziya tələb edən fəaliyyət növləri üzrə lisenziya almış sahibkarlar və şirkətlər adbaad qeyd olunmalıdır.

TENDER BAŞLANANDAN 1 İL ÖTÜB

Keçən il aprelin 20-də «Lisenziyalar və icazələr haqqında» Qanunun tətbiqi haqqında fərmanda prezident portalın əsasnaməsini hazırlamaqdan ötrü nazirliyə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə bir ay vaxt vermişdi. Portalın əsasnaməsinin təsdiqlənməsinə doqquz ay tələb olundu.

2016-cı ilin iyununda İqtisadiyyat Nazirliyi «Elektron lisenziya» portalının yaradılmasına dair müsabiqə elan edərkən, tender iştirakçıları qarşısında qoyduğu tələblərdən biri təklifin tətbiqi üçün qısa müddət idi.

Portalın hazırlanması üzrə tenderdə «İnnovasiyalar Mərkəzi» MMC-nin qalib gəldiyi, onunla 737 min 901 manat dəyərində müqavilə bağlandığı bildirilir. Ekspert Osman Gündüz hesab edir ki, sahibkarlıq sahəsində lisenziyalaşdırmanın elektron tətbiqini nəzərdə tutan çoxfunksional bir sistemin qurulması üçün bu, elə də böyük məbləğ deyil.

Qubad İbadoğlu
Qubad İbadoğlu

«BU, İŞ ADAMLARINA MƏLUMATLILIQ SƏVİYYƏSİNƏ MƏNFİ TƏSİR EDİR»

İqtisadçı Qubad İbadoğlu «Elektron lisenziya» portalını biznesə başlamaqdan ötrü bərabər imkanların yaradılması baxımından olduqca əhəmiyyətli hesab edir. Bu səbəbdən o, portalın yaradılmasına məsul dövlət qurumunun fəaliyyətini tənqid edir. İqtisadçı AzadlıqRadiosuna deyib ki, portalın istifadəyə verilməsinin ləngiməsi iş adamlarına məlumatlılıq səviyyəsinə mənfi təsir göstərir:

«Lisenziyaların və icazələrin vahid reyestri açıq olarsa, həm fəaliyyətdə olan iş adamları rəqibləri barədə məlumatlı olacaq, həm də biznesə yeni qədəm qoyan iş adamlarında bazar iştirakçıları haqda təsəvvür formalaşacaq».

NAZİRLİK «BİR NEÇƏ GÜN DƏ GÖZLƏYİN» DEYİR

İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AzadlıqRadiosuna bildiriblər ki, «Elektron lisenziya» portalının hazırlanması üzərində iş başa çatıb, o, test rejimində işləyir və yaxın günlərdə portalın ictimai təqdimatı keçiriləcək.

Portal sahibkarlıq fəaliyyətinə lisenziya və ya icazələrin verilməsiylə bağlı müraciətlərin təqdim olunmasını, qəbulunu, emalını, cavablandırılmasını, lisenziya və icazələrin vahid reyestrinin elektron qaydada aparılmasını təmin edəcək. Eləcə də hər kəs portaldan sərbəst yararlana, ona inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatları əldə edə biləcək. Bunun praktik tərəfi ondan ibarətdir ki, məsələn, hündürlüyü 12 metrdən yuxarı bina inşası üçün lisenziyaya sahib olan tikinti şirkətləri haqda rahat bilgi əldə etmək mümkün olacaq. Hazırda Fövqəladə Hallar Nazirliyi bu təşkilatların siyahısını ictimaiyyətə təqdim etmir.

«Lisenziyalar və icazələr haqqında» Qanun 2016-cı il martın 15-də qəbul edilib və iyunun 1-dən qüvvəyə minib. Qanuna əsasən, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı 330-dan 87-ə endirilib.

Hazırda 25 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyaları İqtisadiyyat Nazirliyi «ASAN Xidmət» mərkəzləri vasitəsilə verir.

XS
SM
MD
LG