Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 21:23

Xamenei Əsədin çökməsində ABŞ, İsrail və Türkiyəni günahlandırıb


Əli Xamenei
Əli Xamenei

İranın ali dini lideri Əli Xamenei Suriya prezidenti Bəşər Əsədin çökməsində ABŞ və İsraili suçlayıb. Onun fikrincə, bu iki ölkə qiyamçıların üsyanını təşkil edib.

Xamenei dekabrın 11-də Suriyanın şimal-qərbindəki dayaq məntəqələrindən Dəməşqədək heç bir dirənişlə qarşılaşmayan suriyalı qiyamçıların qəfil hücumunda bir "qonşu" ölkəni – adını çəkmədən Türkiyəni də günahlandırıb.

"Suriyada baş verənlərin ABŞ və sionistlərin birgə razılığının nəticəsi olduğuna heç şübhə yoxdur", – belə deyən dini rəhbər ardınca əlavə edib: "Bəli, Suriyanın qonşu ölkəsi rol oynayıb və indi də, açıq-aşkar, rol oynayır. Ancaq əsas təşkilatçı və idarəetmə məntəqəsi ABŞ və sionist rejimidir".

"Həyat Təhrir əş-Şam" terrorçu qruplaşması və müttəfiqləri, o sıradan Türkiyə ilə bağlantılı bir neçə qruplaşma dekabrın 8-də iki həftəyədək sürən hücumla B.Əsədi çökdürdülər.

Əsədin rəhbərliyi ilə Suriya Fələstin və Livanla əlaqə yaradan çox önəmli quru dəhlizi kimi İrana xidmət edib. Ölkə İranın bölgədəki proksi və müttəfiqlərindən ibarət, "Dirəniş oxu" kimi tanınan şəbəkəsinin logistika habı da olub.

"Qızıl həlqə"

İran 2011-ci ildən vətəndaş müharibəsi yaşayan Suriyanın prezidenti B.Əsədi hakimiyyətdə saxlamaq üçün bu ölkəyə hərbi müşavirlər göndərməklə yanaşı, milyardlarla dollar xərcləyib.

Əsədin siyasi sığınacaq aldığı Rusiya da onun rejimini qorumaq istəyib. Türkiyə isə rejimin çökməsinə çalışan qiyamçı qruplaşmaları dəstəkləyib.

Xameneinin müşavirlərindən biri İranla "Hizbullah"ı əlaqələndirən zəncirdə Suriyanı "qızıl həlqə" adlandırıb. Ancaq İsraillə müharibədən sonra bu həlqə qırılıb və "Hizbullah"ın imkanları zəifləyib. Ekspertlər indi bu oxun çox zəiflədiyini düşünürlər.

Xameneinin sözlərinə görə, yalnız "cahil və bilgisiz" təhlilçilər oxun zəiflədiyinə inana bilər və o, "Dirəniş oxu"nun təsirinin bütün bölgədə əvvəlkindən daha çox genişlənəcəyinə söz verib.

Parisdə yaşayan təhlilçi Rza Əlicani AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib ki, Xameneinin açıqlamaları özünü tərifləməkdən, qarşı tərəfi təhqir etməkdən başqa heç bir anlam daşımır: "Ola bilsin, ox darmadağın olmadı, amma ona ciddi zərbə vurdular, elə İslam Respublikasının silahlarına da".

Əlicani bildirir ki, İslam Respublikasının aktiv zonasının özəyinə daxil fraksiyalar son uğursuzluqlardan sonra Xameneinin siyasətini və gələcəklə bağlı baxışlarını şübhə altına almağa başlaya bilər. Ekspertin fikrincə, bu, din xadimlərinin yüksək rəhbərliyi arasında təlaş doğurur.

XS
SM
MD
LG