Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:19

Azərbaycanda əmanətlər necə qorunur?


Manat
Manat

Mərkəzi Bank "Günay Bank"ın lisenziyasını ləğv edib. Rəsmi açıqlamada bildirilir ki, qərarın səbəbi bankın məcmu kapital miqdarının banklara müəyyənləşdirilmiş minimum miqdardan az olmasıdır. Mərkəzi Bank həmin qurumun müflisləşmə üzündən ləğvi üçün məhkəməyə üz tutub. Bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə enib. Devalvasiyadan bir qədər öncə - 2014-cü ildə Azərbaycanda 44 bank fəaliyyət göstərirdi. Bu o deməkdir ki, son 9 ildə ölkədə 20 bank sıradan çıxıb. Başqa deyimlə, ölkədəki bankların 45 faizi bağlanıb.

Mərkəzi Bankın fikrincə, "Günay Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. Ancaq unutmaq olmaz ki, ölkədə hər hansı bankın bağlanması vətəndaşların bank sisteminə güvənini sarsıdır. Digər tərəfdən, Azərbaycanda bank sektoruna güvənin yüksək olduğu onsuz da deyilə bilməz. Onu da unutmaq olmaz ki, əhalinin və biznesin depozitləri Azərbaycan banklarından ötrü həyati önəm daşıyır, axı ölkədəki bankların vəsaiti, əsasən, depozitlər hesabına formalaşır. Azərbaycanda maliyyə bazarlarının zəif inkişafı bankları depozitlərdən asılı duruma salır. Hazırda bank resurslarının formalaşmasında depozitlərin payı 80 faizdən yüksəkdir. Bu baxımdan, müstəqil ekspertlər də düşünürlər ki, Mərkəzi Bank zəif bankları bağlamaqla yanaşı, onların sağlamlaşdırılmasına da çalışmalıdır.

Kiçik banklar niyə zəifləyir?

Azərbaycanda kiçik bankların durumunu ağırlaşdıran amillərdən biri də ölkənin bank sektorunda yüksək təmərküzləşmə ilə bağlıdır. Axı ölkədə sosial ödəniş və dövlət sektorundakı əməkhaqqı kartları yalnız iki banka məxsusdur. Bunlar dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı və prezidentin ailə üzvlərinin səhmdarı olduğu "Kapital Bank"dır. Bu iki bank bank xidmətləri göstərdiyindən hər il dövlət qurumlarından milyonlarla manat vəsait alır. Eyni zamanda, ölkə əhalisinin böyük bölümü maaş və sosial ödənişləri bu banklardan aldığından həmin banklar onlara kredit satmaq üçün də üstünlük qazanır. Bu üzdən, indi ölkənin bank sistemində istər aktivlərin, istər kredit portfelinin, istərsə mənfəətin təxminən 80 faizə yaxını dövlətə və "Paşa Holdinq"ə məxsusdur. Əsas gəlirlər bu banklar arasında bölüşdürüldüyündən yerdəqalan banklar bazarda daha az paya sahib ola bilir. Mərkəzi Bankın martda yayımladığı "Maliyyə dayanıqlılığı" hesabatında da bildirilir ki, Azərbaycanda mənfəətin həcminə görə ilk üçlükdəki banklar toplam mənfəətin 78 faizinə sahiblənib. Bu üç banksa dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı və "Paşa Holdinq"ə daxil olan "Kapital Bank" və "Paşa Bank"dır. Beləcə, ölkədə biznes ortamının zəif inkişafı və məmur sahibkarlığı üzündən kiçik bankların manevr imkanları daha azdır. Bu da onların maliyyə göstəricilərinin zəifləməsinə gətirib çıxarır.

Deyildi ki, Mərkəzi Bank "Günay Bank"ın lisenziyasının ləğvini bankın məcmu kapitalının azlığı ilə əsaslandırıb. Rəsmi göstəricilərə görə, 2023-cü ilin birinci rübünün sonuna "Günay Bank"ın məcmu kapitalı 68 milyon manat olub. Bu göstərici ilə "Günay Bank" 25 bank arasında 23-cü yeri tutub. Deməli, ölkədə kapitalı "Günay Bank"dan da az olan iki bank da var. Bunlar "Bank BTB" (50.9 milyon manat) və "Bank Melli İran"ın Bakı filialıdır (37.9 milyon manat).

Əmanətlər necə qorunur?

"Günay Bank"ın bağlanması Azərbaycan banklarında depoziti olan şəxslərin narahatlığını artırır. Mərkəzi Bankın açıqlamasında qeyd edilir ki, 2023-cü ilin birinci rübünün sonuna sözügedən bankın sığortalanmış (kompensasiya olunan) əmanətləri 38.5 milyon manatdır. Bank əmanətçilərinin 99.9 faizinin əmanətləri kompensasiya olunacaq. Bu rəqəmlər daha bir maraqlı məqamı üzə çıxarır. Birinci rübün sonuna "Günay Bank"da fiziki şəxs depozitlərinin toplam həcmi 73.5 milyon manat olub. Deməli, bankın depozit portfelinin 48 faizi (35 milyon manat) onun müştərilərinin cəmi 0.1 faizinə məxsusdur. Bu isə bank sektorundakı risk amilləri ilə yanaşı, həm də ölkədə gəlir bərabərsizliyi səviyyəsinin nə qədər yüksək olmasını göstərir. Bəs Azərbaycan banklarındakı depozitlər necə qorunur?

Azərbaycanda bank depozitlərinin qorunmasını "Əmanətlərin sığortalanması haqqında" Qanun tənzimləyir. Bu qanunda qeyd edilir ki, 100 min manatadək əmanətləri dövlət sığortalayır. Başqa sözlə, vətəndaşın bankda saxladığı əmanətin məbləği 100 min manatdan azdırsa, bank bağlansa da, həmin vəsaiti geri alına bilir. 100 min manatdan çox əmanətlərinsə yalnız 100 min manatlıq hissəsini dövlət qoruyur.

Xarici valyutada saxlanılan əmanətlər də belə qorunmaya daxildir. Bu zaman müştərilərin bankda saxladığı xarici valyutadakı əmanətlərin 100 min manat ekvivalentinədək olan hissəsi sığortalanmış sayılır.

Ancaq məbləğ limiti ilə yanaşı, qanunda həmin əmanətlərə görə əldə edilən faizlərlə də bağlı şərt var. Belə ki, qorunan əmanətlər 100 min manatadək olmaqla yanaşı, maksimum illik 12 faizlə yerləşdirilməlidir. Əgər bankda yerləşdirilən əmanətə görə illik 12 faizdən yüksək faiz hesablanırsa, bu zaman həmin əmanət sığortalanmış sayılmır. Xarici valyutada yerləşdirilmiş əmanətlər üçünsə faiz şərti daha az – 2.5 faizdir.

Həmin qanunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətlə bağlı açdığı bank hesablarındakı vəsaitin də qorunması nəzərdə tutulur. Amma bu zaman qorunan məbləğlə bağlı limit 100 min manat deyil, 20 min manatdır. Bu baxımdan, bəlli olur ki, fiziki şəxslərin banklarda yerləşdirdikləri depozitlər, əsasən, qorunsa da, hüquqi şəxslərin - şirkətlərin bank vəsaiti ilə bağlı risk amilləri daha yüksəkdir. Axı "Əmanətlərin sığortalanması haqqında" Qanunda hüquqi şəxslərin vəsaitlərinin qorunması nəzərdə tutulmur.

XS
SM
MD
LG