Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:42

Əminə Ərdoğanın kitabına 1 milyon lirə xərclənməsi sorğulanır


Əminə Ərdoğan
Əminə Ərdoğan

Türkiyədə Xalqın Qurtuluş Partiyası (HKP) ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla bağlı prokurorluğa şikayət edib.

Əminə Ərdoğanın "Asırlık Tariflerle Türk Mutfağı" adlı kitabının nəşri üçün 275 min türk lirəsi (31 min dollar) xərcləndiyi, İstanbul Şüşə və Büllur Muzeyində təqdimetmə toplantısı üçünsə əlavə 700 min lirəlik (79 min dollar) müqavilə imzalandığı üzə çıxıb. Beləliklə, kitabın xərclərinin ödənilməsi üçün ümumilikdə 1 milyon lirəyə yaxın (110 min dollar) pul xərclənib. Özü də, bu vəsait ölkənin Mədəniyyət və Turizm Nazirliyinin büdcəsindən ayrılıb. Bu məsələ ilə bağlı HKP-nin vəkilləri hərəkətə keçib.

"AKP sədrinin həyat yoldaşı olmaqdan başqa heç bir vəzifəsi olmayan..."

HKP hüquqşünasları Əminə Ərdoğan, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoydan şikayət veriblər. Şikayət ərizəsində deyilir: "Respublika prezidenti vəzifəsini tutan AKP sədrinin həyat yoldaşı olmaqdan başqa heç bir vəzifəsi olmayan... Əminə Ərdoğanın yazdığı iddia edilən... kitabın təqdimatı, çapı və yayımı üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüz minlərlə lirə xərclənə bilir".

Beş sual

HKP vəkilləri ərizədə bu beş sualı da veriblər:

1- Kitab orijinaldırmı?

2- Kitabın orijinallığı ilə bağlı istər türk tarixi, istərsə də ənənəvi türk yeməkləri mövzusunda mütəxəssis olan insanların baxışlarına müraciət edilibmi?

3- Bu kitab milli, mənəvi, tarixi, mədəni və turistik dəyərləri araşdırmağa, inkişaf etdirməyə, qorumağa, yaşatmağa, milli bütünlüyün güclənməsinə və iqtisadi inkişafa …xidmət edəcək bir kitabdırmı?

4- Bu kimi sualların olduğu bir kitabın nəşri üçün 275 min lirə, təqdimatı üçün 700 min lirə pulun ayrılması hansı ehtiyacdan qaynaqlanır?

5- Hər şeyi mübahisəli olan bir kitab üçün dövlətin bir nazirliyi tərəfındən minimal əməkhaqqına işləyən 345 insanın ümumi aylıq gəliri qədər vəsaitin ayrılması nə qədər ədalətlidir?

"Peşkəş"

HKP vəkilləri ərizədə adı çəkilən şübhəlilər haqqında istintaq aparılaraq cinayət işi açılmasını tələb edib.

Şikayət ərizəsi ilə bağlı açıqlama verən HKP İdarə Heyəti üzvü Adnan Okur Əminə Ərdoğanın kitabının çapı və təqdimatı üçün dövlət tərəfindən 975 min lirənin ayrılmasını "peşkəş" adlandırıb.

"Xalqın pulu necə bu qədər rahat talana bilər? Eyni mövzuda yüzlərlə kitab varkən Əminə Ərdoğan "yazıb" deyə, bir kitaba yüz minlərlə lirə axıtmaq hansı əxlaqa sığır?", – Okur sual edir.

XS
SM
MD
LG