Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:17

Ərdoğan taxıl razılaşmasının iki ay uzadıldığını bəyan edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ukrayna taxılının Qara dənizlə daşınmasına imkan verən Qara Dəniz Taxıl Təşəbbüsünün müddəti daha iki ay artırılıb.

Ərdoğan sözü gedən razılaşma müddətinin bitməsinə bir gün qalmış, mayın 17-də bildirib:

"Ölkəmizin səyləri, rusiyalı dostlarımızın dəstəyi və ukraynalı dostlarımızın köməyi ilə Qara Dəniz taxıl sazişi müddətinin daha iki ay uzadılması qərara alınıb”.

Ərdoğan deyib ki, Rusiya Ukrayna limanlarından çıxan taxıl tankerlərinə maneə yaratmamaq vədi verib və razılaşmadan bütün tərəflər mənfəətdar olacaq.

Ərdoğanın bu bəyanatından əvvəl Moskva razılaşma müddətinin uzadılmayacağı ilə hədələmişdi.

Rusiya iddia edir ki, onun da taxıl və gübrə daşımalarına maneçilik törədilir.

Sonuncu gəmi limandan aralanarkən

Türkiyə prezidenti bu bəyanatı özünün hakim AK partiyası üzvləri qarşısında çıxışı zamanı elan edərkən, köhnə razılaşma üzrə sonuncu Ukrayna taxıl gəmisi portdan çıxmışdı.

DSM Capella gəmisi göyərtəsində 30 min ton qarğıdalı dəni ilə Çernomorsk limanından çıxaraq Türkiyəyə yola düşüb.

Ukrayna taxılının Qara dənizlə daşınmasına imkan verən pakt Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanıb və indiyədək vaxtı iki dəfə uzadılıb.

Moskva mart ayında bəyan etmişdi ki, özünün aqroixrac tələblərinə cavab verilməzsə, o taxıl sazişini 120 gün yox, 60 gün, yəni mayın 18-dək uzadacaq.

Ukrayna sazişin uzadılmasını alqışlayıb, lakin bildirib ki, ixracı sürətləndirmək lazımdır.

Rusiyanın Xarici İşlər Nazirliyi razılaşma barədə daha sonra detallı məlumat veriləcəyini bildirib.

XS
SM
MD
LG