Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Ərdoğanla Əsəd arasında vasitəçiliyi Putin edəcək?


Vladimir Putin və Bəşər əl-Əsəd
Vladimir Putin və Bəşər əl-Əsəd

Rusiya prezidenti Vladimir Putin iyulun 25-də Moskvada Suriya lideri Bəşər əl-Əsədi qəbul edib. Suriya prezidentinin Moskvaya səfəri barədə əvvəlcədən məlumat verilməmişdi.

Rusiya prezidenti mətbuat xidmətinin teleqram kanalında yayılmış videoda Putin və Əsədin gülümsədikləri və tərcüməçilər vasitəsilə söhbət etdikləri görünür.

Putin bu söhbət zamanı qonağından Yaxın Şərq haqqındakı rəyini soruşub və daha sonra deyib:

"Təəssüf ki, orada eskalasiyaya meyl var. Biz bunu görürük. Bu həm də Suriyaya aiddir”.

Skynews Əsədin Moskvaya gözlənilməz səfərinin mümkün səbəblərindən yazır.

Agentliyin məlumatına görə rəsmilər bu səfəri Moskva və Dəməşq arasında diplomatik münasibətlərin qurulmasının ildönümü ilə bağlasalar da, şərhçilər bu görüşə başqa səbəblərin ola biləcəyini deyirlər.

Bu həftənin əvvəllərində Türkiyə mediası prezidentlər Rəcəb Tayyib Ərdoğan və Əsəd arasında mümkün görüşdə vasitəçinin Moskva ola biləcəyini yazmışdı.

Türkiyə Suriyada davam edən vətəndaş münaqişəsində Əsədin opponentlərini dəstəkləyir və Suriyanın şimalında qiyamçılar hələ də Türkiyə ordusunun himayəsi altındadırlar.

Putini təkləyə bilmirlər

Məqalədə deyilir ki, hələlik Moskvanın mümkün vasitəçiliyi rəsmən təsdiq edilməyib, amma bu baş versəydi, Kreml üçün böyük uğur sayıla bilərdi.

Bəşər əl-Əsəd son vaxtlarda Rusiya prezidenti ilə görüşən bir neçə ölkə başçısından növbətisidir və bu, Qərb diplomatlarını narahat edir.

Əsəddən əvvəl Moskvaya Hindistanın baş naziri Narendra Modi və Macarıstanın baş naziri Viktor Orban səfər etmişdilər.

Şanxay Əməkdaşlıq Təşkilatının iyulun əvvəllərində Qazaxıstanda keçirilən sammitində Putin habelə Ərdoğan və Çinin rəhbəri Si Tsinpinlə görüşüb.

Bundan daha əvvəl Putin Şimali Koreya və Vyetnama səfərlər etmişdi.

Skynews yazır ki, “Qərbin Vladimir Putini təkləmək cəhdlərinə baxmayaraq, belə görünür, onun hələ çox sayda dostları var”.

Əsəd şərt qoyub

Bundan əvvəl Reuters agentliyi Türkiyə diplomatik mənbələrinə istinadla yazırdı ki, prezidentlər Ərdoğan və Əsədin Moskvada görüşə biləcəklərinə dair media məlumatları həqiqəti əks etdirmir.

Türkiyənin Daily Sabah qəzeti qeyri-müəyyən mənbəyə istinadla bu görüşün avqustda keçirilə biləcəyini və Putinin vasitəçilik edəcəyini yazmışdı.

Diplomatik mənbə bildirib ki, avqust ayında Moskvada Ərdoğan-Əsəd görüşü nəzərdə tutulmayıb.

Ərdoğan iyulun əvvəllərində demişdi ki, o iki ölkə arasında münasibətlərin bərpası məqsədilə Əsədi “istənilən vaxt” danışıqlara dəvət edə bilər.

O bunu da qeyd etmişdi ki, Putin belə bir təmasın baş tutmasına kömək edə bilər. Əsəd isə bildirmişdi ki, o Ərdoğanla Türkiyə qoşunlarının Suriyadan çıxarılması da daxil yalnız əsas məsələlər müzakirə olunacaqsa görüşəcək.

Ərdoğan və Əsəd arasında Moskvada hər hansı mümkün görüş barədə suala cavab verərkən Kremlin sözçüsü Dmitri Peskov hansısa konkret planların olduğunu təsdiq etməmişdi.

Lakin o əlavə etmişdi ki, Moskva Ankara və Dəməşq arasında münasibətlərin normallaşmasını istərdi.

XS
SM
MD
LG