Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:11

Paşinyan BMT nümayəndəsinə Azərbaycandan şikayət edib


Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də BMT baş katibinin müavini, sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Martinosu qəbul edib
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də BMT baş katibinin müavini, sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Martinosu qəbul edib

O görüş zamanı şikayətlənib ki, beynəlxalq birlik Azərbaycanın “təcavüzklar hərəkətlərinə” adekvat reaksiya vermir

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də BMT baş katibinin müavini, sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Martinosu qəbul edib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu, alyansın Ermənistana belə yüksək səviyyədə ilk səfəridir.

Nikol Paşinyan görüş zamanı şikayətlənib ki, beynəlxalq birlik Azərbaycanın “təcavüzklar hərəkətlərinə” adekvat reaksiya vermir.

Baş nazir, Martinosun diqqətini “Azərbaycanın Dağlıq Qarabağa təcavüzü nəticəsində Bakının nəzarətinə keçmiş ərazilərdə erməni tarixi-mədəni-dini irsinin məhv edilməsi və təhrif olunması faktlarına” çəkib.

O habelə Şuşadakı Qazançı kilsəsi və Xudavəng monastr kompleksindən söz açıb.

Azərbaycan bunları öz mədəni irsi hesab edir

Paşinyan deyib ki, onun sadaladığı faktların sənədləşdirilməsi üçün UNESCO missiyasının Dağlıq Qarabağa və ətraf rayonlara səfərinin təşkili mühümdür.

Baş nazir habelə bildirib ki, BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının da Dağlıq Qarabağ qaçqınları ilə bağlı fəaliyyətinə ehtiyac var.

Azatuyun yazır ki, Dağlıq Qarabağdakı separatçıların verdiyi məlumata görə 44 günlük müharibə nəticəsində ən azı 1456 tarixi abidə, 8 muzey, Şuşadakı xalça və erməni dramı muzeyləri, 161 monastr və kilsə, 591 xaçkar, Azıx mağarası və başqa məntəqələrdəki qazıntı yerləri Azərbaycanın nəzarətinə keçib.

Azərbaycan Dağlıq Qarabağın və onun tarixi-mədəniyyət abidələrinin onun ayrılmaz tərkib hissəsi olduğunu bildirir.

Bakı Ermənistanı Dağlıq Qarabağda və 27 il işğalda saxladığı başqa rayonlarda Azərbaycanın tarixi-mədəni irsini, məscid və başqa mədəniyyət obyektlərini dağıtmaqda ittiham edir.

Azatutyunun yazdığına görə, Ermənistan bir ildir ki, beynəlxalq diqqəti Azərbaycanın nəzarətində olan ərazilərdəki “erməni mədəni irsi nümunələrinin vəziyyətinə” cəlb etməyə çalışır.

Xəbər də deyilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu məsələləri UNESCO-nun Parisdə keçirilən sammitində də qaldırıb.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG