Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:16

Ermənistan KTMT-də baş katibin müavini vəzifəsindən imtina edib


KTMT-nin Yerevanda keçirilmiş sammitində
KTMT-nin Yerevanda keçirilmiş sammitində

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katibin müavini kvotasından imtina edib.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib.

Lakin sözçü Yerevanın kvotadan hansı səbəblərlə imtina etməsi barədə şərh verməyib.

Ermənistan bundan əvvəl, xüsusilə də 44 günlük müharibədən sonra Rusiyanın nüfuzu altında olan bu hərbi blokdan dəfələrlə narazılığını bildirib.

Yerevan ötən ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı KTMT-dən kömək istəmiş, təşkilatın Azərbaycanın hərəkətlərini pisləməsini tələb etmişdi.

Təşkilat bunu edə bilməməsini bəzi üzv ölkələrin Azərbaycanı pisləmək istəməməsi ilə izah etmişdi.

Yerevan KTMT təlimlərini keçirməkdən imtina etmişdi

Paşinyan ötən il noyabrın 23-də KTMT-nin Yerevanda keçirilən sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina etmişdi.

Bu ilin əvvəllərində Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, onun ölkəsi bu il üçün təyin edilmiş KTMT təlimlərinin öz ərazisində keçirilməsini istəmir.

Yerevan habelə KTMT-nin Ermənistana müşahidəçi missiyası göndərmək təklifini də rədd etmişdi.

Paşinyan demişdi ki, Yerevan hələ də Azərbaycanın hərəkətləri ilə bağlı təşkilatın münasibətini bildirməsini gözləyir.

Araik Arutyunyan: 'Azərbaycan bizə ultimatum verib'
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Paşinyan Aİ-yə üstünlük verdiyini demişdi

Daha sonra Avropa İttifaqı Ermənistana özünün mülki müşahidə missiyasını göndərib.

Baş nazir KTMT deyil, Avropa İttifaqı müşahidəçilərinə üstünlük verməsinin heç bir geosiyasi gizli mənası olmadığını demişdi.

Paşinyanın dediyinə görə, əsas səbəb odur ki, KTMT-dən fərqli olaraq, Aİ Ermənistan Respublikasının ərazisini dəqiq müəyyən edib:

“KTMT-dən xahiş etdik ki, bizim üçün prinsipial məsələyə aydınlıq gətirsin: Ermənistanda məsuliyyət zonasını dəqiqləşdirsin. Yəni, bizə desin ki, Ermənistan Respublikasını hansı sərhədlərdə təsəvvür edirlər. Bu sualın dəqiq cavabını ala bilmədik”.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG