Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:46

Azərbaycandakı etnik azlıqların neçə faizi öz dillərində danışa bilir?


Qusarda yaşayan ləzgilər: 'Ana dilimizi itiririk'
Gözlə

No media source currently available

0:00 0:06:55 0:00

Qusarda yaşayan ləzgilər: 'Ana dilimizi itiririk'

Azərbaycanda etnik qrupların sayına dair bilgilər son dəfə 2009-cu ildə açıqlanmışdı. Belə bilgilər siyahıyaalma zamanı hesablanır. Məlumdur ki, 2019-cu ildə ölkədə yenidən siyahıyaalma keçirilib. Onun nəticələri ölkədə etnik qruplarla bağlı say göstəricilərinin 10 il boyunca necə dəyişdiyini görməyə imkan verir. Bu nəticələrə görə, ölkə əhalisinin 94.8 faizi özünü "azərbaycanlı" sayıb. Şəhərlərdə bu göstərici daha yüksəkdir – 96.6 faiz. Kəndlərdə yaşayanlarınsa 92.6 faizi milli mənsubiyyətini "azərbaycanlı" göstərib.

2009-cu il siyahıyaalmasında əhalinin etnik tərkibinin 91.6 faizinin "azərbaycanlı" olduğu bildirilmişdi. Rəsmi rəqəmlərə görə, 10 il ərzində əhalinin milli tərkibində özünü "azərbaycanlı" kimi identifikasiya edənlərin payı 3.2 faiz bəndi artıb.

Siyahıyaalma zamanı ölkədəki etnik qrup təmsilçilərindən ana dillərinin (əsas işlətdikləri dilin) hansı dil olduğu da soruşulub.

Ən böyük üç etnik azlıqla bağlı vəziyyət necədir?

Siyahıyaalmanın nəticələrinə görə, Azərbaycanda ən böyük etnik azlıq ləzgilərdir - 167 min 500 nəfər etnik kimliyinin ləzgi olduğunu bildirib. Bu, ölkə əhalisinin 1.7 faizi deməkdir. Onların 75.1 faizi ana dilinin ləzgi dili olduğunu söyləyib. Ləzgilərin daha 24.6 faizi isə Azərbaycan dilini (Azərbaycan türkcəsini) ana dili sayıb. Daha 0.3 faizin ana dili rus dilidir.

Ləzgilərdən sonra sayca ən böyük etnik qrup sayılan talışlar arasında ana dili Azərbaycan dili olanların payı talış dili olanlara nisbətən daha çoxdur. Siyahıyaalmanın nəticələrinə görə, ölkədə 87 min 578 nəfər öz etnik kimliyinin talış olduğunu bildirib. Onlardan 51 faizi ana dili olaraq Azərbaycan dilini, 49 faizi talış dilini göstərib.

Siyahıyaalmanın nəticələrinə görə, sayca ölkədə ən böyük üçüncü etnik azlıq ruslardır. 2019-cu ilin nəticələrinə görə, ölkədə 71 min rus yaşayır. Etnik mənsubiyyətinin rus olduğunu bildirən şəxslərin, demək olar, hamısının - 99.6 faizinin ana dili elə rus dilidir. Etnik mənsubiyyətinin rus olduğunu bildirənlərin cəmi 0.6 faizi ana dili olaraq Azərbaycan dilindən yararlanır.

Öz dilində daha çox danışan xalqlar

Siyahıyaalmanın nəticələrinə görə, ölkədə sayca ən böyük dördüncü etnik qrup avarlardır. Ölkədəki avarların yetərincə böyük bölümü - 94 faizi ana dilini avar dili sayır. Onların cəmi 6 faizi əsas dil kimi Azərbaycan dilindən istifadə etdiyini bildirib. Rəsmi olaraq sayları 13 min 361 nəfər göstərilər saxurlarınsa 96 faizinin ana dili məhz saxur dilidir. Azərbaycan vətəndaşı olan etnik gürcülərin (8 min 442 nəfər) və yəhudilərin (5 min 94 nəfər) 97 faizi öz ana dillərində danışırlar. Azərbaycanda yaşayan tatarlarınsa (17 min 712 nəfər) 89 faizi ana dili olaraq tatar dilindən istifadə etdiyini bildirib.

Azərbaycanda yaşayan etnik ukraynalılar ana dili kimi Ukrayna dili ilə yanaşı, rus dilindən də çox yararlanır. Siyahıyaalmanın nəticələrinə görə, Azərbaycandakı etnik ukraynalıların sayı 14 min nəfərə yaxındır. Onlardan 60 faizi bildirib ki, ana dilləri məhz Ukrayna dilidir. Etnik ukraynalıların daha 39 faizi ana dil kimi rus dilindən istifadə etdiyini bildirib. Onlardan cəmi 1 faizinin ana dili Azərbaycan dili olub.

Daha çox Azərbaycan dilində danışan xalqlar

Siyahıyaalmanın nəticələrinə görə, Azərbaycanda yaşayan bəzi etnik qruplar arasında Azərbaycan dilindən istifadə öz dillərinə nisbətən daha yüksəkdir. Məsələn, Azərbaycanda yaşayan xınalıqlıların (3 min 466 nəfər) 34 faizi ana dil olaraq xınalıq dili işlətdiyini bildirib. Xınalıqlıların 66 faizi isə ana dilinin Azərbaycan dili olduğunu söyləyib.

Sayları 27 min 657 nəfər olaraq göstərilən tatlar arasında ana dili tat dili olanların payı cəmi 32 faizdir. Onların 68 faizi ana dili olaraq Azərbaycan dilini göstərib. Rəsmi siyahıyaalmaya görə, saylarının 4 min 105 nəfər olduğu açıqlanan kürdlərinsə 30 faizi ana dili olaraq kürd dilini, 70 faizi isə Azərbaycan dilini istifadə etdiyini bildirib. Ana dilindən ən az istifadənin qeydə alındığı xalq qrızlardır. Siyahıyaalmanın nəticələrinə görə, ölkədə 2 min 76 qrız var. Onlardan cəmi 15 faizi ana dilinin qrız dili olduğunu bildirib. Qrızların 85 faizinin ana dili Azərbaycan dilidir.

XS
SM
MD
LG