Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:23

Fala baxırdılar, yarım milyonluq maldan oldular?


Fala baxma. Foto illüstrasiya
Fala baxma. Foto illüstrasiya

Azərbaycanda həbsxanada ana-bala var - Lalə İbrahimova və oğlu Hüseyn Əlizadə. Onların hər ikisi fala baxmaq adıyla adamları aldatmaqda suçlanırlar. İddia olunur ki, ana və oğlu 13 nəfərə yarım milyon manatdan çox ziyan vurub. Cinayət işinin materiallarında onların təkcə Rübabə Ağayeva adlı bir qadından cadu çıxarmaq, mal-mülkü təmizləmək adıyla 217 min manatlıq pul, qızıl-zinət əşyaları aldığı yazılıb.

Bu iş bir ilə yaxındır məhkəmədə araşdırılır. Martın 17-də prokuror ana-oğula toplam 17 il həbs cəzası verilməsini təklif edib – Lalə İbrahimovaya 9, Hüseyn Əlizadəyə isə 8 il. Prokuror deyir ki, ittihamda göstərilənlər məhkəmədə də sübuta yetirilib.

«Pulum qurtaranda qızılları satışa çıxardım»

Amma ana və oğlu bununla razılaşmayıb deyirlər ki, heç kimi fala baxmaq adıyla aldatmayıblar və zərərçəkmiş kimi tanınan şəxslər onları şərləyirlər.

L.İbrahimova və oğlu həm də Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının alış-satışıyla məşğul olublar. Deyirlər ki, zərərçəkmişlərin də bir çoxu onlardan qızıl alıb, pulunu ödəmədiklərindən, indi böhtan atıb, həbsə atdırmaqla borcu ödəməkdən yayınırlar.

«Ev tikdirirdim, pulum qurtaranda qızılları satışa çıxardım. Rübabə dedi ki, qızılları ona verim, hissə-hissə pulunu ödəyəcək. Əvvəlcə 2 min manat ödədi. Demək istədiyim budur ki, onun bizə borcu var. Hətta Rübabə haqqında cinayət işi də başlanmışdı. Amma sonradan iş dəyişdi, onların əvəzinə bizi tutdular», - 25-yaşlı Hüseyn Əlizadənin sözləridir.

Zərərçəkənlərin bir neçəsi, o cümlədən R.Ağayeva da deyir ki, onlar H.Əlizadənin adını «Cindar Hüseyn» kimi eşitmiş və fala baxdırmaqdan ötrü ona üz tutmuşdular.

«Məni elə ələ almışdılar ki…»

R.Ağayevanın həyat yoldaşı - «Azinko» şirkətinin audit departamentinin rəhbəri L.İbrahimova və oğlundan polisə şikayət edib. Zərərçəkmiş deyir ki, təqsirləndirilən şəxslərə 216 min 850 manatlıq pul, qızıl-zinət əşyaları verib. Pulların bir hissəsi xarici valyutada olub: 57 min dollar və 15 min funt-sterlinq. Qızılların çəkisi təxminən 600 qram olub:


«Məni elə ələ almışdılar ki, özümü idarə edə bilmirdim. Sarı su verirdilər, içirdim, bədənimə ərəb hərfləri ilə nələrsə yazırdılar. Tamamilə bu adamlara tabe olmuşdum. Nə istəyirdilər, onu da eləyirdim. Evdə nəyim var, hamısını yığıb verirdim onlara. Bir ilə yaxın müddətdə məni soyub soğana döndərdilər. Məni inandırmışdılar ki, evdə olan pulları, evin özünü, hər şeyi təmizləmək lazımdır. Qızılları da guya təmizləyib qaytaracaqdı. Pulların da bir hissəsini təmizləmək, bir hissəsini isə caduları çıxarmaq üçün vermişəm. Deyirdi ki, ceyran göbəyi, başqa şeylər almaq üçün lazımdır. Axırda da demişdi ki, guya həyətimdə küp var, onu tapmaqda kömək edəcək».

L.İbrahimovanın vəkili hüquqlarını qoruduğu şəxsə bəraət istəyir. Deyir ki, zərərçəkmişin danışdıqları absurddur. Vəkilin sözlərinə görə, normal adamın fala baxdırmaqdan ötrü bu qədər pul verməsi inandırıcı deyil: «Lalə İbrahimova küpün yerini bilsəydi, özü götürərdi də... Bu ittihamlar əsassızdır və heç bir faktla sübut edilmir».

3 qıfıl və 3 toyuq hini

Ana və oğlu falçılıqla məşğul olmadıqlarını deyirlər. İş materiallarında isə iddia olunur ki, onların evindən falçılığa, cadugərliyə aid əşyalar tapılıb. H.Əlizadə bu haqda məhkəmədə danışarkən belə söyləyib: «Deyirlər ki, evimizdən Quran və mərsiyələr yazılan kitablar çıxıb. Kürdəxanıda (təcridxanada-red.) hər kamerada Quran kitabı var, indi oradakılar da falçıdır? Mərsiyələr kitabı satışda var, mən yazmamışam ki... Evimizdən 3 qıfıl tapıblar. Evimin həyətində 3 toyuq hini var. Evimizdən dini sözlər yazılmış dualar çıxıb. Onu da bibim nəvəsi üçün yazdırmışdı...».

XS
SM
MD
LG