Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:46

Bayden İsrail-HƏMAS müharibəsində humanitar fasiləyə çağırır


Co Bayden
Co Bayden

ABŞ prezidenti Co Bayden (Joe Biden) deyir ki, İsrail-HƏMAS müharibəsində humanitar fasilə gərəkdiyini düşünür. Noyabrın 1-də prezidentin seçki kampaniyası çıxışını atəşkəsə çağıran bir etirazçı kəsib. "Düşünürəm ki, bizə fasilə lazımdır", – Bayden deyib.

AP yazır ki, bu çağırış Bayden və onun müşavirlərinin mövqeyində yüngül gəlişmə sayılır, belə ki, Yaxın Şərq böhranı başlayandan onlar davamlı olaraq deyiblər ki, israillilərə HƏMAS-ın 7 oktyabr hücumuna cavab olaraq hərbi əməliyyatları necə aparmağı diktə etməyəcəklər.

Ancaq prezident insan haqları qruplarının, digər dünya liderlərinin, hətta özünün Demokrat Partiyasının liberal üzvlərinin artan təzyiqi ilə üzləşirdi. Onların mövqeyincə, İsrailin Qəzzanı bombalaması kollektiv cəzadır, atəşkəs vaxtıdır.

Qaçqın düşərgəsi kimi salınmış ərazi vurulub

Bu arada İsrailin quru qüvvələri Qəzza şəhəri yaxınlığında irəliləyir, silahlılarla ağır döyüşlər aparır. Yüzlərlə xarici vətəndaşın, eləcə də onlarla ağır yaralı fələstinlinin üç həftədən çoxdur mühasirədə olan Qəzzadan çıxmasına icazə verilib.

Qəzzanı tərk edənlər Misirə keçiblər. "Reuters" yazır ki, noyabrın 2-də daha çox əcnəbinin Qəzzadan çıxacağı gözlənilir. Diplomatik mənbə xarici pasportu olan 7 min 500-dək şəxsin iki həftə ərzində Qəzzanı tərk edəcəyini deyib.

HƏMAS-ın nəzarətində olan Qəzza hökuməti noyabrın 1-də Cabaliya şəhərinə İsrailin raket zərbələri nəticəsində azı 195 fələstinlinin həlak olduğunu açıqlayıb. İsrail isə Qəzzada 1948-ci ildə qaçqın düşərgəsi kimi qurulmuş Cabaliyada HƏMAS-ın iki hərbi liderinin öldürüldüyünü bildirib.

HƏMAS radikal qruplaşması oktyabrın 7-də İsrailin cənubuna girib, əsasən dinc sakinlər olmaqla min 400 nəfəri öldürüb, 200-dən çox adamı əsir götürüb.

Qəzzanın səhiyyə nazirliyi oktyabrın 7-dən bəri başlanan İsrail zərbələri nəticəsində bu sahilyanı ensiz anklavda azı 8 min 800 fələstinlinin öldürüldüyünü, onlardan 3 min 600-dən çoxunun uşaqlar olduğunu açıqlayıb.

BMT-nin insan haqları üzrə ali komissarı X sosial media platformasında yazıb ki, İsrailin qeyri-mütənasib hücumlarının hərbi cinayətlərə bərabər ola biləcəyi sarıdan "ciddi" əndişələri var.

ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) noyabrın 2-də son bir aydan da az müddətdə İsrailə ikinci səfərə yollanacaq. O, noyabrın 3-də İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşərək həmrəyliyini bildirəcək, həmçinin fələstinlilər arasında mülki itkilərin minimuma endirilməsinin vacibliyini vurğulayacaq, - Blinkenin sözçüsü belə deyib.

XS
SM
MD
LG