Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:47

Baxılası 10 feminist filmi


Hüquq təhsili olmayan Erin Brokoviç PG&E şirkətini qurbanlara 333 milyon dollar təzminat ödəməyə məcbur edib
Hüquq təhsili olmayan Erin Brokoviç PG&E şirkətini qurbanlara 333 milyon dollar təzminat ödəməyə məcbur edib

Qadınların istedad və uğurunu nümayiş etdirən filmlər az deyil. Tarix yazan NASA alimlərindən tutmuş, hər cür çətinliklə layiq olduğu beynəlxalq şöhrəti əldə edən incəsənət adamlarına qədər müxtəlif sahələrdə çalışan qadınlar haqda filmlər çəkilib.

2002-ci ildə çəkilən "Frida" filmində Frida Kalonu canlandıran meksikalı aktrisa Salma Hayekin özü də bu rolla bağlı ciddi maneələrlə qarşılaşıb. Onun bu rolu alması ciddi müqavimətlə qarşılaşıb. Film Kalonun sənətinə bağlılığı, həyatda üzləşdiyi məşəqqətlər və əri Dieqo Rivera ilə mürəkkəb münasibətləri haqdadır.

Ən böyük kompensasiya

2000-ci ildə çəkilmiş "Erin Brockovich" filmi 2001-ci ildə Culiya Robertsə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatı qazandırıb. Real şəxs haqqında olan və real hadisələr əsasında çəkilmiş bu filmdə tənha ana 90-cı illərin əvvəllərində yaşadığı şəhərin sakinlərini zəhərli su ilə təchiz edən "Pacific Gas and Electric Company" (PG&E) şirkətini dizi üstə çökdürür. Heç bir hüquq təhsili olmayan Brokoviç ağır zəhmət və dönməzliyi ilə şirkəti qurbanlara 333 milyon dollar təzminat ödəməyə məcbur edir. Bu, ABŞ tarixində birbaşa məhkəmə şikayəti nəticəsində şikayətçilərə ödənən ən böyük məbləğdir.

Sara Qavronun 2015-ci ildə çəkdiyi "Suffragette" filminin ssenari müəllifi Ebi Morqandır. Film qadınların səsvermə hüquqlarını əldə etmələri üçün hansı zəhmətlərə və risklərə qatlaşması haqdadır. İşçi sinifdən olan ana Modun rolunu Keri Malliqan oynayır. Modun keçmişi onu sufrajist hərəkatına qoşulmağa daha da cəsarətləndirir.

Təkbaşına səyahət

2014-cü ildə çəkilən "Wild" filmi tək səyahət etmək istəyən, ancaq, hələlik, buna cəsarət etməyən qadınlara ilham verəcək. Riz Uizerspun Şeril Streydin avtobioqrafik kitabı əsasında çəkilmiş bu filmdə baş rolu ifa edir. Filmin baş qəhrəmanı (və kitabın müəllifi) ABŞ-da "Pacific Crest Trail" kimi tanınan yolun 4265 kilometrinin 1770 kilometrini qət edir. Bu müddətdə o özünü kəşf edir və sağalır. "Wild" qadın əzmini və qətiyyətini nümayiş etdirən ən gözəl filmlərdən biridir.

2016-cı ildə ekranlara çıxan "Jackie" filmi ABŞ-ın keçmiş Birinci xanımı Jaklin Kennedi haqdadır. Ümumilikdə Birinci xanımlara həsr olunan filmlərin sayı çox deyil. Xanım Kennedi haqda həm sənədli filmlər, həm də videogörüntülər çoxdur. Ancaq bu filmdə tamaşaçı Natali Portmanın ifasında Jaki Kennedini yenidən kəşf edir.

Janna D'Ark

1972-ci ildə çəkilmiş "Lady Sings The Blues" filmində Dayana Ross Billi Holideyi canlandırır. Bu film 1972-ci ilin ən böyük kino hadisələrindən biri kimi qiymətləndirilmiş, "Oskar" mükafatına namizəd göstərilmişdi. Açılış səhnəsində tamaşaçı Holideyi həbsxanaya salınmış, tənha, heroinə ehtiyacı olan və çarəsiz halda görür. Qismən müğənninin öz memuarı əsasında çəkilmiş bu film Holideyin üzləşdiyi yoxsulluq, irqçilik və narkotik asılılığı haqdadır. Bu filmdə müğənninin həyatı çox sadələşdirilsə də, baxmağa dəyər.

1928-ci ildə çəkilmiş "The Passion of Joan of Arc" Janna D'Arkın məhkəməsi haqda sənədlər əsasında çəkilib. Rene-Janna Falkonetti filmdə baş rolu ifa edir. 19-yaşlı Janna D'Ark sinfi və cinsi maneələri aşaraq zirvəyə ucalıb və feminizmin əfsanəsinə çevrilib. Filmdə tamaşaçı onu bidətdə ittiham olunaraq mühakimə edilərkən və işgəncə qarşısında mətanət nümayiş etdirərkən görür. Film uzaq 1928-ci ildə çəkilsə də, gənc qadının dominant kişilər tərəfindən satılaraq parçalanması mövzusu günümüzdə də çox aktualdır.

XS
SM
MD
LG