Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:47

Milyarder Fərhad Əhmədovun yaxtası saxlanıb


Fərhad Əhmədov
Fərhad Əhmədov

9 göyərtəsi və hovuzu olan bu yaxta 2014-cü ilədək başqa bir rusiyalı milyarderə - Roman Abramoviçə məxsus olub

Almaniyanın hakimiyyət orqanları Rusiyaya qarşı sanksiyalar çərçivəsində Hamburq portunda dəyəri 400 milyon avro, uzunluğu 115 metr olan Luna superyaxtasını saxlayıb.

Süddeutsche Zeitung qəzeti Almaniya federal polisinə istinadən xəbər verir ki, superyaxtanın sahibi müəyyənləşdirilib.

Bu, milliyyətcə azərbaycanlı Rusiya milyarderi Fərhad Əhmədovdur. O bu ilin aprelində Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.

Qəzet yazır ki, 9 göyərtəsi və hovuzu olan bu yaxta 2014-cü ilədək başqa bir rusiyalı milyarderə - Roman Abramoviçə məxsus olub.

Superyacht Fan saytında dərc olunmuş məlumata görə, Əhmədov bu yaxtanı Abramoviçdən 300 milyon dollara alıb və bundan sonra yaxta təmir üçün Bremerhafen tərsanəsində təmirə göndərilib.

Forbes jurnalı Fərhad Əhmədovun sərvətini 1.7 milyard dollar olaraq dəyərləndirib.

Bu, Hamburq portunda Rusiya oliqarxlarına məxsus saxlanan ikinci yaxtadır.

Abramoviçdən alıb

Aprel ayında burada dəyəri 800 milyon dollar olan Dilbər yaxtası saxlanıb. Almaniya polisinin məlumatına görə həmin yaxta Rusiya maqnatı Əlişir Usmanovun bacısına məxsusdur.

Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsi başlanandan bəri Avropa İttifaqının dəniz limanlarında Rusiya oliqarxlarına məxsus bir neçə yaxtaya həbs qoyulub.

Bunların arasında Rusiya milyarderləri Aleksey Mordaşovun, Gennadi Timçenkonun, Viktor Vekselberqin yaxtaları var.

Müsadirə asanlaşdırılacaq

Mayın 7-də İtaliyanın Maliyyə Nazirliyi 140 metrlik “Şeherezada” yaxtasının saxlandığını xəbər vermişdi.

Bu yaxta Aleksey Navalnının korrupsiya ilə mübarizə fondunun araşdırmasında “Putinin yaxtası” adlandırılır.

Marina di Karrara portunda saxlanan yaxtanın dəyəri 700 milyon dollar olaraq dəyərləndirilir.

Aprelin axırlarında ABŞ-da Kremllə bağlı oliqarxların aktivlərinin, o cümlədən yaxtalarının müsadirəsini və onların satışından əldə olunan pulların Ukraynaya hərbi yardım gösrtərilməsi üçün istifadə olunmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub.

Reuters agentliyi mayın 11-də yazır ki, Avropa Komissiyası sanskiya siyahısındakı oliqarxların və zəngin şəxslərin aktivlərinin müsadirəsini asanlaşdıracaq yeni qaydalar hazırlayır.

Bu qaydaların mayın 25-də açıqlanacağı gözlənilir.

XS
SM
MD
LG