Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:48

'Qalib dövlətlər Düdənginskini faşist saymayıb'


"Sənin Abo" kitabının üz qabığı
"Sənin Abo" kitabının üz qabığı

Mayda qeyd edilən Qələbə Günü Azərbaycan mühacirət tarixinə aid bilinməyən və ya unudulmuş gerçəkləri üzə çıxarmaq baxımından da önəmlidir. "Çapar" tarix dərgisinin baş redaktoru, tədqiqatçı Dilqəm Əhmədin "Sənin Abo" kitabı bu üzdən ayrıca diqqət çəkə bilər. Müəllif öncə Fətəlibəyli-Düdənginskinin kimliyini təkrar xatırlatmağı gərəkli bildi:

- İkinci Dünya müharibəsindən sonra Fətəlibəyli Ceyhun bəy Hacıbəyli ilə birlikdə Münhendə "Azərbaycan" jurnalını çap edib. 1953-1954-cü illərdə "Azadlıq" radiosunun Azərbaycan redaksiyasına rəhbərlik edib. "Azadlıq" radiosunun "Azərbaycan" redaksiyasının ilk verilişi 1953-cü ilin martın 6-da yayımlanıb. Fətəlibəylinin özü də müharibədən sonrakı fəaliyyətini sırf jurnalistika fəaliyyəti kimi izah edib, 1920-ci ildə işğal edilən vətəninin azadlığı üçün Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəfdə yer alıb. O, qalib dövlətlərin qurduğu məhkəməyə çıxarılmayıb, faşist sayılmayıb.

- Cümhuriyyət dönəminin araşdırıcılarındansınız. Birdən-birə Fətəlibəyli-Düdənginski haqqında kitab yazmağı nədən önəmli saydınız?

- Mən Azərbaycan Cümhuriyyəti və mühacirət tarixinə bir bütün olaraq baxıram. Tədqiqatlarım, kitablarım, şəxsi arxivim də daha çox mühacirət tarixi ilə bağlıdır. O üzdən İkinci Dünya müharibəsində Almaniya cəbhəsinə keçən və orada bolşevizmlə mücadilə aparan və vətənə qayıtmaq imkanları olmayan şəxslər mənim üçün mühacirlər qrupuna aiddirlər. Onların da başında Fətəlibəyli gəlir. Sırf bu kitabı yazmağıma səbəbsə maraqlı bir təsadüf oldu. Bildiyiniz kimi, İstanbulda təhsil alıram, burada İslam Araşdırmaları Mərkəzinə bağışlanmış arxivdə - Türkiyənin məşhur jurnalisti və millət vəkili Ziyad Əbüzziya bəyin arxivində çalışarkən zəngin materiallara rast gəldim. Əbüzziya ailəsi üç nəsil qəzetçiliklə məşğul olmuş köklü ailədir. Ziyad bəy Azərbaycan Cümhuriyyəti nazirlərindən Əbdüləli bəy Əmircanın qızı Vala xanımla evləndiyindən azərbaycanlılara çox yaxın olub. İkinci Dünya müharibəsindən sonra Ziyad bəy Romada müharibə qaçqınlarının yaşadığı düşərgələrə gedib, onların vəziyyəti ilə maraqlanıb, haqlarında yazı yazıb, fotoşəkillər çəkib. Bu dövrdə o, başda Fətəlibəyli olmaqla bir çox azərbaycanlı, qafqazlı, krımlı şəxslə tanış olub.

İstanbula gəmi ilə gətirilən mühacirlər
İstanbula gəmi ilə gətirilən mühacirlər

Müharibə bitdikdən sonra Avropada, özəlliklə İtaliyada yaşayan qaçqınlar Yalta konfransının qərarları, eləcə də Stalinin təkidi ilə geri təhvil verilir, ruslar da onları ya həbs edir, ya da güllələyirdi. ABŞ, İngiltərə, İtaliya… dövlətlərin əksəriyyəti, təəssüf ki, bu addımı atıblar. Hətta şimali qafqazlılarla bağlı Drau qətliamı var tarixdə. Amerika Cümhuriyyət zabitlərindən məşhur İsrafil bəyi təhvil vermişdi. Bakıda məhkəmə quruldu və İsrafil bəy güllələndi. Yəni vəziyyət olduqca ağır idi və bir çox azərbaycanlı mühacirlər kimi, Fətəlibəyli də qaçqınların sağ-salamat Türkiyəyə, Misirə getmələrinə çalışırdı. Onlara da bu mövzuda yardım edən Ziyad bəy idi. Ziyad bəyin arxivini araşdırarkən "Azeri mülteciler" bölümü gördüm və nəticədə bu kitab ərsəyə gəldi. Həmin arxivdə Fətəlibəylinin 15-ə yaxın, eləcə də digər qaçqınların məktubları, eləcə də əsir siyahıları, müxtəlif yazışmalar vardı. Həmin məktub və sənədlər əsasında bu kitab ərsəyə gəldi. Kitabın, demək olar, 80 faizi yeni məlumatlardır. Biz bu məktublar vasitəsilə Fətəlibəylinin 1947-1950-ci illər arasındakı mücadiləsini anlamış oluruq. Yəni onun bu dövrdəki əsas fəaliyyəti "vətəndaşlarım" dediyi azərbaycanlı əsirləri xilas etməkmiş. Məktublar, əsasən, Ziyad bəyə yazılıb. Ziyad bəy sonralar xatirəsində Fətəlibəylinin ona öz gündəliyini göndərdiyini, daha sonra - Almaniyaya yerləşdiyi zaman həmin gündəliyi geri istəyib götürdüyünü də yazıb. Amma Fətəlibəyli öldürüldüyü zaman həmin gündəlik də ələ keçirilib. Kitabın önəminə gəlincə, təbii ki, belə bir zəngin qaynaqla qarşılaşan istənilən tarixçi üçün bu, fövqəladə bir nemət idi, mən də pandemiya dövründə evdə qaldığımız zamanı bu şəkildə dəyərləndirdim.

- "Əgər biz bilsək ki, rusların yerinə almanlar Azərbaycanda ağalıq edəcəklər, biz sizinlə bir addım da atmayacağıq. Biz yalnız Azərbaycanın müstəqilliyi uğrunda vuruşuruq", - bu sözləri almanlara deyib Fətəlibəyli-Düdənginski. Ancaq həmin sözlər faşistlərlə əməkdaşlıq damğasını onun üzərindən götürməyə nə dərəcədə yetər? Bu, çox həssas məsələdir, axı…

- Ümumiyyətlə qeyd edim ki, hazırladığım kitab elmi bir kitabdır, hər cümlənin qaynağı var, şəxsi düşüncələrimizə yer yoxdur. Bu məsələ ilə bağlı ön sözdə müəyyən izah yazmışam. Tarixçi üçün ortada bir fakt var: Yüz minlərlə SSRİ vətəndaşı alman cəbhəsində vuruşub, legionlar qurulub, təbliğati fəaliyyət aparılıb. Hətta kiçik hökumət modeli olan milli komitələr yaradılıb. Legionların qəzetləri, jurnalları olub. Gördüyünüz kimi, olduqca maraqlı bir hadisədir və bu prosesdə bir çox xalqlar kimi azərbaycanlılar da yer alıblar. Ona görə də bizim də tariximizin bir parçasıdır. Mən məsələyə sırf tarixçi gözü ilə baxdığım üçün dövrü tədqiq və təqdim edirəm. Fətəlibəylinin Hitler Almaniyası ilə əməkdaşlığını kimsə danmır, ancaq bunu da unutmayaq ki, qaliblər onu faşist saysaydılar, Nürnberq məhkəməsinə tapıb çıxarardılar. Məsələn, Türküstan legionunun rəhbərlərindən Vəli Kayyumxanı Nürnberqə çıxardılar və orada o izah etdi ki, faşist olmayıb, Türküstanın azadlığı uğrunda vuruşub. Məhkəmə də onu azad edib. Hər halda qaliblərin məhkəmə qərarlarını ədalətli saymalıyıq. Qaliblərsə Fətəlibəylini nəinki faşist gördülər, əksinə, onu "Azadlıq" radiosunda işə götürdülər. Fətəlibəyli qətlə yetiriləndə hərbçi deyil, jurnalist idi. Bəlkə də öldürülən ilk azərbaycanlı jurnalist olaraq qəbul etməliyik. Necə ki radionun öldürülən əməkdaşları lövhəsində onun da şəkli var. Mən məsələyə şəxsi olaraq belə baxıram. Mənə görə, 1939-1945-ci illərdə dünyaya sahib olmaq istəyən güclər arasında baş verən müharibədə bir çox xalqlar kimi azərbaycanlılar da qurban olaraq istifadə ediliblər. 600 min azərbaycanlı müharibəyə gedib, az bir qismi qayıdıb. Faşizmlə bolşevizmin arasında məhv olublar. Bolşevizm də faşizm qədər cinayətkar bir ideologiyadır. Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi, Hüseyn Cavidi, Əhməd Cavadı, Mikayıl Müşfiqi, elə Nəriman Nərimanovun özünü də bolşevizm ideologiyası aradan götürüb. Yüzlərlə vətənpərvər gəncimizi, alimimizi, ziyalımızı, din xadimimizi, siyasətçimizi bu sistem məhv edib, Sibirə göndərib, ailələrini vaqonlara doldurub Qazaxıstana sürgün edib. Bunların hamısını Stalin edib. Bu baxımdan həm Hitler, həm Stalin tarixin ən cinayətkar liderləri olublar. Almaniya faşizmdən qurtuldu qısa zamanda, Rusiya bolşevizmdən qurtuldumu? Bu gün Ukraynada baş verənlər hitlerizmin deyil, stalinizmin nəticəsidir.

Türkiyə Daxili İşlər Nazirliyinə məktub
Türkiyə Daxili İşlər Nazirliyinə məktub

- Sağ qalmaq üçün almanların təşkil etdiyi legionlara qatılanları "vətən xaini" adlandıranlar da var, hətta "milli mücadilə qəhrəmanları" deyənlər də. Sizcə, doğru yanaşma necə olmalıdır? İkinci Dünya savaşında qələbə gününü qeyd edərkən onlara necə yanaşılmalıdır?

- Azərbaycan SSR dövründə bu şəxslərə birmənalı "vətən xainləri" deyiblər. İndi də bu ifadəni işlədənlər var. Başda dediyim kimi. mənim üçün bunlar önəmli deyil. Ölkəmizdə SSRİ doğumlu böyük nəsil var. Onlar üçün 9 May qələbə günüdür. Rəsmi də bayramdır. Bu baxımdan əksəriyyət kimi mən də həmin şəxslərin düşüncələrinə hörmət edirəm. Həqiqətən də, alman faşizminin məhv edilməsi bəşəriyyət üçün qələbə günüdür. Bu qələbədə insanımızla, sərvətimizlə biz də böyük işlər görmüşük, amma imperiya tərəfindən layiqincə qiymətləndirilməmişik. Sanki qələbəni təkcə rus xalqı qazanıb. Burada bir məsələ də var ki, 9 May artıq çox keçmişdə qalıb, istər-istəməz. keçmiş imperiyanın qalığıdır. Ona görə də mən şəxsən bayram kimi qeyd edilməsini istəmirəm. Bizim indi tarixi Zəfər günümüz var. Sırf keçmişə yönəlik bayram günü tərtib etmək istəyiriksə, Berlinin alındığı günü yox, Bakının azad olunduğu 15 sentyabr tarixini rəsmi tətil və bayram elan etmək daha doğru olar. Legionerlərə gəlincə, unutmayaq ki, Stalinin bir əmri vardı: Almanlara əsir düşənlər yerindəcə məhv edilməlidirlər. Rusiya Cenevrə konvensiyasına da qoşulmamışdı. Ona görə də əsir SSRİ vətəndaşlarına Almaniya ingilis və fransızlara münasibətdə tamamilə qeyri-insani davranırdılar. Üç adama bir tüfəng verən imperiyanın vətəndaşına olan münasibəti bu idi. Müharibədə əsir düşmək normal bir şeydir. İndi təsəvvür edin ki, geri qayıtdığı zaman öldürüləcəyini bilən adam bu addımı atardımı? Əsir düşənlər, alman cəbhəsində vuruşanlar da bizlərin ata-babalarımızdır. Mənim iki babam müharibədən qayıtmayıb. Axı İrəvanda yaşayan mənim dədələrimin Rusiya-Almaniya müharibəsində nə işi vardı? Hamısını zorla aparmışdılar cəbhəyə. Ona görə də bu məsələyə keçmişdə qalmış tarixi hadisə kimi yanaşılmalıdır.

- Düdənginski və onun legiondakı dostları Türkiyəyə gələndən sonra M.Ə.Rəsulzadəyə müxalif fəaliyyət göstəriblər. Bu onların siyasi səriştəsizliyindən, hərbçilərə xas kəmhövsələlikdən, ya sizcə, nədən irəli gəlib?

- Fətəlibəyli Rəsulzadədən gənc olub. Hərbçi və olduqca iddialı idi. Bildiyiniz kimi, o dövrdə mühacirlər özlərini "köhnələr" və "yenilər" deyə ikiyə ayırmışdılar. Fətəlibəyli "yenilər"i təmsil edirdi. Yenilər də onu tanıyırdılar. Üstəlik, 25 illik sovet təbliğatı yeni nəsil azərbaycanlılarında Rəsulzadəgilə mənfi münasibət də yaratmışdı. Rəsulzadə, təbii ki, artıq ömrünün ən müdrik çağında idi, zəngin təcrübəsi vardı, bu baxımdan almanların vədlərinə inanmayacaq qədər kamil şəxsdi. Həmçinin Azərbaycanın müstəqil olacağına dair zəmanət almadan əməkdaşlığı anlamsız sayırdı. Bu baxımdan almanlar onun şərtlərini qəbul etmədiklərindən o da heç bir əməkdaşlığa getmədi. Halbuki Almaniyanın Türkiyədəki səfirinin hesabatına görə, Rəsulzadə hər iki Azərbaycanın ən böyük lideri idi, yəni Cənubi Azərbaycanın da. Amma Fətəlibəylinin başqa yolu yox idi. Hərbçi kimi o, Azərbaycanın müharibə yolu ilə azadlığa qovuşmasından sonra onun rəhbəri olacağına inanırdı. Milli Birlik Komitəsinin rəhbəri olmaq almanların azad etdiyi Azərbaycanın lideri olmaq demək idi. Bu baxımdan Fətəlibəyli bu vəzifəni Rəsulzadəyə güzəştə getmək istəmirdi. Onu yaşlı və yorğun sayırdı. Amma ömrünün heç bir mərhələsində səhvə yol verməyən Rəsulzadə bu məsələdə də haqlı çıxdı. Süleyman Təkinər, Məhəmməd Kəngərli kimi məşhur legionerlər də Rəsulzadənin yanında yer aldılar. Yeri gəlmişkən, "legioner" ifadəsi ilə bağlı da kitabda izah verilib.

Türkiyəli jurnalistə məktub
Türkiyəli jurnalistə məktub

- Düdənginski kimilərinin həyatını öyrənmək, mühacirlərin əsir və sonrakı yaşamlarını dəqiqləşdirmək bütövlükdə Azərbaycan cəmiyyətinə nə verir? İndinin gənc nəsli bundan nə qazanır?

- Bilirsiniz, tarix elmində artıq nəinki böyük hadisələr, spesifik kiçik hadisələr haqqında da kitablar yazılır. Alman cəbhəsində vuruşanlarla bağlı Avropada da kitablar yazılıb, yazılmaqdadır. David Motadelin "İslam və nasistlər" kitabı buna nümunədir. Patrik von Zur Mülenin bu mövzuda ötən əsrin 60-cı illərində yazdığı elmi işi var. Amerika institutlarında səs yazıları, müsahibələr, fotoşəkillər, sənədlər var. Belə mövzular vaxtaşırı maraq doğurur. Bu baxımdan, əvvəldə dediyim kimi, bu kitabı hazırlayarkən cəmiyyət nə düşünər, faydası nə olar məntiqi ilə deyil, sırf tədqiqatçı marağı, tarixçi yanaşması ilə qərar verdik. Tarix elminə marağı olan hər kəs üçün olduqca faydalı olacaqdır. Çünki həmin qaçqınlar azərbaycanlı olublar. Onların arasında Türkiyəyə qayıtdıqdan sonra böyük uğur əldə edən şəxslər var. Əhməd Yaşat, Ağamirzə Mirzəli, Sultan Hacıoğlu kimi həkimlərimiz olub. Məhəmməd Kəngərli kimi Azərbaycan istiqlal mübarizəsinin bayraqdarı olub. Bu şəxslər çox önəmlidirlər. Digər tərəfdən, Fətəlibəylinin əli bir nəfər də olsun azərbaycanlının qanına batmayıb. Amma əli yüzlərlə azərbaycanlının qanına batan Mircəfər Bağırov haqqında onlarla mədhiyyə kitablar yazılıb, kitab mağazalarında vitrinləri bəzəyir. Əlbəttə, mən buna qarşı deyiləm. Mircəfər haqqında da kitablar yazılmalıdır. Amma tarix metodologiyasına əsaslanaraq. Məsələn, bu kitabla yanaşı, həmkarım Ruslan Rəhimovla birgə "Beriya müəmması" adlı kitab da çap etmişik. Orada beş Müsavat liderinin Beriya haqqında müsahibəsi var və ilk dəfədir təqdim olunur.

P.S. Legioner ifadəsinin izahı "Sənin Abo" kitabında belədir: "Müharibənin amansızlığı, əsirlik, aclıq, sürgün kimi hadisələr savaş əsnasında fərdlərin müəyyən qərarlar verməsini şərtləndirib. Həyatını xilas etmək, gənc yaşda ölməmək, yenidən vətənə qayıtmaq düşüncəsi 150 minə yaxın azərbaycanlının Almaniya cəbhəsinə keçməsinə səbəb olub. Elmi ədəbiyyatda legionerlər kimi adlandırılan bu şəxslərin mücadiləsini cəmiyyət birmənalı qarşılamayıb, onlara "vətən xaini" yarlığı da yapışdırıb. Zamanla yeni mənbələr üzə çıxdıqca, onların Almaniyadakı və müharibədən sonrakı fəaliyyəti araşdırıldıqca bu fikirlər yumşalmağa, əslində, hər iki cəbhədə həlak olan insanların dünyanı ələ keçirmək uğrunda mübarizə aparan iki diktatorun qurbanları olduqları qəbul edilməyə başlanılıb. Məhz bu səbəbdən İkinci Dünya müharibəsində iştirak etmiş Məhəmməd Kəngərli muzdlu əsgər mənasına gələn legioner kəlməsinin işlədilməsini doğru hesab etməyib. Çünki əksər xatirələrdən də göründüyü kimi, əsirlərin Almaniya ordusundakı xidməti könüllü, muzdlu deyil, ölümdən qurtulmaq üçün məcburi şəkildə olub".

XS
SM
MD
LG