Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:48

Gazprom-un qaz anbarları niyə boşalır – Qərb mediası


Rusiyanın qaz tələsi, siyasi karikatura
Rusiyanın qaz tələsi, siyasi karikatura

Təhlilçilər “Financial Times”a deyirlər ki, Şimal axını 2 kəmərinin qazla doldurulması Rusiyanın yetərincə qaz ehtiyatının olduğunu göstərir

Rusiyanın Gazprom şirkəti qış qabağı qərbi Avropada qaz anbarlarını görünməmiş həddə boşaldıb. “Financial Times” bunun səbəblərini araşdırıb.

Rusiya Prezidenti Vladimir Putin bu ay deyirdi ki, qazın bahalanmasının səbəbi Avropa enerji şirkətlərinin qış ərəfəsində yeraltı anbarlara yetərincə qaz vurmamasıdır. O, Moskvanın Avropaya təchizatı məhdudlaşdırması iddialarını rədd edirdi.

“Müştəriləri təchiz ediblər, özlərini yox”

Qəzet Avropa qaz sənayesi datasına əsasən çatışmazlığın daha çox Gazprom-un nəzarətindəki ərazilərdə qeydə alındığını yazır.

“Ən böyük defisit Gazprom obyektlərindədir”, – Milan Katolik Universitetindən ( Università Cattolica del Sacro Cuore ) Domenikantonio De Giorgio deyib. O, Avropa Qaz İnfrastrukturunun (GIE) sənaye datasını təhlil edib.

“Putinlə Gazprom elə hey deyirlər ki, müştərilərlə uzunmüddətli kontraktları təchiz ediblər. Yaxşı, belə çıxır ki, müştəriləri təchiz ediblər, özlərini yox”, – o vurğulayıb.

Gazprom-un qaz terminalının olmadığı Fransada və İtaliyada qaz anbarlarının səviyyəsi ilin bu vaxtına uyğun normadadır.

Gazprom Almaniya, Avstriya və Niderlandda qaz anbarlarının üçdə birinə nəzarət edir.

Şirkət iddialara cavab verməyib. Ancaq bu il uzunmüddətli kontraktların hamısına əməl etdiyini deyir.

Şimal axını 2-yə qaz vurulub

Tənqidçilərin fikrincə, qaz anbarlarının səviyyəsində azalma Avropada enerji qiymətlərinə təsir göstərməyi hədəfləyir ki, bu da koronavirus pandemiyasından iqtisadi dirçəlişə təhdid yaradır.

Rusiyadan Almaniyaya qaz nəql edəcək Şimal axını 2 kəmərinin operatoru ötən həftə kəmərin qazla doldurulduğunu açıqlayıb. Tənqidçilər bu kəmərin Avropanın Rusiya qazından asılılığını daha da artıracağını desələr də, Almaniya layihəni başa çatdırmağa nail oldu. Almaniya bu kəmərin özünün və Avropa Birliyinin enerji təhlükəsizliyinə təhdid yaratmayacağı qənaətinə gəlib.

Təhlilçilər “Financial Times”a deyirlər ki, Şimal axını 2 kəmərinin qazla doldurulması Rusiyanın yetərincə qaz ehtiyatının olduğunu göstərir. Payız girəndə Avropaya qaz nəqlində yavaşıma ölkədə qaz tələbatının yüksəlməsi ilə izah olunurdu.

Oktyabrın əvvəlində Avropa birjalarında qazın qiyməti rekord həddə yüksəlmişdi.

XS
SM
MD
LG