Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:51

Hökumət genişzolaqlı internetlə bağlı hədəfinə çatmayıb


Uzaq rayonlara internet vədi - hökumətin milyonluq layihəsi niyə gerçəkləşmir?
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Uzaq rayonlara internet vədi - hökumətin milyonluq layihəsi niyə gerçəkləşmir? (Arxiv. 2020)

2015-ci ildə Azərbaycanda genişzolaqlı internet infrastrukturunun inkişafı üzrə üçillik Fəaliyyət Proqramı hazırlanmışdı. Rəsmi açıqlamada bildirilmişdi ki, hökumətin məqsədi 2019-cu ildə genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır. Həmin vaxtdan üç ildən çox zaman ötsə də, açıqlanan bilgilərdən aydın olur ki, hökumət bu hədəfini gerçəkləşdirməyib. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev indiyədək Azərbaycan vətəndaşlarının 39 faizinin genişzolaqlı internetə çıxışının təmin olunduğunu söyləyib. Bu isə hökumətin 2019-cu ildə çatmaq istədiyi göstəricidən (85 faiz) iki dəfə az faiz deməkdir. Nazirin dediyinə görə, Xəzər dənizinin dibi ilə yeni internet xətti çəkiləndən sonra mənzillərin hamısında genişzolaqlı internetə çıxış olacaq.

Azərbaycanda internetin sürət və keyfiyyət baxımından gərəkli səviyyədə olmaması tez-tez gündəmə gəlir. Müstəqil ekspertlərin fikrincə, bu cür problemlərin başlıca səbəblərindən biri bazarda dövlətin hegemon paya sahib olmasıdır. Dövlət və özəl provayderlər arasında rəqabət ortamının bərabər olmaması da səbəblərdən biridir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda internet sürətinin zəifliyinə dair ötənilki açıqlamasında bildirmişdi ki, ölkədə sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70 faizi interneti ADSL üzərindən alır. Bu texnologiyanın da sürətli olmasından ötrü yeni infrastruktura ehtiyac var. ADSL texnologiyasının saniyədə 10 MB-lıq üst həddi var. Azərbaycanda 19 faiz, Gürcüstanda 93 faiz, Rusiyada 68 faiz istifadəçi sabit genişzolaqlı internet xidmətini fiber-optik xətlərlə alır. İnternetin daha sürətli olması üçün infrastrukturu yeniləmək, gərəkli texnologiyalara iri həcmdə investisiya yatırmaq lazımdır.

İnternet üçün dağa çıxan məktəblilər...
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

Azərbaycanda internetdən yararlanma durumu

Dövlət Statistika Komitəsinin (DSK) Azərbaycanda internet istifadəsinə dair açıqladığı sonuncu göstəricilər 2022-ci ilin əvvəlinə aiddir. Həmin rəqəmlərə görə, ölkədə əhalinin hər 100 nəfərindən 87 nəfəri internet istifadəçisidir. Onların 88.4 faizi hər gün internetə daxil olduğunu bildirib. İstifadəçilərin daha çox mobil telefondan faydalanması (61.8 faiz) da diqqət çəkir.

DSK istifadəçilərin internetdən niyə yararlandıqlarını da araşdırıb. Onların ən böyük hissəsi – 33.8 faizi bildirib ki, internetdən istifadə zamanı əsas məqsədləri bilgi toplamaqdır. Daha 28 faiz internetdən bağlantı qurmaq üçün yararlandığını söyləyib. İstifadəçilərin 11.8 faizi təhsil və təlim məqsədi ilə internetə üz tutduğunu bildirib. Onlayn məhsul sifarişi və satışı istifadəçilərin 4.2 faizi üçün internetdən istifadənin başlıca məqsədidir.

DSK öz araşdırmasında internetdən yararlanmayanların da niyə belə davrandığını öyrənmək istəyib. Evində internetə çıxışı olmayanların 45 faizi internetin onlara gərəkmədiyini bildirib. Maddi imkansızlıq ikinci başlıca səbəb kimi göstərilib. İnternetə çıxışı olmayanların 20 faizi deyib ki, internetə qoşulmamalarının əsas səbəbi qoşulma haqqının və ya internetə qoşulmaq üçün gərəkli avadanlığın bahalığıdır. Ərazidə texniki imkanların olmaması üçüncü başlıca səbəb kimi göstərilib (7.4 faiz). İnternetə çıxışı olmayanların daha 7.1 faizlik bölümü bildirib ki, interneti zərərli saydıqlarından ondan istifadə etmirlər.

Peyk interneti Azərbaycanda nə qədər əlçatandır?
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

İnternet istifadəsində regional bərabərsizliklər

Ölkədə internetdən istifadə və infrastruktur baxımından Bakı və bölgələr arasında ciddi fərqlər gözə çarpır. Məsələn, rəsmi rəqəmlərə görə, Bakıdakı mənzillərin 98 faizində internetə çıxış var. Dağlıq Şirvan iqtisadi rayonunda bu göstərici 77 faizdir. Evlərdə internetə giriş qurğularının sayı baxımından da ciddi fərqlər var. DSK-nın məlumatına görə, Bakıda hər 100 evdən 87-də internetə giriş qurğusu var. Bu göstəricinin ən aşağı olduğu iqtisadi rayonsa Qazax-Tovuz iqtisadi rayonudur. Burada hər 100 evdən cəmi 47-də internetə giriş qurğusu var. Bakıda hər 100 ev təsərrüfatından 54-də fərdi kompüter və noutbuk olsa da, Tovuz-Qazax iqtisadi rayonunda eyni göstərici 24-ə, Lənkəran-Astara iqtisadi rayonunda 28-ə, Mərkəzi Aran iqtisadi rayonunda 29-a bərabərdir.

XS
SM
MD
LG