Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:09

Göyçay məhkəməsində: '...Başqa qızların başına gətirilməsin'


"İş məhkəməyə gələndə bildik ki, zorlama yox, yüngül maddə ilə göndəriblər".
"İş məhkəməyə gələndə bildik ki, zorlama yox, yüngül maddə ilə göndəriblər".

Göyçayda 15-yaşlı yeniyetməyə qarşı cinsi cinayətdə ittiham olunan Ramiz Cəfərov 2 il azadlıqdan məhrum edilib. Bu isə zərərçəkmişin ailə üzvlərinin etirazına səbəb olub. Bu, mayın 30-da hökmün çıxarıldığı Göyçay rayon Məhkəməsində yaşanıb.

22-yaşlı Cəfərov Cinayət Məcəlləsinin (CM) 152.1 (14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib. Zərərçəkmiş tərəf hakim Elçin Qurbanovun çıxardığı bu hökmlə razı deyil və apellyasiya şikayəti vermək niyyətindədir.

"Bizə olunan təklifi qəbul etmədik, başqa yol tapdılar"

Ailə iddia edir ki, təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmək üçün istintaq saxtakarlıq edib, zorlama cinayətini gizlədib, məhkəmədə də bu proses davam etdirilib.

"Məhkəmə bu cinayət işini istintaqa geri qaytarmalı idi, çünki uşağın ifadələri istintaqda saxtalaşdırılmışdı. Zorlama cinayətini dəyişiblər, guya, münasibətlər könüllü şəkildə olub. Bunların nəyin müqabilində olduğunu bilirik. Şikayəti geri götürmək üçün bizə olunan təklifi qəbul etmədik, başqa yol tapdılar", – zərərçəkmişin əmisi Rəvan Daşdiyev AzadlıqRadiosuna belə deyib.

Bu cinayət işi üzrə istintaq Göyçay rayon Polis Şöbəsində aparılıb. Təqsirləndirilən Cəfərov həm istintaqda, həm də məhkəmədə ifadələrində özünü CM-in 152-ci maddəsi ilə təqsirli bilib. O bildirib ki, zərərçəkmişlə sevgili olublar, sonradan qarşılıqlı razılıq əsasında bir neçə dəfə cinsi əlaqədə olublar. O, sevgili olarkən qızın hələ heç 15 yaşı olmadığını da ifadəsində deyib.

Zərərçəkmişin dedikləri

Zərərçəkmişin istintaqa ifadəsində göstərilib ki, Cəfərovla öz razılığı ilə münasibətdə olub. Çünki onunla evlənəcəyinə söz vermişdi, həm də ona çox bağlanmışdı.

Məhkəmədə isə ifadəsində bildirib ki, istintaqdakı ifadələr saxtalaşdırılıb, Cəfərov onu hədələyirdi.

Zərərçəkmişin qanuni nümayəndəsi qismində dindirmələrdə onun anası iştirak edib. Anası da bildirib ki, ifadələri oxumadan imzalayıblar.

"Müstəntiq özünü elə aparırdı, düşünürdük ki, bu uşağa canı yanır. Sən demə, bizi aldadırlarmış. İş məhkəməyə gələndə bildik ki, zorlama yox, yüngül maddə ilə göndəriblər. Cəzasızlıq yeni qurbanlar yaradır. Biz mübarizə aparırıq ki, bizim uşağın başına gələnlər başqa qız uşaqlarının başına gətirilməsin...", – Daşdiyev bildirib.

DİN təkzib edir

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Göyçay rayon Polis Şöbəsində istintaq zamanı saxtakarlığa yol verilməsi, ifadələrin təhrif olunması haqda iddialar əsassızdır. Nazirliyin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov AzadlıqRadiosuna deyir ki, yeniyetmənin anasının müraciəti əsasında polis şöbəsində araşdırmalar başlayıb, ekspertizalar və üzləşmə keçirilib: "İstintaq müddətində ifadəsi alınan yeniyetmə könüllü şəkildə cinsi əlaqədə olduğunu bildirib. Eləcə də ekspertizanın da rəyinə əsasən, hər hansı bir zorlama halına rast gəlinməyib. Ekspertizaların rəyləri əsasında Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanıb".

2022-ci ilin dekabrında azyaşlılara qarşı cinsi zorakılıq cinayətlərinə görə cəzalar sərtləşdirilib. Bununla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsinə dəyişiklik edilib. Artıq Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan şəxsin zorlanmasına görə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Zərərçəkmiş 14 yaşına çatmayıbsa, bu halda cəza müddəti 15 ildən 20 ilə qədərdir.

XS
SM
MD
LG