Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:12

Tbilisidəki qığılcım: Küçə etirazları kütləvi iğtişaşlara belə çevrildi


Polis parlament binasının yağılığında etirazçılara bibər qazı sıxır.
Polis parlament binasının yağılığında etirazçılara bibər qazı sıxır.

AzadlıqRadiosunun fotojurnalisti Tamun Çkareuli Gürcüstandakı mübahisəli parlament seçkilərini bir neçə gün işıqlandırandan sonra noyabrın 28-də öz evində dincəlirdi.

Baş nazir İrakli Kobaxidzenin Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək ertələmək bəyatatını da elə evində olarkən televiziyada canlı izləyib.

Sonra nə baş verdiyini özündən eşidək: "Seçkilərdən sonra fiziki və mənəvi baxımdan çox yorulmuşdum. Belə təəssürat yaranmışdı ki, etirazçılar hara getdiyini bilmirlər. Ancaq hökumət Avropa kursunu dayandırmaq niyyətini səsləndirəndən sonra anladım ki, etirazçılar yenə küçələrə qayıdacaq. Avadanlığımı götürüb çıxışa doğru getdim.

Parlament binasına yaxınlaşarkən yüzlərlə insanın onun qarşısına toplaşdığını gördüm.

Adətən, Gürcüstanda böyük etiraz aksiyaları olanda, qulağa musiqi səsləri gəlir, insanların şənləndiyini görürsən. Bu dəfə bircə nəfər də siyasi lider çıxış etmirdi, yalnız kortəbii toplaşan qəzəbli və hay-küylü izdiham vardı. İnsanlar onları etiraz etməyə səsləyənləri istəmirdilər, sadəcə qəzəblərindən oraya toplaşmışdılar".

Söyüş söyən polislər

"Parlament binasının hər iki tərəfində iğtişaşları dağıdan polis əməkdaşları vardı. Etirazların qeyri-adi görünən bir özəlliyi diqqətimi çəkdi: Polislər etirazçılarla çox vulqar dildə danışırdılar. Etirazçılar polisi söyəndə sonuncular da söyüşlə cavab qaytarır və orta barmaq işarəsi göstərirdilər. Polislər etirazçıların əzizlərinə qarşı çox təhqiramiz ifadələr işlədirdilər. Daha öncə işıqlandırdığım etirazlarda buna bənzər hallarla rastlaşmamışam.

Etirazçılar yanan barrikadanın yanında.
Etirazçılar yanan barrikadanın yanında.

Gecə saat 2-də etirazlar daha da qızışdı və aksiyaya qatılanlar bir neçə polis çəpərini aşmağı bacardılar. Polis onların üzərinə su şırnağı yönəldəndə əllərində Avropa İttifaqı bayraqlarını tutan etirazçılar o çəpərlərdən bir növ barrikadalar kimi yararlanmağa başladılar.

Şırnaq şırıltısı sanki şir hayqırtısı, şir nərəsidir. Bir yerə sığınmaq üçün bir göz qırpımı zamanın ola, ya olmaya. Su şırnağına hansısa maddənin qatıldığını deyirdilər. Adamın dərisinə dəyincə, elə bil bədənin yanırdı…

Artıq ayaqqabılarıma su dolmuşdu. Təpədən dırnağacan işlanmışdım. Dərim də yanırdı. Daha etirazları işıqlandıra bilməyəcəyimi anladığımdan AzadlıqRadiosunun ofisinə qayıtdım. Həmkarlarım mənə ölçüsü çox yekə bir cüt ayaqqabı tapdılar.

Öncəki etirazlardan yaxşı bilirdim ki, adətən, həbslər səhər saatlarında - etirazlar səngiyincə, izdiham seyrəlincə, polis rahat işləyə bilincə baş verir. Səhər saat 5 radələrində etirazçıların sıxışdırıldığı "Rustavelli teatrı" yaxınlığına üz tutdum. Bilirdim ki, orada nəsə baş verir".

"Polisin belə aqressiv davranışıyla raslaşmamışdım"

"Saat 6:30 radələrində orada yüzdən az etirazçı qalmışdı və polis sanki qar uçqunu, qar kütləsi kimi onlara hücum çəkirdi. Etirazçıları çox pis döyürdülər. Onları yerə sərib, qabırğalarına yumruq vurur, təpikləyir, sonra da sürüyüb aparırdılar. Qadınların qışqırığından qulaq batırdı.

Səhər tezdən etirazçıların üzərinə polis hücumu.
Səhər tezdən etirazçıların üzərinə polis hücumu.

Mən işimi görür, fotoşəkillər çəkirdim. Küçəboyu etirazçıları qovan polisi izləyir, həmkarım - kameraman İlia Ratiani ilə bir-birimizi gözdən qoymurduq. Polis gecəboyu jurnalistlərlə çox qaba davranırdı. Yanlarından keçərkən polislərdən biri əliylə Ratianiyə çəkməyə imkan vermədi və bizi söydü. Həmin gecə Aleksandr Keşelaşvili adlı bir fotoqraf həbs edilərkən çox ağır döyüldü. Daha öncə heç vaxt polisin belə aqressiv davranışıyla raslaşmamışdım.

Mərkəz istiqamətində - Elmlər Akademiyası binasına yaxın bir yerdə bir gənci döyən polisin şəklini çəkdim. Bir neçə gənc etirazçı yaxınlaşıb döyüləni qorumağa çalışdı. Qışqırıb-bağırırdılar. Polis onları da təqib etməyə başladı.

Tbilisidə gecələr də işləyən bir çox aptek var. Gənc etirazçılar oraya sığınırdılar. İçəri girən polislər gəncləri oradan sürükləyib çıxarmaq istəyir, bunu bacarmadıqca da bağırırdılar".

Polisin atdığı odun

"Aptekdən çıxan polislər həm aqressiv idi, həm də işindən həzz alan kimi görünürdülər. Həmkarım David Tsaqareliyə hücum çəkdilər. Bilirdilər ki, jurnalistdir, axı üzərindəki "media" yazılı gödəkcəni görməmək mümkün deyildi. Ancaq yanından keçən polis əməkdaşı yumruğuyla onun qarnına vurdu. Davidin qolundan tutub bir neçə addım yeriməsinə kömək etdik. O, yerə çöməldi və sonra oturub nəfəsini dərdi. Etirazları izləyən bir neçə sakinin şəkillərini çəkib, ofisimizə qayıtdıq".

Həmin gecə bizə aydın oldu ki, bu, etirazların başlanğıcıdır. Qarşıda bizi bir çox yuxusuz gecələr gözləyir. İnsanların mısmırıq və qəzəbi etiraz çırağını alovlandırdı. Gözlər önündəki polis qəddarlığı da bu böyük yanğına daha bir odun atdı".

XS
SM
MD
LG