Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Gürcüstanın hakim partiyası seçki kampaniyasında yenə Ukraynadakı savaşdan faydalanmağa çalışır


Tbilisinin mərkəzində hakim "Gürcü arzusu" partiyasının reklam lövhəsi. Sol şəklin altında "Müharibəyə yox", sağ tərəfdə "Sülhü seçin" yazılıb.
Tbilisinin mərkəzində hakim "Gürcü arzusu" partiyasının reklam lövhəsi. Sol şəklin altında "Müharibəyə yox", sağ tərəfdə "Sülhü seçin" yazılıb.

Gürcüstanda hakim "Gürcü arzusu" partiyası qarşıdan gələn seçkiləri sülhlə savaş arasında ekzistensial seçim kimi qələmə verməyə çalışır.

Hökuməti tənqid edənlərsə iqtidarın vəd etdiyi sülhü düşmən Rusiyaya təslim olmaq sayır.

Hakim "Gürcü arzusu" partiyası oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində savaşda dağıdılan Ukraynanın ağ-qara görüntülərini çiçəklənən, barış ortamında yaşayan Gürcüstanın şəkilləri ilə yanaşı qoyur, onlardan seçki kampaniyasında faydalanır.

Ukraynada darmadağın edilmiş bir küçə Tbilisidə bu yaxınlarda təmir edilmiş Çavçavadze prospektinin yanında təsvir edilir. Ukraynada bombalanmış futbol stadionu Gürcüstanda mövcud iqtidarın dövründə tikilmiş çoxsaylı idman arenalarından biri ilə qarşılaşdırılır. Ukraynaya aid görüntülərin altında "Müharibəyə yox", Gürcüstanın görüntülərinin altında isə "Sülhü seçin" sözləri yazılıb.

"İnanclarımızı bu qədər aşağılayan bir şey görməmişəm"

AzadlıqRadiosunun Tbilisidə fəaliyyət göstərən müxbiri Coşua Kuçeranın yazdığı məqalədə deyilir ki, bu kampaniya bir çox vətəndaşı sarsıdıb və onlarda ukraynalıların işğala məruz qaldıqları üçün qınandığı təəssüratını yaradıb. "Mən heç zaman bu qədər utancverici, mədəniyyətimizi, ənənələrimizi, tarix və inanclarımızı bu qədər aşağılayan bir şey görməmişəm", - "Gürcü arzusu"nun kəskin tənqidçilərindən biri olan prezident Salome Zurabişvili Facebook-da belə yazıb.

2008-ci ilin avqustunda Rusiya qoşunları Gürcüstana hücum edib. Beş gün sürən bu savaşın ardınca Moskva Gürcüstandan qoparılmış Abxaziya və Cənubi Osetiyanın bölücü avtoritar rejimlərinə hərbi və diplomatık dəstəyini daha da gücləndirib. Gürcülər bunu ərazilərinin işğalı sayırlar.

"Gürcü arzusu"nun liderləri Rusiya mövzusunu nadir hallarda dilə gətirsələr də, onların dördüncü dəfə seçilmək üçün səsləndirdikləri arqumentlərindən biri də şimal qonşusu ilə mürəkkəb münasibətləri yönəltməyə qadir tək partiya olmalarıdır.

"Oktyabrın 26-da biz müharibə və sülh arasında seçim edəcəyik", - "Gürcü arzusu"nun qurucusu və de-fakto lideri Bidzina İvanişvilinin sentyabrın 8-də keçirilən seçki rallisində söylədiyi sözlərdir.

Sülh vədi "Gürcü arzusu"nun da, İvanişvilinin də hələ 2012-ci ilin oktyabrında ilk dəfə hakimiyyətə gəlmələrindən bəri başlıca mesajı olub. 2008-ci ildə Rusiya Gürcüstanı cəzalandırmaq üçün ona qarşı savaş açdığı zaman prezident Mixeil Saakaşvilinin komandası hakimiyyətdə idi.

Qoridə Rusiya qoşunları. 19 avqust 2008
Qoridə Rusiya qoşunları. 19 avqust 2008

Antiukrayna ritorikası yayılıb

İvanişvilinin 2012-ci ildəki kampaniyadakı mesajı Saakaşvilini Rusiyanın hücumunu təşviq etməkdə suçlamaq üzərində qurulmuşdu. Hakimiyyətə gələndən sonra "Gürcü arzusu" Kremllə münasibətlərdə daha az qarşıdurmaya girməyə çalışıb. Müxalifətin çox bölümü belə davranışı rusiyapərəst mövqe sayır.

İki il öncə Rusiya Ukraynaya qarşı tammiqyaslı savaş başladandan sonra isə "Gürcü arzusu"nun sülh narrativi daha da güclənib. Bu məsələyə son dərəcə ehtiyatla yanaşan Gürcüstan liderləri Rusiyanın hücumunu tənqid etməkdən boyun qaçırdılar və hətta tez-tez antiukrayna ritorikasından da çəkinmədilər.

Ukrayna və bəzi başqa qüvvələr Gürcüstanı Abxaziya və Cənubi Osetiyada Rusiya qüvvələrinə qarşı ikinci cəbhə açmaqla Rusiyaya qarşı ortaq mübarizəyə töhfəsini verməyə çağırdı. Gürcüstan rəsmiləri tədricən belə çağırışları ümumdünya konspirasiyası kimi qələmə verməyə başladılar. Onlar bunu Gürcüstanı müharibəyə sürükləmək məqsədi güdən "qlobal savaş partiyası" adlandırırlar.

İndi - parlament seçkiləri yaxınlaşdıqca, "Gürcü arzusu" müharibə və sülh məsələlərinə əvvəlkindən də çox diqqət çəkməyə çalışır.

Partiya hətta bölücü Abxaziya və Cənubi Osetiya əraziləri üzərində nəzarəti bərpa edə biləcəyinə də eyham vurub. "Bizim iki milli vəzifəmiz var, o da ərazi bütövlüyümüzü bərpa etmək və ölkəmizdə yoxsulluğa son qoymaqdır. Bizim bütün proqramımız bu iki milli vəzifəni gerçəkləşdirmək amacı daşıyır", - baş nazir İrakli Kobaxidze oktyabrın 8-də partiya platformasının açıqlandığı tədbirdə belə deyib. O, ərazilərə nəzarətin necə bərpa ediləcəyi haqda təfərrüatlara varmasa da, bunun regional siyasi durumdakı dəyişiklik fonunda əldə ediləcəyini söyləyib.

Belə ritorika gürcülər arasında geniş yayılmış düşüncədən faydalanmağa hesablanıb. Çoxları düşünür ki, Tbilisi qərbyönlü geosiyasi oriyentasiyadan boyun qaçırarsa, Moskva sözügedən iki bölücü avtoritar rejimə dəstəyini dayandıracaq. Di gəl, təhlilçilər belə gözləntini gerçəkdənuzaq sayırlar.

İvanişvilinin özü bu yaxınlarda deyib ki, gürcülər 2008-ci ildə baş verən müharibəyə görə osetinlərdən üzr istəməlidirlər. O, Saakaşvilinin Qərb müttəfiqlərinin onu müharibəyə başlamağa təhrik etdiyinə eyham vurub. Saakaşvilinin "Birləşmiş Milli Hərəkat"ı hazırda Gürcüstanın ən iri müxalifət partiyasıdır.

Rusiyanı sevindirən, Qərbi qəzəbləndirən iki addım

ABŞ və Aİ "Gürcü arzusu"nun məğlubiyyətinə ümid etdiyini aydın göstərdiyi kimi, Rusiya da hakim partiyanın qələbəsini dəstəklədiyini açıq-aşkar nümayiş etdirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstan hökumətini "xarici agent" qanunlarını qəbul etmək və "LGBT təbliğatı"na qarşı durmaq kimi addımlara görə tərifləyib. Tbilisinin Qərb tərəfdaşlarını qəzəbləndirən də məhz bu addımlardır.

"Gürcü arzusu"nun seçki banneri.
"Gürcü arzusu"nun seçki banneri.

Gürcüstanın Abxaziya və Osetiyaya ilə bağlı davranışlarına gəlincə, Lavrovun açıqlamaları o qədər də birmənalı olmayıb. O, İvanişvilinin üzr təklifini tərifləsə də, daha sonra Cənubi Osetiyanın de-fakto xarici işlər nazirinə 2008-ci il qərarlarının dəyişməyəcəyini deyib. 2008-ci ildə Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıyıb.

Seçki sonuclarından razı qalmayacağı halda, Rusiyanın Gürcüstana hücum edəcəyi ilə bağlı təlaşlar artıb. Axı Rusiya postsovet məkanında dəfələrlə elə davranıb.

Belə qorxuları Rusiyanın özü qızışdırır. Avqust ayında Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) bəyanat yayaraq ABŞ-nin Gürcüstanda "Maydan" ssenarisini təşviq etməyə və hətta "Gürcü arzusu" qalib gəlsə də, müxalifəti hakimiyyətə gətirməyə çalışması haqda xəbərdarlıq edib.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində bölücü münaqişəni qızışdırması da "Maydan inqilabı"ndan dərhal sonra baş vermişdi.

SVR-in rəhbəri Sergey Narışkin oktyabrın 3-də jurnalistlərə deyib ki, ABŞ Gürcüstanda "sağlam, milliyönlü" qüvvələrin hakimiyyətdə qalmasına imkan verməməyə çalışır. O, daha sonra "Ancaq əminəm ki, gürcü xalqı düzgün seçim edəcək" sözlərini də dilə gətirib.

"Gürcü arzusu" "müharibəyə yox" reklamlarını yaymağa başlarkən, Ukraynanın xarici işlər naziri buna etiraz edib. Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski isə bu reklamları "təhqiramiz", "utancverici" və "iyrənc" adlandırıb.

Ancaq həmin reklamlar indi Tbilisidə hər yerdə - bilbordlarda, avtobuslarda və metrodadır. Dövlət televiziya kanalları da bu reklamları dramatik musiqinin müşayiəti ilə nümayiş etdirir.

Ancaq bir qrup müxalifyönlü kanal bu reklamları efirə verməkdən imtina edib. "Bizim "Gürcü arzusu"nun Rusiya təbliğatını, yaxud Ukrayna xalqını məsxərəyə qoymasını, dolayı yolla da olsa, dəstəkləmək niyyətimiz yoxdur", - həmin kanallar birgə bəyanatlarında belə bildiriblər.

XS
SM
MD
LG