Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:47

Günəmuzd çalışan: 'Küçə-küçə gəzib soruşuram...'


Sumqayıtda iş yarmarkası: 'Gözdən pərdə asırlar'
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Sumqayıtda iş yarmarkası: 'Gözdən pərdə asırlar'. Video arxiv

Araz Əhmədov Bakının 8-ci kilometr qəsəbəsində yerləşən bazarda işləyirmiş. Gündəlik burda göyərti yükləyir, onların dəstəsini bağlayırmış. Beləliklə, günə 15 manat qazanırmış.

Koronavirus təhlükəsinə görə bazar bağlandıqdan sonra işsiz qalıb. Danışır ki, əlində-ovcunda olanı evdə oturduğu günlərdə xərcləyib bitirib. İndi infeksiya, təhlükə düşünmədən, sözün əsl mənasında, küçə-küçə gəzib iş axtarır: ​«İki uşağım var. Birini göndərdim nənəsinin yanına. O birini də yanımızda saxladıq. Bilmirəm neyləyim. Binaların həyətini dolaşıram, küçə-küçə iş axtarıram, soruşuram bəlkə santexnika işi lazımdır, bəlkə evdə görüləsi işiniz var? Hər işə razıyam, bircə evə çörək apara bilim».

Bakı yaşlıları evdə oturmur?
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Petisiyalar yayılır

Üstəlik də, kirayədə yaşayır, bayrama görə kirayə haqqı üçün möhlət istəyib, indi isə ev sahibi qapını döyür.

Bugünlərdə A.Əhmədov kimi işsiz, çarəsiz qalanlar hökumətdən əlac gözləyirlər.

Bu arada sosial mediada hökumətə bu cür insanlara yardım göstərilməsindən ötrü petisiyalar ünvanlanır. Məsələn, siyasi fəal İlkin Rüstəmzadənin başlatdığı petisiyada deyilir:


«...koronavirus pandemiyası dövründə insanların kütləvi şəkildə evdə qalmasını təmin etmək üçün minimum tələbatların dövlət tərəfindən qarşılanmasını, bunun üçün ağlabatan və dövlətin qarşılaya biləcəyi məbləğ olan 300 manat vəsaitin vətəndaşlara ödənməsini, eyni zamanda, bank kreditlərinin axımının və ödənişinin, həmçinin, kommunal xidmət üzrə ödənişlərin 1 iyuna qədər təxirə salınmasını istəyirik. Bu, pandemiya dövründə əhalinin sosial təminat baxımından zəif qruplarının tam şəkildə müdafiə olunmasını təmin edə biləcək addımdır».

Bildirilir ki, dövlət zəruri olan addımlar atmazsa, milyonlarla insan evdən çıxmağa davam edəcək və pandemiya ölkə miqyaslı fəlakətə çevriləcək.

V.Əhmədov
V.Əhmədov

Deputat: «Bu işi tələsdirmək lazımdır»

Deputat Vahid Əhmədov da hökumətin tədbirlər planı hazırladığını, amma onun yubandığını bildirir.

«Bu işi tələsdirmək lazımdır. Muzdla işləyənlərin, bəzi təqaüdçülərin və başqalarının müəyyən ehtiyacları var. Bunlara kömək göstərilməlidir. Yəqin, bu gün, sabah sərəncam, ya fərman imzalanacaq», – deputat deyir.

İqtisadçı: «Hökumətin əlində normal statistik baza yoxdur»

Amma bəzi mütəxəssislərə görə, günəmuzd çalışanların siyahısını hazırlamaq elə də asan deyil. «Bizdə günəmuzd işləyənlərin sayı bilinmir. Onlara hansısa formada yardım göstərilməsi də çətindir», - ReAL partiyasının icraçı katibi Natiq Cəfərli deyir. Onun sözlərinə görə, bunun üçün «qəliz mexanizm» düşünülməlidir, ancaq bunun üçün zaman yoxdur: «Azərbaycanda təqribi hesablamalara görə, 1.5-1.6 milyon nəfər ya günəmuzd çalışır, ya da müqaviləsiz işləyir. Onları tapmaq, ayırd etmək, hər hansı formada yardım etmək çətindir. Bu, kölgə iqtisadiyyatının və siyasiləşmiş statistikanın nəticəsidir. İndi çətin qərarlar verilməlidir, amma hökumətin əlində normal statistik baza yoxdur».

N.Cəfərli
N.Cəfərli

N.Cəfərli hesab edir ki, bu durumda bir yol qalır: «ABŞ-da, Avropa ölkələrində olduğu kimi, bütün əhaliyə yardım edilməlidir. Ən sadə yol budur. Ola bilsin, təqaüdçüləri və dövlət qulluqçularını çıxsınlar».

Deputat V.Əhmədovsa hesab edir ki, həmin şəxsləri – günəmuzd çalışanları tapmaqda çətinlik yoxdur: «Hər bir rayonda bilirlər kim işləyir, kim işləmir. Əvvəla, bu məsələ çoxdan həll olunmalı idi. Sosial Müdafiə Nazirliyi siyahını bunu çoxdan hazırlamalı, kompüterə keçirməli idi, bilinməliydi kimlərə sosial yardım göstərilməlidir».

Deputat dövlətin mütləq günəmuzd çalışanlara yardım göstərməli olduğunu vurğulayır: «Prezidentin sərəncamı da var. Orda göstərilir ki, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanları araşdırıb tapmalıdır və tədbirlər planı hazırlanmalıdır».

Hökumət nə deyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov bu haqda məlumatsız olduğunu bildirir.

Nazirlər Kabineti yanında Operativ qərargahla danışmaq mümkün olmayıb.

Aprelin 2-dək prezidentin sərəncamı ilə yaradılmış dörd İşçi qrup koronavirusla mübarizə məqsədilə təkliflərini hökumətə təqdim etməlidir. Təkliflər arasında işsiz insanlara yardım göstərilməsinin nəzərdə tutulduğu bildirilir.

Rəsmi açıqlamaya görə, ümumilikdə, indiyə kimi Azərbaycanda 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib.

XS
SM
MD
LG