Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:21

‘Gəncə işi’ deyəsən ‘işgəncə işinə’ çevrilir


Gəncə qarşıdurması - tutlanlara işgəncə verilir?
Gözlə

No media source currently available

0:00 0:14:42 0:00

Gəncə qarşıdurması - tutlanlara işgəncə verilir?

“Gəncə işi” üzrə həbs olunanların yaxınları mayın 7-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Amma polis etirazçıları ərazidən uzaqlaşdırıb. Sonradan onlar etirazlarını Ali Məhkəmənin qarşısında davam etdiriblər.

Əvvəlcə xatırladaq ki, “Gəncə işi” 2018-ci ilin iyulunda Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd, bunun ardından etiraz aksiyasında iki polis əməkdaşının öldürülməsi ilə bağlı başlanan cinayət işidir. Ümumilikdə Gəncə hadisələri ilə bağlı 77 nəfər həbs olunub.

Bugünkü aksiyada iştirak edənlərdən biri, Sevinc Hüseynova deyir ki, onlar istintaqın düzgün aparılmamasına, həbs olunanlara işgəncələrin verilməsinə etiraz edirlər.

O, “Gəncə işi” üzrə həbs olunan Elmir Hüseynzadənin anasıdır. Sevinc Hüseynova deyir ki, onlar şəxsən prezident İlham Əliyevin onları qəbul edib, bu işi öz nəzarətinə götürməsini istəyirlər:

“Bu haqsızlığa niyə göz yumulur? Niyə onlara edilən işgəncələr haqda danışılmır? Şəxsən mənim oğlumun gözünü skoçla bağlayıb, 7-8 nəfər qanına-qəltan olana qədər döyüblər. 10 ay keçib onların ölənə kimi döyülməsinin üstündən hələ də uşağımın başında dəlik kimi yara qalır. Uşağımın səhhətindən xəbərsizik. Bütün bu işgəncələrin nəticəsidir ki, o gün məhkəmədə iki nəfərin halı kəskin pisləşdi”.

Sevinc Hüseynova deyir ki, onun oğlu 2018-ci il iyulun 10-da Gəncədə təşkil edilən aksiyada video görüntülərə düşüb. O, adam öldürməyə cəhd, iğtişaş, dövlət çevrilişi cəhdi də daxil Cinayət Məcəlləsinin 7 maddəsi üzrə təqsirli bilinir. Hazırda işə Sabunçu rayon məhkəməsi baxır.

Saxlananlardan Səbuhi Rəcəbov, Gülmirzə Nuruzadə və Eyruz Hacıyevin işin düzgün araşdırılmamasına etiraz olaraq, istintaq təcridxanasında aclıq aksiyasına başladıqları deyilir. Eyruz Hacıyevin qardaşı Yasər Hacıyev deyir ki, onlar mayın 6-dan müddətsiz aclıq aksiyasına başladıqlarını bildiriblər.

Amma Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov bunu təkzib edir, kimsənin aclıq aksiyası etmədiyini bildirir. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyindən istintaqın gedişi, təqsirləndirilənlərə işgəncələrin verilməsi haqda iddialara münasibət öyrənə bilmədik.

İşgəncələri araşdırmaq lazım gələcək

Amma Siyasi Məhbusları Müdafiə Mərkəzinin əməkdaşı Oqtay Gülalıyev deyir ki, mayın 6-da onu Gəncə hadisələri ilə bağlı DİN-in Baş Cinayət Axtarış İdarəsinə çağırıblar.

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

İdarənin rəisi Arzu Daşdərmirov və digər əməkdaşları onu qəbul ediblər. Facebook-da Gəncə işi ilə bağlı yazdıqlarından narahat olduqlarını, bəzi fikirlərlə razılaşmadıqlarını bildiriblər. Oqtay Gülalıyevin təmsil etdiyi təşkilat müstəqil olaraq, Gəncə hadisələri ilə bağlı açılan cinayət işini və onun gedişini izləyir. O deyir ki, bu işdə bir çox qanunlar pozulur:

“Gəncə işi ilə bağlı həbs olunan insanlara ifrat ittihamlar irəli sürülüb. Təsəvvür edin cinayət Məcəlləsinin 2-dən başlayaraq, 27-yə qədər müxtəlif maddətləri irəli sürülüb. Onlar dövlətə qarşı çox ağır cinayətlərdə ittiham olunurlar. Bundan başqa, həmin şəxslərə həbs olunan ərəfədə ağır işgəncələr verilib. O şəxslər hələ də bu işgəncələrdən əziyyət çəkirlər. Amma bu işgəncə hallarının araşdırılması, həbs olunanların müalicə və reablitasiyası ilə bağlı heç bir iş görülmür”.

Oqtay Gülalıyev deyir ki, məhkəmələr istintaq sənədlərinə, şahid və zərərçəkənlərin ifadələrinə uyğun qərarlar çıxarır. Heç bir araşdırma aparılmır. O, əlavə edir ki, bu iş üzrə 17 nəfər zərərçəkən, 36 nəfər şahid var. Amma onların hamısı polis əməkdaşlarıdır.

Oqtay Gülalıyevin sözlərinə görə, bütün bunlar haqda Arzu Dadaşdəmirova da danışıb. O, məhkəmə getdiyindən işə müdaxilə edə bilmədiklərini, işgəncə iddialarının isə araşdırıldığını bildirib. Amma Gəncə işi üzrə irəli sürülən ittihamları müdafiə edib.

Talanlar, yanğınlar, iğtişaşlar harda olub?

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb. Onlardan yalnız 2 qrupun məhkəməsi başa çatıb. Mühakimə olunanlara 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilənlər əsasən zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiqi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlar maddəsi ilə ittiham ediliblər.

2018-ci il iyulun 3-də Gəncənin ozamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Bu hadisədən bir həftə sonra Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında toqquşma olub.

Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Amma təqsirləndirilənlər bu ittihamları rədd edirlər. Gəncə hadisələrində təqsirləndirilənlərin 98 nəfərə yaxını prezidentə, baş prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət göndərib. Onlar işin düzgün araşdırılmasını tələb ediblər.

XS
SM
MD
LG