Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:57

Haruki Murakami: 'Yazanda öz içimdəki qəribə, gizli yerlərə gedirəm'


H.Murakami
H.Murakami

Tanınmış yapon yazıçısı «The Independent»ə müsahibəsində yaradıcı prosesin qəribəliklərindən, intizamlı olmanın təxəyyülü azad etməsindən, istehzaya sevgisindən və yeni «Komandorun qətli» romanından danışıb.

«Komandorun qətli» romanında özü-özünə çalan qəribə bir zəng, boyu 60 santimetr olan bir kişinin bədənini rəsmə gömən abstrakt ideya və yeraltı dünyaya səyahətdən bəhs edilir. Bir məqamda müəllifin özü də yazır ki, «bəzi şeylər heç bir məna vermir».

Ancaq bu, Murakamidir. Onun son dərəcə populyar romanları realla sürreal, dünyəvi və fantastik, adi həyat və qeyri-adi hadisələr arasındakı sərhəddə cərəyan edir. «Komandorun qətli» o qədər geniş və qarışıqdır ki, onu təsvir etmək çətindir. Ancaq əsər Murakaminin romanlarından bizə tanış bir çox mövzulara toxunur: romantik həyatın müəmması, tarixin çəkisi, sənətin üstünlüyü, idrakdan kənar əlçatmaz məfhumların axtarışı.

Murakaminin işləri 50 dilə tərcümə olunub. O, romanlardan başqa qısa hekayələr və publisistik kitablar yazır, ingilis dilindən yaponcaya kitab tərcümə edir.

69 yaşlı Murakami qaçışla ciddi məşğul olur və musiqi dinləyir.

«Bir gün düşündüm ki, onu yaza bilərəm»

Yazıçı yeni romanının ideyasını düşüncəsinin dərinliklərində bir yerdən çıxardığını deyir.

«Qəfildən ilk bir-iki abzası yazmaq istədim. Bundan sonra nə baş verəcəyini bilmirdim. Mən onu masamın siyirtməsinə qoydum və sadəcə, gözlədim.

…Sonra bir gün düşündüm ki, onu yaza bilərəm, yazmağa başladım və davam etdim. Doğru anı gözləsəniz, o gəlib sizi tapacaq. Sizə ideyanın gəlib çıxacağına əminlik lazımdır. Məndə isə bu əminlik var, çünki demək olar, 40 ildir ki, yazıram və bunun necə edildiyini bilirəm», – Murakami deyir.

Yazıçı yaradıcılıq prosesinin onun üçün necə getməsindən danışıb: «Mən öz işlərimi yazmayanda, tərcümə edəndə – bu isə gözlədiyim müddətdə görülə biləcək çox yaxşı işdir – yazıram, ancaq bu, öz romanım deyil. Bu, bir növ məşq, əl əməyi kimidir. Bundan başqa, mən qaçıram, musiqi dinləyirəm və ev işləri ilə məşğul oluram, məsələn, paltar ütüləyirəm. Yox, mən yazanda düşüncəm coşmur. Ümumiyyətlə, bu, əyləncəlidir».

Murakami onun işlərinə yazılan rəyləri oxumadığını deyir: «Ancaq həyat yoldaşım hər bir rəyi oxuyur, özü də yalnız mənfi rəyləri mənə ucadan oxuyur. O deyir ki, mən mənfi rəyləri qəbul etməliyəm. Müsbət rəylərsə heç kimin yadına düşmür».

Yazıçının kitabları sürreal və fantastik məqamlarla doludur. Bəs, görəsən, onun həyatı da belədir?

Bir gəncin arzusu

«Mən realist, praktik insanam. Ancaq bədii mətn yazanda daxilimdəki qəribə, gizli yerlərə gedib çıxıram. Gözlərinizi qapayıb öz daxilinizə baş vursanız, fərqli bir dünya görəcəksiniz. Bu, kosmosu öyrənmək kimidir, ancaq öz içinizdə. Bambaşqa bir yerə gedirsiniz, ora təhlükəli və qorxuludur, özü də geriyə qayıtmağın yolunu bilmək vacibdir.

İnsanlar daim mənə kitab haqda suallar verirlər: «Burda nəyi nəzərdə tutmusan?»; «orda nə demək istəmisən?». Ancaq qətiyyən heç bir şey izah edə bilmərəm. Mən özümdən, dünyadan metaforik danışıram. Metaforları isə izah və ya təhlil etmək olmur, bu formanı sadəcə qəbul etmək lazımdır. Kitab metafordur», – yazıçı vurğulayır.

Murakami daha öncə «Komandorun qətli» romanının «Böyük Qetsbi» romanına nəzirə olduğunu deyib. Bu romanı isə yazıçı 10 il öncə yapon dilinə tərcümə edib. «Qetsbi»yə Amerika arzusunun sərhədləri haqda faciəli hekayə kimi baxmaq olar. Bəs, Murakaminin yeni kitabında necədir?

««Böyük Qetsbi» ən sevdiyim kitabdır. Onu 17 ya 18 yaşım olanda, məktəbi yenicə bitirəndə oxumuşam. Hekayə mənə təsir edib, çünki bu, arzu və arzular gerçəkləşməyəndə insanların necə davranması haqqında kitabdır. Bu mənim üçün çox əhəmiyyətli mövzudur. Məncə, bu, hökmən Amerika arzusu deyil, daha çox bir gəncin arzusudur, ümumiyyətlə, arzudur», – o deyir.

«Mən yuxu görmürəm, bəlkə, ayda bir-iki dəfə, bəlkə də çox yuxu görürəm, ancaq yuxunu xatırlamıram. Ancaq mən yuxu görməli də deyiləm, çünki yaza bilirəm», – yazıçı söyləyir.

XS
SM
MD
LG