Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:03

Üç generaldan üçüncüsü (21-ci yazı)


Həbib bəy Səlimov
Həbib bəy Səlimov

19-cu və 20-ci yazılar «3 general» adlanırdı və cümhuriyyətin ordu rəhbərliyində təmsil olunan, onu qoruya bilməyən və sonra başı bəlalar çəkən 3 şöhrətli hərbçidən ikisinin- hərbi nazir Səməd bəy Mehmandarovun və nazir müavini Əliağa Şıxlinskinin faciəsindən söz açırdı. 21-ci yazı cümhuriyyətin Baş Qərargah rəisi Həbib bəy Səlimova həsr olunur.

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Hər nə qədər fakt və sübutlar ortaya qoyulsa da, yenə, tam ixtiyarsız, bir sual adamı içindən gəmirir: Elə şöhrətli generalların yaratdığı ordu niyə, əslində, döyüşsüz təslim oldu?

Onlar nəyə ümid edir, nəyə inanırdılar və 1920-ci ilin aprelində hansı gerçəkliklə üz-üzə qalmışdılar?

Qarşılayın. Növbə 3-cü generalındır.

3-cü general- Həbib bəy Səlimov-Əsgəran savaşının qəhrəmanı

Cümhuriyyət ordusunun Baş Qərargah rəisi Həbib bəy Səlimov hərb tarixinə bu adla – «Əsgəran savaşının qəhrəmanı» kimi düşüb. 18-ci yazıda polkovnik İsrafilbəyov bu döyüşü ətraflı təsvir etdiyindən qısaca xatırlatma yetər.

«Canınızla gənc Azərbaycan ordusunun namusunu qorudunuz!»

1920-ci il martın 22-də – Novruz bayramı günü milli ordunun parad keçirməsindən yararlanan daşnaklar Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün Əsgəran keçidini kəsiblər. Qiyamçılar top və pulemyotlarla silahlanıbmış. Onlara general Dro Kanayan komandanlıq edirmiş. Hərbiyyə naziri Səməd bəy Mehmandarovun əmri ilə Əsgəran cəbhəsinə güclü qüvvə ayrılır, 20 minədək əsgər və zabit göndərilir. Aprelin 2-də Həbib bəy Səlimovun komandanlığı ilə ölüm-dirim savaşı başlayır... Döyüş 12 gün davam edir, qarşı tərəf darmadağın edilir və sonda Cümhuriyyət Ordusu Şuşaya və Xankəndinə daxil olur. Qarabağ dağlarında Azərbaycan bayrağı qaldırılır. Hərbi nazir S.Mehmandarov cəbhəyə gəlir və əsgərləri bu sözlərlə təbrik edir: «Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm... Siz canınızla gənc Azərbaycan ordusunun namusunu qorudunuz!».

***Buna da bax-Xankəndini və Şuşanı daşnaklardan geri almış Azərbaycan generalı

Həbib bəy Səlimovun həyat tarixçəsi

General Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulub. Atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı çalışıb. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyanı da bitirib. O, 1900-cü ilin avqustunda orduya könüllü yazılaraq Yelizavetpol (Gəncə) süvari alayında xidmət edib, unter-zabit rütbəsi alıb. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında «Müqəddəs Vladimir» ordeni ilə təltif edilib. Həbib bəy 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib.

Cümhuriyyət ordusunun ilk baş qərargah rəisi

Cümhuriyyətin qurulması vaxtilə çar ordusunda xidmət etmiş azərbaycanlı zabitləri Vətənə meylləndirib. Həbib bəy də bu cazibədən qurtula bilməyib. 1918-ci ilin avqustunda Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın əmri ilə qurulan Azərbaycan korpusunda Həbib bəy Baş Qərargah rəisi təyin edilib. 1919-cu il fevralın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə polkovnik Həbib bəy Səlimova general rütbəsi verilib.

«Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq olmaz!»

Arxiv sənədlərində general Səlimovun milli ordunun formalaşmasında tarixi xidmətlərinin olduğu üzə çıxır. Onun Nuru Paşaya, Cümhuriyyət hökumətinə göndərdiyi raportlar qalıb. Bir raportda o, əsgərlərin əyalətlərdə ancaq yerli əhalinin hesabına yarıac-yarıtox yaşadığını ürəkağrısı ilə bildirir: «Əsgərlərə həmişə un şorbası yedirmək olmaz ki? Onuncu alayın çoxlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, paltarsız əsgər, əlbəttə ki, evə qaçmaq istəyəcək... Ordunu yedirmək, geydirmək və bolşevikləri nəzərdən qaçırmadan hər cür xəstəlikdən qorumaq lazımdır».

***Buna da bax-Üç general (19-cu yazı)

Qənimət – təyyarə!

Arxiv sənədləri milli ordunun ilyarımlıq fəaliyyətində Həbib bəyin daim ön cərgədə olduğunu deməyə əsas verir. Onun komandanlığı ilə 1919-cu ildə Muğanda və Lənkəranda Cümhuriyyət hökumətini tanımaq istəməyən silahlı qüvvələr darmadağın edilib. O, hətta düşməndən qənimət kimi götürdüyü bir təyyarəni (!), 24 topu və 60 pulemyotu Azərbaycan ordusuna təhvil verib.

Xankəndi, Laçın, Şuşa və Ağdam

Şəmistan Nəzirli müxtəlif arxivlərdən generalın vətənpərvər ruhda yazılmış raport, məktub və teleqramlarını tapa bilib. Həmin dövrdə vəziyyətin necə olduğu bu raportlarda bütün aydınlığı ilə sezilir. Həbib bəy bu raportlarda nələr yazmayıb?! Gənc cümhuriyyət hansı sınaqlarla üzləşməyib?! Sözügedən raportlar ürəyi vətən eşqi ilə döyünən bir zabitin harayıdır. Məktub və teleqramlar Həbib bəy Qarabağ Ərazi Qoşunlarının komandanı olan vaxt – qızğın döyüşlər gedən Xankəndi və Laçından, Şuşa və Ağdamdan yazılıb. Lütfən, diqqət yetirin! İndi sadalanan ərazilərin heç biri Azərbaycanın nəzarətində deyil...

«Hazırda dövlətin ehtiyatları düşmənlə müqayisədə həddindən artıq azdır»

«Bakı. General-leytenant Əliağa Şıxlinskiyə. Dünənki döyüş göstərdi ki, ermənilər bütün vasitələrdən istifadə ediblər. Əsgəran cəbhəsində Dilicandan gəlmiş, əla təlim edilmiş və çox gözəl döyüş aparan Dəli Qazarın partizanları bir yerə cəmləşiblər... məsələ çox ciddidir, artıq Ermənistan və Azərbaycan arasında Qarabağda gizli müharibə gedir. Hər tərəfdən patronlar tələb edirlər. Onların neçəyə olur-olsun, alınıb gətirilməsi vacibdir. Hazırda dövlətin ehtiyatları Gəncədən Araza qədər ərazidəki cəbhə üçün, düşmənlə müqayisədə həddindən artıq azdır. Ancaq etibarlı və yaxşı təşkil olunmuş partizanları müvəqqəti bizim tərəfə yönəldə bilərlər. General Həbib bəy Səlimov. 31 mart 1920-ci il».

Şuşadan sonuncu xəbər

«Azərbaycan» qəzetinin 15 iyun 1919-cu il sayında həmin başlıqla bir xəbər verilib: «Ermənilər səkkiz gün ara vermədən şose yolunu və ona yaxın olan kəndləri atəşə tutublar. General Həbib bəy Səlimovun avtomobili, ingilislərin avtomobili, sərnişinlə dolu 6 fayton, atla və piyada keçib gedənlər atəşə tutulmuşlar. Yalnız bir gün atəş kəsilmişdir».

«Cəsur və döyüş texnikasını gözəl bilən zabit»

1918-ci ildə Bakıda olan türk podpolkovnik Rüştü bəy «Böyük hərbdə Bakı yollarında» yazısında general Səlimovu «cəsur və döyüş texnikasını gözəl bilən zabit» kimi qiymətləndirir. Əlavə edir ki, Həbib bəy rus ordusunda yetişmiş zabitdir və döyüşlərdə cənub qrupuna komandanlıq edirdi.

***Buna da bax-Üç generalın ikincisi (20-ci yazı)

MTN arxivləri nə deyir?

Ş.Nəzirli MTN arxivində 1920-ci ilin mayında Həbib bəyin Naxçıvana hərbi komissar təyin olunması barədə sənədin olduğunu deyir. Hətta iyulun 19-da Naxçıvan şəhər general-qubernatorunun 3402 saylı möhürlü sənədi ilə onu Təbrizə orduya bəzi şeylər gətirmək üçün 14 günlüyə ezamiyyətə göndərdikləri də sənədlə təsdiqlənir.

«Qayıtdı»

Avqustun 26-da Naxçıvan İnqilab Komitəsinin sədri XI Ordunun xüsusi şöbə rəisi Semyon Pankratova yazılı məlumat verir ki, Həbib bəy Səlimov Təbrizdən qayıtdı və Qızıl Ordunun ehtiyac duyduğu məhsulları gətirib gəldi...

Həbs

Yəqin ki, bu, tutulmaq üçün işarə idi. Sentyabrın 1-də Həbib bəy həbs olunur. Onu Əsgəran, Qarabağ, Muğan və Lənkəran döyüşlərindəki xidmətlərinə görə ittiham edir, Nuru paşanın ordusunda bolşeviklərə qarşı döyüşlər aparmaqda suçlayırlar. İttihamda yazılır ki, o, Tiflis və Bakıda fəaliyyət göstərən əksinqilabi təşkilatın üzvüdür və bu təşkilat üsyana hazırlaşır... Guya general Vrangel Tiflis və Batumidəki əksinqilabçılara general Səlimov vasitəsilə silah göndərir... Guya Bakı quberniyasının Cavad qəzası İranın Şahsevən quldurlarının köməyi ilə üsyana hazırlaşır. Onlar general Səlimovdan da kömək alırlar... Beləcə, generalı niyə İrana ticarətə göndərdikləri su üzünə çıxır... Maraqlıdır ki, ona qarşı ifadə verənlərin biri Həbib bəyi «zəif komandan» da adlandırıbmış. Ş.Nəzirli Həbib bəyin əleyhinə yalançı ifadə verən həmin rotmistrin 6 il sonra Solovetskiyə sürgün edildiyini üzə çıxarıb.

İttihamlar:

Həbib bəy düz 3 ay yarım həbsxanada ona qarşı irəli sürülən yalançı ittihamları yazılı şəkildə rədd edir. Onu güllələməyə əsas verən «səbəblər» bunlardır:

İran məsələsi;

– 1919-cu ildə Lənkəran yürüşündə yerli əhalini soyub-talaması;

– Ağqvardiyaçı praporşik Dubinin, Nuru Paşa və Zeynalovla bağlantıları;

– Cümhuriyyət dönəmində bolşeviklərə nifrəti;

– Naxçıvanda xan və bəylərlə oturub-durması.

Naxçıvan camaatı: «Onun yaramaz hərəkətlərinə dözə bilmirik»

Üstəlik, həmin vaxt Az.ÇeKa mühüm şöbə katibinin Naxçıvandan təşkil etdiyi tarixsiz və imzasız çuğulçu məktubu gəlib çıxır və bu, güllələnmə hökmünü çıxarmağa «əsas verir». Sən demə, Naxçıvan camaatı «onun yaramaz hərəkətlərinə dözə bilmirik» deyirmiş...

«Güllələnsin!»

Hökm 1920-ci il dekabrın 19-da çıxır:

«Qərara alındı: Sovet hökumətinə qarşı çıxan Həbib bəy Yusif bəy oğlu Səlimov güllələnsin. Ondan alınan əmlak müsadirə olunsun və respublikanın gəlirinə keçirilsin».

Bolşeviklər general Səlimovu 1920-ci il dekabrın 30-da, saat 10:30-da güllələyiblər. Əmlakı müsadirə olunub. Həbib bəyin «iki desyatin torpağı və üç desyatin dədə-baba bağ sahəsi»ndən başqa heç nəyi olmayıb. Qardaşı ilə birgə yaşayan 39 yaşlı general heç evlənməyə də macal tapmayaraq güllələnib.

Bitmədi

«Üç general» yazısı sona çatır. Amma generalların qətliamı bununla bitmir. Ş.Nəzirli bolşevik işğalından sonra cümhuriyyət hökumətinin bütün generallarının güllələndiyini bildirir: «Mehmandarovla Şıxlinskini N.Nərimanov Bakıya gəlməmiş tutdular. Nərimanov mayın 15-i Bakıya gəldi. 1918-20-ci illərdə Azərbaycan ordusunda 21 general xidmət edib (Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov da daxil). Onların 19-nu güllələyiblər. Nərimanov 2 generalı ona görə Leninin yanına göndərdi. Nərimanovdan gizli, gecələr gəlib generalları yük maşınına qoyub aparıb güllələyirdilər... Ştabs-kapitan Kəngərlinin xatirələri var. Yazır ki, Tiflisdən məni Bakıya gətirdilər - Pankratovun idarəsinə. Pankratov xüsusi idarənin rəisiydi. Adam öldürmək onuncun adi bir iş idi. Kəngərli deyir məni Pankratovun idarəsinə gətirib həbs elədilər. Mehmandarov da ordaydı. Bir gün Sərkisov soyadlı bir nəfər içəri girdi. Dedi ki, siz üçünüz də ayaqyolu təmizləməyə gedəcəksiz. Biz hamımız dərhal ayağa durduq. Axı Mehmandarovun əsgərləriydik. İmkan vermək istəmərik ki, general ayaqyolu təmizləsin. Sərkisov tapançasını üstümüzə tutdu, dedi ki, hamınızı güllələyərəm. Mehmandarov gedəcək, saqqalı ilə təmizləyəcək...».

«12 general...48 min adam»

Daha bir sarsıdıcı fakt. Həmin dövrdə tutulan ştabs-kapitan Kəngərlinskinin xatirələrindən: «Şəxsən özümün yoxladığım siyahıya görə, bolşeviklərin Azərbaycandakı ağalığı dövründə ancaq hərbi rütbəlilərdən məhv edilənlər: generallar – 12, polkovnik və podpolkovniklər – 27, kapitan və ştabs-kapitanlar-poruçik və podporuçiklər – 46, praporşik və podpraporşik – 148, qalan 266 (hamısı müsəlmanlar). 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda «qırmızı terror»dan 48 min adam öldürülmüşdü ki, bunun da çox hissəsi ziyalıların payına düşürdü».

48 min rəqəmi daha bir kitabda

Daha bir fakt: Cümhuriyyət dövründə Azərbaycanın Gürcüstanda hərbi attaşesi olmuş, sonralar Türkiyədə də hərbi attaşe işləyən Ələsgər Ələsgərov «Azərbaycan faciəsi» adlı memuarında qeyd edib ki, 1920-ci ilin mayından 21-ci ilin avqustuna qədər Azərbaycanın 48 min ən görkəmli ziyalısı qırmızı terrorun qurbanı olub: «Onların arasında cümhuriyyət dövrünün generalları, zabitləri, Azərbaycanın ziyalı oğulları olub».

«Cümhuriyyət-100» davam edəcək

Növbəti yazı «Son iclas» aprelin 27-də AzadlıqRadiosunun saytında

XS
SM
MD
LG