Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:04

Ömürlük məhbusun "ölüm aclığı"na başladığı deyilir


►"Mən törətmədiyim cinayətin cəzasını çəkirəm."

Keçmiş icra başçısının oğlunu öldürməkdə təqsirli bilinən məhbus Qobustandakı qapalı həbsxanada aclıq aksiyası keçirir. Vüqar Əliyev Şəmkir rayonunun keçmiş icra başçısı, Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Anası Məlahət İsmayılova AzadlıqRadiosuna bildirib ki, oğlu oktyabrın 3-dən aclıq edir:

"Vüqar ona qarşı haqsızlığa etiraz olaraq, ölüm aclığı keçirir. Bildirib ki, ona qarşı ədalətsizlik aradan qaldırılmasa, ölənə qədər aclıq edəcək".

Vüqar Əliyev bununla əlaqədar dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov da daxil olmaqla, bir sıra dövlət strukturlarının rəhbərlərinə məktub göndərib.

Buna da bax: "Deyirlər 5 nəfərdən çox adamla görüşə bilməzsən"

“TÖRƏTMƏDİYİM CİNAYƏTİN CƏZASINI ÇƏKİRƏM”

"Mən Aslan Aslanovun təsirilə fiziki və psixoloji işgəncələrə, qeyri-insani rəftara məruz qalmışam. Son nəticədə də ədalətsiz, qərəzli məhkəmə hökmü ilə ən ağır cəzaya məhkum edilmişəm. Mən törətmədiyim cinayətin cəzasını çəkirəm. Sizlərdən də xahiş edirəm, mənə qarşı ədalətsizliyin aradan qaldırılmasına kömək edəsiniz. Uzun illərdir düçar olduğum ədalətsizliyə etiraz olaraq, oktyabrın 3-dən müddətsiz aclıq aksiyası keçirirəm", - deyə Vüqar Əliyev məktubunda yazır.

Hələlik Penitensiar Xidmətdən Vüqar Əliyevin aclıq aksiyasına münasibət almaq mümkün olmayıb.

Xatırladaq ki, Ruslan Aslanov 2003-cü il mayın 8-də qətlə yetirilib. Bu qətllə əlaqədar Şəmkir sakinləri Vüqar Əliyev və o zaman nişanlısı olmuş Lamiyə Quliyeva həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edilib.

Həbsdə olduğu müddətdə Lamiyə Quliyevanın cəzası iki dəfə artırılıb. Ötən ilin oktyabrında onun cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməsi mediada bir xeyli müddət müzakirə mövzusuna çevrildi. Bundan sonra prokurorluğun protesti ilə Bakı Apellyasiya Məhkəməsi Lamiyə Quliyevanın işinə yenidən baxdı və o, fevral ayında azadlığa buraxıldı. Vüqar Əliyev isə Qobustanda ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı həbsxanada cəza çəkməkdə davam edir.

XS
SM
MD
LG