Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'


Rachel Denber, Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının təmsilçisi
Rachel Denber, Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının təmsilçisi

“Avtoritar rejimlər insan hüquqlarının pozulmasını davam etdirdikləri halda, onların beynəlxalq qurumlardan maliyyə alması bir çox suallar doğurur”.

“Turan“ İnformasiya Agentliyinin xəbərinə görə, Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının təmsilçisi Reychel Denber (Rachel Denber) belə deyib.

O, dünən, oktyabrın 12-si Vaşinqtonda meqalayihələrin maliyyələşdirilməsi üzrə beynəlxalq qurumların rolu ilə bağlı dinləmələrdə çıxış edib.

Buna da bax: 'Gürcüstan işi' hesabatı açıqlandı

Tədbiri təbiəti qoruma və hüquq müdafiə təşkilatları təşkil edib. Dinləmələr zamanı beynəlxalq insan hüquq müdafiəçiləri və Azərbaycandan gedən şəxslər qlobal maliyyə müəssisələrini rəsmi Bakıya təzyiqləri gücləndirməyə səsləyiblər.

“Azərbaycan hökuməti bu addımları ona görə atıb ki...”

Reychel Denber Şahdəniz qazını Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycanda korrupsiya və insan hüquqlarına təsiri haqqında çıxış edib. O, qeyd edib ki, bu çoxmilyardlıq meqalayihəyə beynəlxalq investisiyalar Azərbaycanda korrupsiya və insan hüquqlarının pozulmasına yol açır. Onun fikrincə, bu cür layihələr yeri icmaların yoxsullaşmasına gətirib çıxarır və bərpa olunan enerji mənbələrinə vaxtında keçilməsinə mane olur.

Buna da bax: Avropa Məhkəməsi hökuməti 90 min avro cərimələdi

R.Denber deyib ki, Azərbaycan hökuməti yerli və beynəlxalq QHT-lərin bank hesablarını dondurub, bu sahədə qanunvericiliyi sərtləşdirib. Onun fikrincə, hökumət bu addımları ona görə atıb ki, vətəndaş cəmiyyəti şəffaflıq məsələləri ilə məşğul ola bilməsin, xarici donorlarla işləmək imkanlarını itirsin.

Müzakirələr zamanı Azərbaycanın insan haqları sahəsindəki problemlərə görə, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki üzvlüyünün dayandırıldığı bildirilib. Bununla belə, qeyd edilib ki, ötən ay rəsmi Bakı beynəlxalq konsorsiumla ölkənin ən böyük neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsi ilə bağlı müqavilənin müddətini uzadıb və milyardlarla yeni investisiyalar əldə edəcək.

“Ədalətli seçkilərin olmaması,...”

Müzakirə iştirakçıları arasında iki Azərbaycan nümayəndəsi - iqtisadçı Qubad İbadoğlu və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu da olub.

Q.İbadoğlu çıxışında deyib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi müddətinin uzadılması haqqında müqavilənin imzalanmasından bir ay keçib. Amma sövdələşmənin məzmunu açıqlanmayıb.

Buna da bax: Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

T.Yaqublu isə bildirib ki, uzun illər ərzində ölkənin vətəndaş cəmiyyəti və hüquq müdafiəçiləri daim artan təzyiq hiss edirlər.

Ölkədə ədalətli seçkilərin olmadığını deyən siyasətçi problemlərin bundan qaynaqlandığını vurğulayıb.

Xatırlatma

Azərbaycan rəsmiləri və onlara yaxın dairələr isə ölkədə korrupsiya iddialarını qəbul etmirlər. Onlar bildirirlər ki, iri korrupsiya əməllərində hakimiyyətdə təmsil edilən şəxslərin adının hallanması Azərbaycanı sevməyən, onun uğurlarına qısqanan qərəzli qüvvələrin uydurmasıdır.

Rəsmilər üstəlik, bildirirlər ki, ölkəyə gələn böyük neft pulları regionların inkişafına, yeni infrastrukturların yaradılmasına və insan kapitalına yönəlib. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi müddətinin uzadılması da ölkənin inkişafının sürətlənməsinə xidmət edəcək.

Rəsmilər mətbuata basqılar, QHT sektoruna təzyiqlərlə də bağlı fikirlərlə də razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycan sevməyən bir çox qüvvələr bəzi yerli QHT-lər vasitəsilə ölkədə gərginlik salmaq istəyirlər. Son illər bu sahədə qanunvericiliyə edilən dəyişikliklər də bu aspektdə dəyərləndirilməlidir.

Bütün bunlarla yanaşı, hakimiyyət təmsilçiləri seçkilərin ədalətli keçməməsi ilə bağlı tənqidləri də qəbul etmirlər. Bunu ölkəyə qərəzli münasibət kimi dəyərləndirirlər.

Hərçənd, ATƏT-in seçki missiyası bütün izlədiyi seçkilərdə prosesin bütünlükdə beynəlxalq standartlara cavab vermədiyini açıqlayıb.

ATƏT 2015-ci ildə keçirilən parlament seçkilərini çıxmaqla ölkədə 1995-ci ildən gerçəkləşən bütün xalq səsverməsini müşahidə edib.

Sonuncu seçkidə isə Azərbaycan hökuməti ilə müşahidə missiyasının sayında razılaşmadığından bütünlükdə prosesi izləməkdən imtina edib. Azərbaycan hökuməti seçkinin geniş tərkibdə izlənməsini istəməyib.

XS
SM
MD
LG