Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:04

Hündürmərtəbəli yaşayış binası, yoxsa şahmat məktəbi?


Ekskavator. Foto illüstrasiya.
Ekskavator. Foto illüstrasiya.

«Ətrafımızı hasarlayıb bizi hasarın dibində qoyublar. Burda minlərlə ailə yaşayır, minlərlə ailənin rahatlığı, mülkiyyət hüququ pozulur».

Asif Məhərrəmov küçəsindəki 46 saylı binanın sakini Damət Mirzəyev AzadlıqRadiosuna danışır ki, bir neçə gündür hansısa şirkət binalar arasında hündürmərtəbəli bina tikməyə hazırlıq işləri görür. Ərazi hasarlanıb, binalara gediş-gəliş məhdudlaşdırılıb, sakinlər avtomobillərini ətraf binaların həyətlərində saxlamalı olub:

***Buna da bax-'Vətən' kinoteatrının sökülməsi köhnə bakılıları dilə gətirib

«Bilmirik, hansı şirkətin işçiləridir, həyətdə peyda olublar, özlərindən razı, nə istəyirlər edirlər. Deyirlər, «xoşunuz gəlmir, köçün, gedin, yeri şefimiz alıb». Şef kimdir, kimin adamıdır, arxasında kim dayanır, bilmirik. Deyirlər, «əlimizdə sərəncamımız var, iki binanın arasında hündürmərtəbəli tikəcəyik»».

«XALQIN BAŞINDA SINAN OYUN»

Buradakı binalar «xruşşovka» layihəli 4-5 mərtəbəli köhnə binalardır. Bir müddət öncə Nəsimi rayon İcra Hakimiyyətindən binalarda yaşayanlara bildiriş gəlib ki, köçlərini tutsunlar, binalar söküləcək. Ancaq sakinlər deyir, bu hündürmərtəbəli binanın tikintisinin köhnə binaların söküntü layihəsiylə əlaqəsi yoxdur.

***Buna da bax-'60 mənzil 90 nəfərə satılıb, indi də qaçıb gizləniblər'

Sakin Cavad Məcidov:

«Bunlar 50-ci binayla 46-cı binanın arasında 20-mərtəbəli bina tikmək istəyirlər. Bizim yaşadığımız binaları söküb bir hissəsini tikəcəkləri öz binalarının həyətinə qatmaq fikrindədirlər. Açıq-aydın deyirlər ki, «bizim tikintinin sizin söküntü ilə əlaqəsi yoxdur. Sizin binaların yerinin bir hissəsi bizə satılıb». Belə çıxır ki, köhnə binaların sökülməsi xalqın başında sınan bir oyundur. Binaların yerini satırlar, həyətini satırlar, kiçik bir hissə saxlayırlar ki, birbloklu bina tikib hamını ora yığsınlar».

«HEÇ NƏ EDƏ BİIMƏDİK»

50-ci binanın sakini Aqşin Zeynalov:

«Yeni binanı 46-cı və 50-ci binaların arasında tikirlər. Artıq tikintiyə başlanılıb. Mayın əvvəli - tikintiyə başlanan ilk gün gərginlik, qarşıdurma oldu, polisi tökdülər, kişiləri hədələdilər ki, «bir adam yaxın dursa, cibindən narkotik çıxacaq». Belə, əl-qolumuzu bağladılar. Heç nə edə bilmədik. Həyətimiz müharibədən çıxmış ərazini xatırladır. Özül qazarkən bizim binanı qəzalı vəziyyətə salıblar. Uşaqların yelləncəklərini, «besedka»ları vəhşiliklə dağıtdılar. Traktorları həyətə salıb skamyaları kürüdülər».

***Buna da bax-200 minlik evdə də pandus problemi olanda...

Sakinlərin deməsinə görə, Nəsimi rayon İcra Hakimiyyətindən onlara ərazidə gah məktəb, gah uşaq bağçası tikildiyi bildirilib. Tikintini aparan şirkətin əməkdaşları isə hündürmərtəbəli yaşayış binası tikdiklərini deyiblər.

«ŞAHMAT MƏKTƏBİ TİKİLİR»

Lakin Nəsimi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, ərazidə işləyənlərin sakinlərə dediyi yalandır:

«Sakinlər də bir az küyə gedirlər. Orada dördmərtəbəli şahmat məktəbinin tikintisinə başlanıb. Sabah orada şahmat məktəbi fəaliyyətə başlayanda sakinlər nə deyəcək? Bir az səbirli olsunlar, hay-küylə deyil, bu, dövlət layihəsidir. Məktəbi dövlət tikir. Heç bir binanın həyətinə, ərazisinə müdaxilə olmayıb. Məktəb boş sahədə tikilir».

Lakin qurumdan məktəb tikintisini hansı şirkətin gerçəkləşdirdiyi bildirilməyib.

İcra hakimiyyətindən o da bildirilib ki, sakinləri rahatsız olan, istismar müddəti keçmiş binalar da söküləcək, yerində müasir tələblərə cavab verən hündürmərtəbəli binalar tikiləcək, sakinlərə həmin binalardan mənzil veriləcək.

XS
SM
MD
LG