Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

​​​​​​​İkili vətəndaşlığı olan taciklər müharibəyəmi getsinlər, yoxsa...


Düşənbədə bilet növbəsi, aprel, 2021-ci il
Düşənbədə bilet növbəsi, aprel, 2021-ci il

Çağırış vərəqəsi alan kimi əşyalarını toplayan bu şəxs gecə saat 2-də bir neçə başqa ikili vətəndaşlığı olan taciklə birlikdə ölkəsinə yola düşüb

Son illər yüzminlərlə tacikistanlı daha yaxşı iqtisadi imkanlar naminə Rusiya vətəndaşlığı da alıb. Ancaq Kreml Ukraynadakı müharibəyə görə qismən səfərbərlik elan edəndən bir çoxları sərt seçim qarşısında qalıblar. Çağırış yaşında olan taciklər ya müharibəyə getməli, ya da yoxsulluq içində olan ölkəsinə qayıtmalıdırlar.

Rəşid belə bir dilemma ilə üzləşmiş tacikistanlılardan biridir.

Mobil telefon satmaq

“Burada həyatımız nisbətən rahatdır. Tacikistana qayıtsam, valideynlərimlə qalacaq, yenə mobil telefon satacağam. Ancaq düzünü desəm, müharibəyə göndərilməkdən qorxuram. Nə edəcəyimi bilmirəm”, – soyadını deməyən Rəşid AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Farangiz Nacibullaha danışıb.

Rəşid həyat yoldaşı və yeni doğulmuş oğlu ilə 2019-cu ildən Rusiyanın Tatarıstan Respublikasında yaşayır. O iki il öncə Kazan Federal Universitetindən məzun olub, informasiya texnologiyası sahəsi üzrə dərəcə və Rusiya pasportu alıb.

Universiteti bitirəndən sonra Tacikistana qayıdan Rəşid ixtisası üzrə iş tapa bilməyib. Əvəzində ilyarımadək mobil telefon mağazasında işləyib, aya 90 dollara yaxın pul qazanıb.

Bir çox taciklər kimi, Rəşid də Rusiyada genişmiqyaslı irqçilik və korrupsiya ilə üzşlədiyini desə də, israr edir ki, “Rusiyada həyat Tacikistandan çox yaxşıdır”.

Ötən il 103 min tacikistanlı vətəndaşlıq alıb

Rusiya Prezidenti Vladimir Putin ötən ay qismən səfərbərlik elan edəndən minlərlə çağırış yaşlı rusiyalı ölkədən qaçıb.

Müharibəyə cəlb olunan ikili Tacikistan-Rusiya vətəndaşlarının dəqiq sayı bəlli deyil. Tacikistan vətəndaşlarına xarici hərbi münaqişələrdə iştirak etməməklə bağlı xəbərdarlıq edib. Ancaq tacikistanlı hüquqşünaslar belə xəbərdarlıqların ikili vətəndaşlara aid olmadığını söyləyiblər.

Rusiya və Tacikistan 1990-cı illərin ortalarında ikili vətəndaşlıqla bağlı saziş imzalayıblar. Əhalisi və işçi qüvvəsi azalan Rusiya son illər vətəndaşlıq almaq qaydalarını asanlaşdırıb.

Rusiya rəsmi statistikasına görə, 2021-ci ildə 103 mindən çox tacikistanlı Rusiya vətəndaşlığı alıb. Beş il qabaq bu rəqəm 30 min idi.

Orta aylıq maaş 150-200 dollar

Tacikistan keçmiş sovet respublikaları içində ən kasıbıdır, bir çox tacikistanlı daha yaxşı iqtisadi şərait üçün Rusiya vətəndaşlığı almağa can atır.

10 milyonadək əhalisi olan Tacikistanda orta aylıq maaş 150-200 dollardır. Ölkədə xroniki işsizlik, endemik korrupsiya hökm sürür.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2021-ci ildə Rusiyada 3 milyondan çox tacikistanlı rəsmi qeydiyyatdan keçib. Onların böyük əksəriyyəti Rusiyaya getmə səbəbini “iş” kimi göstərib.

Qayıdanlar da var

Ancaq bəzi taciklərin artıq Tacikistana qayıtmaq qərar verdiyi bildirilir. AzadlıqRadiosu orduya çağrılandan sonra Rusiyanın Qazaxıstanla quru sərhədi vasitəsilə Tacikistana qayıtmış bir nəfərlə danışıb.

Anonimlik şərtilə danışan, 28 yaşı olan həmin şəxs deyib ki, “Ukraynada müharibədə ölmək ehtimalıyla yoxsul ölkəsindəki kasıblıq və digər çətinliklər arasında” ağır seçim etməli olub.

Ancaq indi də qorxur ki, Rusiya vətəndaşlığını, bununla da “daha yaxşı gələcək” qurmaq şansını itirə bilər.

Rusiyanın bəzi siyasətçiləri hökuməti orduda xidmətdən imtina edənlərin Rusiya pasportunu almağa çağırıblar. Sentyabrda qəbul edilmiş yeni qanuna görə, fərarilik, yaxud döyüşməkdən imtinaya görə 10 ilədək həbs cəzası kəsilə bilər.

“Öldürülmək istəmirəm”

“Tacikistandan fərqli olaraq, Rusiyada yaxşı maaşlı iş çoxdur, səhiyyə xidməti, yaşam şərtləri daha yaxşıdır, krandan su gəlir, qaz var. Rusiyada özünə ev tikmək, yaxud almaq da daha asandır”, – həmin şəxs söyləyib.

“Bunların hamısı orada qaldı və bu məni incidir. Ancaq müharibəyə getməkdən çox qorxurdum. Öldürülmək istəmirəm. Başqalarını da öldürmək istəmirəm”, – o deyib.

Çağırış vərəqəsi alan kimi əşyalarını toplayan bu şəxs gecə saat 2-də bir neçə başqa ikili vətəndaşlığı olan taciklə birlikdə ölkəsinə yola düşüb.

“Qorxuram ki...”

Amma Furqat Aminjonov kimi daha ehtiyatlı davrananlar da var.

O, Rusiyada yaşam iznini ötən ay alıb. Bundan sonra Rusiya vətəndaşlığı üçün müraciətin yolu açılır. 34 yaşlı Furqat Tacikistanın şimali Suğd vilayətindəndir, dörd nəfərlik ailəsi ilə bu məqamı çoxdan gözləyirdi. İndi isə onun sevinci qeyri-müəyyənliyə çevrilib.

“Bir tərəfdən, Rusiya pasportu almaq istəyirəm və bu, ailəm üçün, xüsusilə də övladlarım üçün çox vacibdir. Digər tərəfdən, qorxuram ki, vətəndaşlıq alan kimi məni Ukraynaya göndərərlər”, – Aminjonov söyləyib.

XS
SM
MD
LG