Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:37

Prezidentin Vasif Talıbova dediklərini bu cür yozdular


İ.Əliyev V.Talıbovu qəbul edir.
İ.Əliyev V.Talıbovu qəbul edir.

Dövlət başçısı İlham Əliyev noyabrın 18-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edib. Dövlət başçısı maliyyə və iqtisadi sahələrdə Naxçıvanda da şəffaflığın təmin edilməli olduğunu vurğulayıb. O deyib ki, bu ilin 10 ayında büdcə gəlirləri plandan əlavə 850 milyon manat artıb, bu vəsait sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır...

Deputat Zahid Oruc da «Turan» agentliyinə deyib ki, prezidentin bu günlərdə Naxçıvan Ali Məclisinin sədrini qəbul etməsindən bəzi nəticələr çıxarmaq olar:


«İlk növbədə bu, ölkənin həyatında 2019-cu ildə baş verən genişmiqyaslı islahatların Naxçıvanı da əhatə etməli olduğunu göstərir...».

Deputatın fikrincə, Naxçıvanda yeni iş yerlərinin yaradılması, iqtisadi cəhətdən gəlirlərin artması və bunun fonunda büdcədən asılılığın get-gedə azaldılması ən önəmli məsələlərdən biridir.

Z.Oruca görə, daha bir nəticə Naxçıvanın regional baxımdan Türkiyə, İran kimi dövlətlərlə iqtisadi əlaqələrini qurması ola bilər: «Yəni, Naxçıvan Türkiyə və İranla elə əlaqə qura bilər ki, nəinki Azərbaycandan hər hansı yardım istəməz, əksinə, bir sıra hallarda ölkənin özünə yardımçı ola bilər».

Z.Oruc
Z.Oruc

«İslahatlar Naxçıvanın həyatında da aparıcı bir xətti təşkil etməlidir»

Z.Oruc deyib ki, büdcə şəffaflığı da çox önəmli bir məsələdir. Onun fikrincə, ölkə rəhbəri bunu yalnız bir inzibati subyektə deyil, bütövlükdə hər bir icra hakimiyyətinə, dövlət orqanına yönəlik çağırış və ciddi bir tələb kimi irəli sürür: «İndiki halda islahatlar Naxçıvanın həyatında da aparıcı bir xətti təşkil etməlidir. Əminəm ki, prezidentin qəbulundan çıxan nəticələr qarşıdakı dönəmdə çox sürətli şəkildə Naxçıvanın həyatında özünü göstərəcək. Azərbaycanın seçdiyi bu yeni mərhələdə onun coğrafiyası vahid bir tam olaraq iştirak edəcək».

Deputat hesab edir ki, ilk növbədə büdcə tərtibi şəffaf olmalıdır. Onun qeyd etməsinə görə, bu il büdcə sistemi haqqında qanunvericilikdə yeni yanaşmalar tətbiq edilib, hökumət həmin müzakirələri parlamentdə aparmaqdadır. Deputata görə, bu prosesdə vətəndaşların, media qurumlarının aktiv iştirakını təmin etmək lazımdır.

«Sonra konkret məqamlara toxunsa idi...»

İqtisadçı Rövşən Ağayev isə deyib ki, dövlət başçısının Naxçıvan Ali Məclisinin sədri ilə görüşündə «şəffaflıq» dedikdə vurğunu nəyin üzərinə qoyduğunu müəyyən etmək çətindir: «Əgər sonra konkret məqamlara toxunsa idi, hansısa sahələrdə problemlər olduğunu desəydi, onu şərh etmək olardı».

İqtisadçı deyib ki, ümumilikdə şəffaflıq anlayışının standartları, beynəlxalq yanaşması var: «Şəffaflığın iki tərəfi var. Bir tərəfdə idarəçilik, qərar qəbulu, qəbul edilən qərarların açıqlığı. Digər tərəfdən qərarın qəbulu və nəticələri ilə bağlı bütün informasiyaların sadə vətəndaşlardan vətəndaş institutlarına, mediaya qədər açıqlığı, hesabatlılığı nəzərdə tutulur».

R.Ağayev
R.Ağayev

«Hakimiyyəti üçün şəffaflıq çox ciddi problemdir»

R.Ağayev ehtimal edib ki, prezident də elə bu məqamları nəzərdə tutub: «Bu, təkcə Naxçıvanla bağlı məsələ deyil. Bütövlükdə Azərbaycanda hakimiyyəti üçün şəffaflıq çox ciddi problemdir. Şəffaflığın təmin olunması üçün çox ciddi işlər görülməlidir. İstər qərarların qəbulunda, istər qəbul edilmiş qərarların icrasında, istərsə də hesabatların verilməsində, iqtisadi proseslərlə bağlı statistik məlumatların əhaliyə çatdırılmasında».

R.Ağayevin deməsinə görə, Azərbaycanda elə maraq qrupları var ki, məşğul olduğu sahəyə, çalışdığı müəssisəyə nə qədər vəsait ayrıldığını bilmirlər, bu barədə məlumatları yoxdur: «Belə məlumatlar yoxsa, deməli, şəffaflıq yoxdur».

R.Ağayev deyib ki, şəffaflıqla bağlı ən çox problem büdcə məsələsində, xərclənmə istiqamətlərindədir. Onun qeyd etməsinə görə, investisiya xərclərinin detallı bölgüsü görünmür. İqtisadçının sözlərinə görə, təhsil, səhiyyə sahələrində hesabatlılıq yoxdur.

R.Ağayev vurğulayıb ki, Nazirlər Kabineti ildə bir dəfə parlamentə hesabat verir, amma həmin hesabatın mənbələri məlum deyil, bu hesabat da kitab halında deputatlara paylanılır: «Bu necə şəffaflıqdır?»- iqtisadçı sual edib.

XS
SM
MD
LG